"Dünya ictimaiyyətinin buna səssiz qalması dəhşətli tarixi səhvdir" - Amerikalı politoloq

Dünya ictimaiyyəti Ermənistan silahlı qüvvələrinin Azərbaycanın suveren ərazisində törətdiyi zorakılıq aktlarını qınamalıdır.

İctimaifikir.az xəbər verir ki, bunu report-a amerikalı politoloq Piter Teys ermənilərin Füzuli rayonunun Alxanlı kəndini atəşə tutması nəticəsində 2 yaşlı qız və onun nənəsinin ölməsi, eləcə də bir sakinin yaralanmasıyla nəticələnən hadisəni şərh edərkən deyib.

"Dünya ictimaiyyətinin buna səssiz qalması dəhşətli tarixi səhvdir" - Amerikalı politoloq

"Avropa İttifaqı, Avropa Komissiyası və Ağ Ev rəhbərlərinin bu məsələyə səssiz qalması dəhşətli tarixi səhvdir, qəbuledilməzdir. Ermənilərin qətlə yetirdiyi uşaq Londonda, Parisdə və dünyanın digər yerlərində törədilən terror aktlarında ölənlər kimi günahsız idi. Dünya ictimaiyyəti ikili standartlarla ləkələnib. ATƏT-in Minsk qrupu isə zəif işinə və heç bir nəticə əldə edə bilmədiyinə görə uğursuz strukturdur", - P.Teys bildirib.

Qeyd edək ki, Ermənistan Silahlı Qüvvələri iyulun 4-də saat 20 radələrində Azərbaycanın işğal olunmuş ərazilərindən Füzuli rayonunun Alxanlı kəndinin mülki əhalisinin və mülki obyektlərinin ərazilərini mina və qumbaraatanlardan atəşə tutaraq mülki əhalinin qəsdən öldürülməsi və vətəndaşların şəxsi mülkiyyətində olan əmlaklarının qəsdən məhv edilməsi məqsədilə növbəti təxribat törədiblər.

Nəticədə Alxanlı kənd sakinləri - 1966-cı il təvəllüdlü Allahverdiyeva Sahibə İdris qızı və onun nəvəsi 2016-cı il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olub, digər mülki şəxs 1965-ci il təvəllüdlü Quliyeva Səlminaz İltifat qızı isə ağır bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Həmin faktlarla bağlı Füzuli rayon prokurorluğunda Cinayət Məcəlləsinin 116.0.6 (silahlı münaqişə zamanı hərbi zərurətdən irəli gəlməyən geniş miqyaslı dağıntılar törətməklə beynəlxalq humanitar hüquq normalarını pozma), 116.0.7 (silahlı münaqişə zamanı müdafiə olunmayan ərazilərə, yaşayış məntəqələrinə hücum etməklə beynəlxalq humanitar hüquq normalarını pozma), 116.0.8 (silahlı münaqişə zamanı hərbi hədəf olmayan, aydın görünən və fərqləndirilən dini, təhsil, elm, xeyriyyə, tibb obyektlərinə, xəstə və yaralıların yerləşdirildiyi yerlərə hərbi zərurət olmadan hücum etməklə beynəlxalq humanitar hüquq normalarını pozma), 116.0.10 (silahlı münaqişə zamanı mülki əhaliyə və ya döyüşlərdə iştirak etməyən ayrı-ayrı mülki şəxslərə hücum etməklə beynəlxalq humanitar hüquq normalarını pozma), 120.2.7 (iki və ya daha çox şəxsi qəsdən öldürmə) 29,120.2.7 (iki və ya daha çox şəxsi qəsdən öldürməyə cəhd) və 120.2.12-ci (milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə qəsdən adam öldürmə) maddələri ilə cinayət işi başlanıb, istintaq aparılır.




[email protected]