Azərbaycanda daha 120 dövlət əmlakı hərraca çıxarılıb

Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) avqustun 22-də dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı daha bir hərrac keçirəcək.

İctimaifikir.az Komitəyə istinadən xəbər verir ki, hərraca 20 səhmdar cəmiyyəti, 23 kiçik dövlət müəssisə və obyekti, 64 istifadəsiz qeyri-yaşayış sahəsi və 13 nəqliyyat vasitəsi olmaqla ümumilikdə 120 əmlak çıxarılıb.

Bu əmlaklarla aşağıdakı linkdən istifadə etməklə tanış olmaq olar:

http://privatization.az/index.php/az/component/content/article?layout=edit&id=2218

Hərraca çıxarılan səhmdar cəmiyyətləri məişət, təmir-tikinti, sənaye, aqrar, nəqliyyat, inşaat, istehsal və s. sahələrə aiddir. Müxtəlif şəhər və rayonlarda yerləşən belə iri müəssisələr sırasında "Goranboy Sənaye İnşaat”, "Azinterservis”, "Şamaxı Dəmir Beton”, "Kürdəmir Kəndkimya Təchizat”, "Sumqaylt Kimya Tikinti”, "Tərtər Konserv” kimi müəssisələr var.

Hərraca çıxarılan kiçik dövlət müəssisə və obyektləri isə paytaxtla yanaşı, Qazax, İmişli, Göyçay, Yevlax və digər bölgələrdə yerləşir. Onların bir çoxunun torpaq sahəsi və üzərindəki tikili ayrı-ayrılıqda qiymətləndirilib.

Hərraca çıxarılan qeyri-yaşayış sahələrinə gəlincə isə onların arasında ən yüksək qiymətə - 150 min manata təklif olunanı paytaxtın Xətai rayonunda yerləşir. Yüksək start qiyməti təyin olunan digər əmlak isə Gəncədəki "Xronika” kinoteatrıdır. Bu əlakın özəlləşdirilən torpaq sahəsi 978,7 kv.m-dir və o, torpaq sahəsi ilə birlikdə 116,25 min manat ilkin satış qiyməti ilə hərraca çıxarılıb. Şəmkir rayonunda yerləşən və torpaq sahəsi 3 269,3 kv.m. olan yun qəbulu məntəqəsi isə 49,5 min manata təklif olunur.

Hərraca çıxarılan 13 nəqliyyat vasitəsi müxtəlif dövlət qurumlarının balansında olan, lakin xidməti istifadədən çıxarılmış avtomobillərdir. Bunlar "Nissan Altima”, "Hyundai Sonata”, "Chanqan SC-6391FA”, "QAZ-13” kimi nəqliyyat vasitələridir. Hər bir avtomobilin fotosu və müvafiq məlumatlar hərrac günündən 1 ay əvvəldən komitənin özəlləşdirmə portalında əks olunur.

Qeyd edək ki, komitə tərəfindən istifadəyə verilən "Elektron hərrac” xidməti hal hazırda nəqliyyat vasitələrinin və avadanlıqların elektron hərrac vasitəsilə özəlləşdirilməsi prosedurunu özündə birləşdirir. İstənilən vətəndaş bu xidmətdən istifadə etməklə online olaraq hərracda iştirak edə bilər. Nəqliyyat vasitələrinin siyahısına baxmaq üçün aşağıdakı keçiddən istifadə etmək kifayətdir:

http://privatization.az/index.php/az/component/content/article?layout=edit&id=2219




[email protected]