Azərbaycan Müdafiə Nazirliyinin cəbhə xəttindəki vəziyyətlə bağlı mətbuata gündəlik açıqlamalarından da aydın görünür ki, ordumuzun döyüş-əməliyyat hazırlıqları yüksək səviyyədədir. Xüsusən Azərbaycan Ordusunun son iki ayda Ermənistan hərbçilərinin 4 mühüm hərbi qərargahını darmadağın etməsi, eyni zamanda, onlarla canlı qüvvəsini və kəşfiyyat-diversiya qruplarını, ağır texnikasını məhv etməsi sosial şəbəkələrdə videomaterial kimi nümayiş olunub.
Bu, əslində cəbhə xəttində aparılan döyüşdür və Ermənistan tərəfi bu döyüşlərin aktiv formaya keçməsindən çox ciddi şəkildə narahatdır. Ona görə ki, Ermənistanın siyasi və hərbi rəhbərliyi yaxşı anlayır ki, döyüş meydanında Azərbaycan Ordusuna qalib gəlmək mümkün deyil.
Burada bir mühüm məqama da diqqət yetirmək lazımdır ki, ermənilər Azərbaycan Ordusunun ən müasir silahları qarşısında aciz duruma düşdüklərini etiraf etmək məcburiyyətində qaldılar. Həmçinin erməni ictimaiyyəti öz hərbi qüvvələrinin Azərbaycan Ordusundan həm təchizat, həm də peşəkarlıq baxımından bir neçə dəfə geridə qalmasından narahatlıq keçirərək həyəcan təbili çalırlar.
Ordumuz idarə olunan DRON tipli pilotsuz uçan qırıcılarla kifayət qədər təmin edilib. Məhz onların sayəsində Ermənistan hərbi birləşmələrinin qərargahları darmadağın edilib. Azərbaycan dövləti işğal altındakı torpaqlarını azad etmək üçün çox ciddi hərbi proqramlara malikdir və onların icrası uğurla davam edir. Xüsusən bu proqramlarda əsas hədəf hərbi sənaye kompleksinin inkişafını ən yüksək səviyyəyə çatdırmaqdan ibarətdir. Prezident İlham Əliyevin əminliklə dediyi kimi, Azərbaycan dövləti işğal altındakı torpaqlarının azad edilməsi üçün çox ciddi hazırlıq işləri aparır. Burada ilk növbədə peşəkar ordu quruculuğu diqqət mərkəzindədir. Xüsusilə Azərbaycan Ordusunun ən müasir silahlarla təchizatı davam edir. Hətta l Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun (SİRRİ) ötənilki məlumatına görə, Azərbaycan Ordusu Ermənistan ordusundan bir neçə dəfə artıq müasir silahlarla təmin olunub. Bu beynəlxalq təşkilatın araşdırmasına görə, əgər müharibə başlasa Azərbaycan Ordusunun silah zənginliyi Ermənistanı məğlub duruma salmağa qadirdir.
Azərbaycan Ordusunun qüvvətlənməsinin çox mühüm səbəbi ölkəmizin müdafiə sənayesinin vaxtında yaradılmasıdır. Məhz Prezident İlham Əliyevin 16 dekabr 2005-ci il tarixli Sərəncamı ilə yaradılan Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi bu gün nəinki Azərbaycan Ordusunu müasir silah və hərbi texnika ilə təmin edir, hətta məhsullarını dünya bazarlarına çıxarır.
Əgər bu gün Ermənistan silah idxalında xarici ölkələrdən tamamilə asılı vəziyyətdədirsə Azərbaycan silahlarının müəyyən hissəsini özü istehsal edir. Çox mühüm faktdır ki, 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə bu ilin 6 ayında müdafiə sənayesi məhsulları istehsalında davamlı artım müşahidə olunub. Artıq bu gün nazirliyin istehsal etdiyi müdafiə təyinatlı məhsulların çeşidi 1200-ə çatdırılıb.
Sevindirici faktdır ki, 2016-cı ildə "Tufan" zirehli maşını uğurla sınaqdan çıxdı. Minaları dəf edən və 10 nəfərədək döyüşçünü tam təhlükəsiz şəraitdə daşıyan, üzərində iriçaplı pulemyotlar quraşdırılan bu texnika Azərbaycan Ordusunun döyüş qabiliyyətini artırmağa təkan verib. Eyni zamanda "Yalquzaq" adlanan snayperlər də uğurla sınaqdan çıxmaqla dünya bazarında özünə geniş alıcı qazanıb.
Bunlardan başqa, yeni yaradılaraq sınaqdan yüksək səviyyədə keçən və seriya istehsalına başlanılan "Zərbə KM" ( təsir gücü artırılmış qəlpəli-fuqaslı) pilotsuz uçuş aparatının yeni növü olan, düşmənin canlı qüvvəsini, hərbi texnikasını və hərbi obyektlərini 100 kilometrlik məsafədən müəyyənləşdirərək məhv edən pilotsuz uçuş aparatının yaradılması istiqamətində işlər aparılır.
Nazirliyin çox önəmli layihələrindən biri də yüksək impluslu elektro-maqnit şüa verən aviasiya bombasının yaradılmasıdır. Artıq bu istiqamətdə işlərə start verilib və 2020-ci ilədək onun istehsalına başlanılması planlaşdırılır.
Məhz Azərbaycan Ordusunun 2016-cı ilin aprelindəki zəfər döyüşlərində Silahlı Qüvvələrimiz öz istehsalımız olan silahlardan, xüsusən də pilotsuz uçuş aparatlarından istifadə etməklə düşmənin hərbi qərargahlarını darmadağın etmiş, onlarla hərbçisi məhv edilmişdi. Azərbaycan dövlətinin müdafiə xərclərini davamlı olaraq artırması da hərbi sahəyə çox böyük önəm verməsinin təsdiqidir. Ölkənin dövlət büdcəsində müdafiə xərcləri 5 milyard manatdan çoxdur. Bu isə ümumilikdə Ermənistanın dövlət büdcəsinə bərabərdir.
Daha bir məqama diqqət yetirək: həm yerli, həm də xarici KİV-də davamlı olaraq xəbərlər yayılır ki, cəbhə xəttində gərginlik yaradan ermənilər növbəti hərbi təxribatlara əl atmaq istəyirlər. Təbii ki, ermənilər istəyə bilərlər, ancaq cürətləri çatmaz. Ona görə ki, Azərbaycan Ordusu bütün parametrləri ilə Ermənistan ordusundan dəfələrlə güclüdür.