Şəhid ailələrinə ödəniləcək “qan pulu” yenidən gündəmdə

Etimad Əsədov: "Bu vəsaitə haqqı çatan insanların bir çoxu artıq dünyasını dəyişib”; Fərəc Quliyev: "Məsələ Milli Məclisdə dəfələrlə qaldırılıb, sadəcə, hökumət qərarı icra eləməlidir”

Vəkil Aslan İsmayılovun sosial şəbəkədə paylaşdığı status günün əsas müzakirə mövzularından birinə çevrilib. Dövlət məmurlarının uzun illər ərzində dövlət büdcəsindən mənimsədikləri vəsaitlərə toxunan vəkil şəhidlərin ailələrinə ödəniləcək ümumilikdə 180 min manat vəsaitin tapılmamasına qəzəbini ifadə edib.


Sitat: "Keçmiş Metropoliten rəisi Tağı Əhmədovu çoxları kimi mən də xalq malını ən çox qamarlamış məmurlardan biri kimi tanımırdım. Ancaq yenə də mətbuat yazır ki, Tağı Əhmədov fəaliyyəti dövründə 200 milyon manatdan artıq pul mənimsəyib. İllərdir daim gündəmə gətirdiyim Qarabağ müharibəsində həlak olmuş hərbi qulluqçuların ailə üzvlərinə çatacaq 11 min manat isə bu günə qədər də ödənilmir. Uzun müddət bunu qanunda olan boşluqla izah etdilər. Nəhayət, 28 yanvar 2014-cü ildə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi bu məsələdə son nöqtəni qoydu və 11 min manatın ödənilməsinin qanunun tələbi olduğunu göstərdi. 4 ilə yaxın müddət keçsə də həmin məbləğ yenə də ödənilməyib. Həmin pulları alacaq şəhid valideynlərinin də əksəriyyəti artıq vəfat edib, onların balaları da qocalıb, ancaq pullar yenə ödənilməyib. Bu məsələ ilə bağlı qeyri-rəsmi maraqlanmışam və bəlli olan odur ki, Maliyyə Nazirliyi bütün şəhid olmuşların qan pulunu ödəmək üçün bu illər ərzində təxminən 180 mln. manat tapa bilmir. Bu illər ərzində isə məmurlar 180 milyonları yox, milyardları mənimsəyiblər”.


Musavat.com olaraq biz də mövzunu yenidən gündəmə gətirib , bu vəsaitlərin nə zaman ödəniləcəyinə işıq salmağa çalışdıq. 


"Qarabağ qaziləri” birliyinin sədri Etimad Əsədov "Yeni Müsavat”a açıqlamasında bildirdi ki, bu, çox acınacaqlı məsələdir: "Şəhid ailələrinə 11 min manat, I qrup müharibə əlillərinə 8800 manat, ikinci qrup əlillərə 6600 manat, üçüncü qrup əlillərə isə 4400 manat verilməli idi. Konstitusiya Məhkəməsinin 2014-cü ildə verdiyi qərara görə, qəti surətdə qətnamədə əksini tapıb ki, həmin vəsait ödənilməlidir. Qısa zaman kəsiyində bunun verilmə qaydası Milli Məclis tərəfindən müəyyənləşdirilməlidir adı ilə Milli Məclisə tövsiyə xarakterli bir bənd oraya atılıb. ”Azərsığorta" şirkəti həmin bəndi əsas gətirərək bu pulun ödənilməsini dayandırıb".


Qarabağ qazisinin sözlərinə görə, Konstitusiya Məhkəməsinin qətnaməsində nəzərdə tutulan "qısa zaman” ifadəsinin üzərindən 4 il ötsə də, heç bir irəliləyiş yoxdur: "Parlament də bu məsələyə baxmır. Qətnamədə konkret olaraq, ”qısa zaman kəsiyində" ifadəsi işlədilib. Bu qərarın verilməsindən 4 il ötüb, düşünürəm ki, bu heç də qısa zaman kəsiyi deyil. Bizim insanlarımız gözləyir. İqtisadi vəziyyət pisləşəndən sonra şəhid ailələrinin və Qarabağ əlillərinin də problemləri artdı. Onlar arasında da kredit borcu olanlar var idi. İndiki şəraitdə həmin insanların bu vəsaitə çox kəskin ehtiyacı var. Azərbaycanın iqtisadi cəhətdən yetərincə güclü bir dövlətdir. Həm də hərbi cəhətdən regionun qüdrətli dövlətlərindən biridir. Ancaq bu vəsaitlərin verilməməsi çox pis bir haldır. Necə olur ki, Qarabağ müharibəsində ölüb cəhənnəmə gedən ermənilərin ailələrinə hökumət 20 min dollara yaxın pul verir, şikəst olanlara 10 min dollar civarında pul ödənir, ancaq onlardan qat-qat güclü olan Azərbaycanda bu vəsaitlər illərdir ödənilmir".


E.Əsədovun sözlərinə görə, bu vəsaitə haqqı çatan insanların bir çoxu artıq dünyasını dəyişib: "2000 min nəfərdən artıq Qarabağ müharibəsi əlili dünyasını dəyişib, şəhid ailələrindən də bir çox insanlar dünyasını dəyişib. Onlar həmin vəsaitləri nə vaxt alacaqdılar? İndi həmin insanların övladları böyüyür, onların qarşıda təhsili, ailə qurmağı var. Bu vəsait onların xeyir işində yardımçı ola bilər. Hazırda həmin ailələrin buna çox böyük ehtiyacı var. Necə ola bilər ki, sənə verilən həyatı gedib Vətən, xalq yolunda qurban verəsən, ancaq dövlət sığorta pulunu ailənə verməyə? Məmurlar və millət vəkilləri bu məsələyə laqeyd yanaşırlar. Bu çox utancverici haldır”.

Image result for Milli Məclisin deputatı Fərəc Quliyev


Milli Məclisin deputatı Fərəc Quliyev isə bu işin artıq Nazirlər Kabinetinin səlahiyyətində olduğunu qeyd etdi: "Bu məsələ Milli Məclisdə dəfələrlə qaldırılıb, müzakirə olunub. Bununla bağlı qanunvericilik bazası yerindədir. Lazım olan qanunlar da qəbul olunub, hətta məhkəmə qərarları da var. Sadəcə olaraq, Nazirlər Kabineti bu qərarların icrası ilə bağlı işlər görməlidir. Şəhidlər, əlillər, Qarabağ qaziləri ilə bağlı mütəmadi tədbirlər görülməlidir. Hökumət son illərdə yaşanan inflyasiyanı və manatın dəyərdən düşməsini nəzərə alaraq, həmin vəsaitləri indeksləşdirə bilər. Ancaq qanunda belə bir hal nəzərdə tutulmayıb. İlk növbədə həmin vəsaitlərin qaytarılması təmin olunmalıdır”.




[email protected]