Yeni inşa olunan Hacı Cavad məscidinin tikintisi sürətlə aparılır; icma sədri Kənan Əzizov: "Bu məscid cənab prezidentin şəxsi vəsaiti hesabına tikilir”
Azərbaycan prezidenti İlham Əliyevin göstərişi əsasında Bakının Yasamal rayonunda yeni ünvanda "Hacı Cavad" məscidinin tikintisi davam etdirilir. Musavat.com-un müxbiri Yasamal rayonu, Abbas Mirzə Şərifzadə 1 ünvanında (Azərbaycan "nəşriyyatı”nın yanı) yeni inşa olunacaq "Hacı Cavad" məscidinə baş çəkib, vəziyyətlə maraqlanıb.
Məscidin tikintisinə başlanılmasından qısa zaman ötsə də, xeyli işlər görülüb. Konstruksiya və bərkitmə işləri artıq yekunlaşmaq üzrədir. Məscid ümumilikdə 14 sot ərazini əhatə edir. İbadət zalı 4 sota yaxındır. Burada eyni zamanda 700-800 nəfər ibadət edə biləcək. Tikinti işləri Azərbaycan memarlıq üslubuna uyğun aparılır. Məscidin həyətində axund otağı, mədrəsələr, mətbəx və sairə otaqların tikintisi nəzərdə tutulub. Minarəsinin hündürlüyü 32 metr, günbəzin hündürlüyü isə 18 metr olacaq. Yeni inşa ediləcək məscidin layihəsindən də görünür ki, məscid yüksək səviyyədə və Azərbaycan memarlıq üslubuna uyğun inşa ediləcək.
Məscidin tikintisinə rəhbərlik edən iş icrası Kənan Əhədov "Hacı Cavad" məscidinin inşası barədə musavat.com-a danışdı:
"Gördüyünüz kimi, məsciddə dayanmadan işlər aparılır. Tam hazır vəziyyətə gəlməsi 10-11ay müddət nəzərdə tutulub. Lakin aparılan sürətli işlər nəticəsində tikintini daha tez təhvil vermək niyyətindəyik. Öncədən deyim ki, "Hacı Cavad" məscidi yüksək zövqlə və Azərbaycan memarlıq üslubuna uyğun inşa ediləcək. ”Sovetski" də yerləşən "Hacı Cavad" məscidinin 1888-ci mərhum Hacı Cavad ağa tərəfindən tarixini əks etdirən daş kitabələr də yeni inşa olunan məscidə gətiriləcəyi nəzərdə tutulub. Bütün bunlar cənab prezidentin öz dininə, milli-mənəvi dəyərlərinə olan qayğısının göstəricisidir".
Tikinti sahəsində "Hacı Cavad" məscidinin icma sədri Kənan Əzizovla rastlaşdıq. İcma sədri məscidə göstərilən diqqət və qayğı üçün ölkə başçısına minnətdarlığını bildirdi:
""Sovetski”dəki "Hacı Cavad" məscidində 10 il idi ki, icma sədri idim. Yeni inşa olunan "Hacı Cavad" məscidinin icma sədri təyin edildim. Ölkə başçısına minnətdarıq ki, "Sovetski”dəki məsciddən də daha geniş, daha gözəl məscid tikintisinə göstəriş verdi. Bu bizi, bütün dindarları sevindirir. Həqiqətən də bu məscidin Ramazan ayına təsadüf etməsi daha gözəl haldır. Onu da qeyd edim ki, bu məscid cənab prezidentin şəxsi vəsaiti hesabına tikilir. Bu, ölkə başçısının humanist və müdrik qərarıdır. İcma sədri olaraq, icma adından başda cənab prezident olmaqla, Qafqaz Müsəlmanlar İdarəsinin sədri Şeyxülislam Hacı Allah Şükür Paşazadəyə, Dini Qurumlar İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlıya dərin təşəkkürümü bildirirəm. Məsciddə, gördüyünüz kimi, işlər gedir. Mütəmadi olaraq mən, icma nümayəndələri, Mübariz müəllim məscidə baş çəkirik. Məscidin inşası 11 ay nəzərdə tutulub. Məqsəd gələn il Ramazan ayında açılışını etməkdir".
Məğrur MƏRD,