Ombudsman beynəlxalq təşkilatlara son erməni təxribatı ilə bağlı bəyanat ünvanlayacaq

"Azərbaycan ombudsmanı tərəfindən son erməni təxribatı ilə bağlı BMT-nin baş katibinə, BMT-nin Təhlükəsizlik Şurasına və insan hüquqları üzrə ali komissarına, Avropa Komissiyasına, Avropa Şurasına, ATƏT-ə, Beynəlxalq və Avropa Ombudsmanlar İnstitutlarına, Asiya Ombudsmanlar Assosiasiyasına, Beynəlxalq Sülh Bürosuna, müxtəlif ölkələrin ombudsmanlarına ünvanlanacaq bəyanat hazırlanıb".

İctimaifikir.az xəbər verir ki, bunu Trend-ə Ombudsman Aparatının rəhbəri Aydın Səfixanlı bildirib.

Ombudsman beynəlxalq təşkilatlara son erməni təxribatı ilə bağlı bəyanat ünvanlayacaq

A.Səfixanlı qeyd edib ki, iyul ayının 4-də Füzuli rayonunun Alxanlı kəndində məskunlaşan mülki əhalinin yaşadığı çoxsaylı yaşayış məntəqələri və mülki obyektlər Ermənistan silahlı qüvvələri tərəfindən atəşə tutulub və nəticədə 1967-ci il təvəllüdlü Allahverdiyeva Sahibə və onun nəvəsi 2 yaşlı Quliyeva Zəhra həlak olub, digər mülki şəxs 1965-ci il təvəllüdlü Quliyeva Səlminaz ağır yaralanıb.

Hadisə nəticəsində mülki obyektlərə də zərər dəydiyini deyən A.Səfixanlı bildirib ki, Ermənistan silahlı qüvvələri tərəfindən törədilən bu hərbi cinayət nəticəsində insan hüquqları sahəsində mövcud beynəlxalq sənədlərin, o cümlədən Müharibə zamanı mülki əhalinin qorunması haqqında 1949-cu il 12 avqust tarixli Cenevrə Konvensiyasının, BMT-nin Uşaq hüquqları haqqında Konvensiyasının müddəaları kobud şəkildə pozulub:

"Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndində baş verən son hadisələr Ermənistanın təcavüzkar siyasətini, qeyri-insani hərəkətlərini bir daha təsdiqləyərək, onun beynəlxalq hüquq normalarına saymazyana münasibət göstərdiyini yenidən sübut etdi. Hesab edirik ki, beynəlxalq ictimaiyyət bu cür qəddarlıq, amansızlıq və qeyri-insani hadisələrə laqeyd qalmamalıdır. Artıq Azərbaycan ombudsmanı tərəfindən BMT-nin baş katibinə, BMT-nin Təhlükəsizlik Şurasına, BMT-nin insan hüquqları üzrə ali komissarına, Avropa Komissiyasına, Avropa Şurasına, ATƏT-ə, Beynəlxalq və Avropa Ombudsmanlar İnstitutlarına, Asiya Ombudsmanlar Assosiasiyasına, Beynəlxalq Sülh Bürosuna, müxtəlif ölkələrin ombudsmanlarına ünvanlanan bəyanat hazırlanıb. İnanırıq ki, işğalçı Ermənistan BMT Nizamnaməsinə müvafiq olaraq cəzalandırılacaq, azərbaycanlıların pozulmuş hüquq və azadlıqları bərpa olunacaq. BMT Nizamnaməsinin 51-ci maddəsinə əsasən, BMT üzvünə qarşı edilən təcavüzün qarşısı təşkilatın Təhlükəsizlik Şurası tərəfindən dərhal və qətiyyətlə alınmalıdır".




[email protected]