"Dağlıq Qarabağ münaqişəsi MDB məkanında birliyə mane olan əsas məqamdır"

"MDB ərazisindəki qanlı münaqişələrdən çıxış yolu hələlik görünmür".

İctimaifikir.az xəbər verir ki, bunu report-a açıqlamasında Rusiya prezidenti yanında insan haqqları və vətəndaş cəmiyyətinin inkişafı məsələləri üzrə Şuranın üzvü, tanınmış siyasətçi və publisist İrina Xakamada deyib.

"Dağlıq Qarabağ münaqişəsi MDB məkanında birliyə mane olan əsas məqamdır"

Onun sözlərinə görə, Dağlıq Qarabağ və postsovet məkanındakı digər münaqişələr bir zəncirin halqalarıdır: "Dağlıq Qarabağ postsovet məkanında birliyə mane olan əsas məqamdır. Mən artıq 10 ildir ki, bu problemlərlə məşğul olmuram və hansısa mühakimə yürütmək mənim üçün çətindir.

Hesab edirəm ki, Dağlıq Qarabağ, eləcə də Dnestryanı, Donbass, Abxaziya və Cənubi Osetiya hələlik çıxış yolu görünməyən ərazi mübahisələri, münaqişələrdir. Onların həlli barədə mənim şəxsi təsəvvürüm reallığa çevrilə bilmək üçün çox romantikdir".

Onun fikrincə, münaqişə ölkələrində millətçiliyin qızışdırılması onların həlli məsələsinə yardım etmir.

İ.Xakamada bildirib ki, Bakıda 10 il əvvəl olub: "Şəhər çox gözəldir, burada müxtəlif xalqların nümayəndələri, hətta ermənilər yaşayırlar. Rus dilinin Azərbaycanda bu dərəcədə inkişaf etməsi yaxşı haldır. Rus dili dövlət dili olmasa da, Bakıda bir növ regional dil rolunda çıxış edir. Bu da Rusiya və Azərbaycan arasında yüksək səviyyəli iqtisadi, mədəni-humanitar əlaqələrin nəticəsidir".

Rusiyalı siyasətçi Bakıdakı mühazirələri zamanı onunla ünsiyyətdə olan Azərbaycan gəncləri barədə də danışıb: "Azərbaycan gəncləri məni heyrətləndirdi. Onlar çox inkişaf etmiş, savadlı, öz ənənələrini yad edən və eyni zamanda, ümumilikdə dünyanın mənzərəsini görə bilirlər. Bilirəm ki, bir çox azərbaycanlı gənc Rusiyada təhsil alır. Hər kəs ən yaxşı hesab etdiyi sahədə təhsil alır. Dünya çoxdan qloballaşıb. Ona görə də sevindirici haldır ki, azərbaycanlı ailələr öz uşaqlarını Rusiyanın nüfuzlu ali məktəblərində təhsil almağa göndərmək üçün imkan tapırlar".




[email protected]