Geridə qalan may-iyun aylarında ölkəmizdə əfv sərəncamının imzalanacağı barədə dəfələrlə müzakirələr açıldı. Amma ümidlərin heç biri doğrulmadı; nə 10 mayda, nə 28 may Respublika Günündə, nə 15 iyun Qurtuluş Günündə, nə də Ramazan bayramında gözlənilən əfv verilmədi.
Bu dəfə isə amnistiya aktının qəbulu məsələsi gündəmə gəlib. Son dəfə bir il öncə Azərbaycanın I vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə Milli Məclisdə qəbul olunan aktın indi də qəbul olunma ehtimalları görünür. Belə bir zərurətin olduğu da vurğulanır. Hətta ilin sonuna qədər əfv və ya amnistiya aktının reallaşacağı deyilir.
İnsan Haqları üzrə Birgə İşçi Qrupunun üzvü Mirvari Qəhrəmanlı amnistiyanın qəbuluna inanmasa da, ilin sonuna qədər əfvin imzalanacağını deyir: "Amnistiya olacağına inanmıram. Aydın məsələdir ki, amnistiya hər il verilmir, bütün ölkələrdə belədir. Bununla belə, ümidlərimizi kəsməməliyik. Çünki ilin sonuna qədər gözlənilir ki, əfv sərəncamı imzalansın.
Bugünlərdə məlum oldu ki, qanunvericiliyə yumşaldıcı maddələr əlavə etmək istəyirlər. Cərimələrin sayını artırmaq məsələsi gündəmdədir. Bu daha yaxşıdır, çünki cərimə olanda həbsxanaya göndərilmə halları azalır. Ölkəmizdə isə həbsxanadan çıxan məhbusun reabilitasiyası, iş tapması çox çətindir. Sözsüz ki, əfv və amnistiya məsələsi gündəmə gələndə əsas diqqətlər siyasi məhbusların üzərinə yönəlir. Unutmamalıyıq ki, siyasilərdən ibarət hazırlanan siyahılarda da ciddi problemlər var. Bir neçə siyahının olması əsl siyasi məhbusların azadlığa çıxmasının qarşısını alır. Arzum budur ki, ilin sonuna qədər İşçi Qrupu toplansın, Avropa Şurasının kriteriyalarına uyğun vahid bir siyahı hazırlansın. Neçə dəfə fikir vermişəm ki, qadınların əfv olunması azlıq təşkil edir. İlin sonuna qədər böyük əfv verilsə, ölkəmizin imici baxımından yaxşı olardı. Çalışmalıyıq ki, beynəlxalq qurumların qınaqlarından, təzyiqlərindən kənarda qalaq. Siyasi məhbusların bütünlüklə azadlığa buraxılmaları onların əllərində olan bəhanələri də sıfırlayır. Gələnilki prezident seçkilərinə qədər arzum bu olardı ki, qızıl amnistiya verilsin.
Bunun çox gözəl nəticəsi olardı. Yenə ümidliyəm ki, Mehriban xanım növbəti dəfə belə təşəbbüslə çıxış edəcək. Onun təşəbbüsünün geri oxunmadığı isə məlumdur. Bundan əlavə, həbsxanalarda ömürlük məhbuslarımız da var. Onların məsələləri də gündəmə gəlməli, diqqətdən düşməməlidir. Onlar əfv olunsa, yaxud məhkəmədən azad olunsalar, çox yaxşı olardı. Onların azad olunması ölkə adına heç bir təhlükə gətirmir. O şəxslərdən hər hansı bir təhlükə gözlənilmir. Qarşıdan Qurban bayramı gəlir. O vaxta qədər bir sıra məhkəmələrin keçirilməsi, siyasi məhbuslardan məhkəmələr yolu ilə azadlığa buraxılanların olması ölkə adına müsbətlər gətirərdi. Siyahılar hər zaman var. Əfv Komissiyasının da bu istiqamətdə gördüyü işlər çoxdur. Əfv üçün ərizə yazmayan siyasi məhbuslarla bağlı da çoxsaylı xahişlərimiz, aidiyyəti orqanlara müraciətlərimiz olub”.