Partiya sədrlərindən Qətər çağırışı: "Azərbaycan qarışmamalıdır..."

"Azərbaycanın bu ölkə ilə bağlı məsələyə qarışmaması daha doğrudur”


Qətər böhranı müsəlman dünyasını faktiki olaraq iki hissəyə bölməkdədir. Müsəlman dövlətlərinin bir qismi Qətərlə münasibətləri kəsmək qərarı verib, Türkiyə, Pakistan kimi dövlətlər isə onu müdafiə etmək üçün buraya hətta qoşun göndəriblər. Bəzi müsəlman dövlətləri isə siyasi bəyanatlarla Qətəri müdafiə ediblər və ya Qətərə qarşı koalisiyaya qoşulmadıqlarını bildiriblər.


Azərbaycan isə hələ ki Qətər məsələsində heç bir rəsmi münasibətini ortaya qoymayıb.

 


Bəs, bu həssas məsələdə Azərbaycan hansı mövqeni tutmalıdır?


Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbər "Yeni Müsavat”a bildirdi ki, Azərbaycan bu məsələdə öz milli maraqlarını düşünməlidir və atdığı addımlarda milli maraqlarını rəhbər tutmalıdır. Bu gün Azərbaycan düşünməlidir ki, onun Körfəzdə, Qətərdə milli maraqları varmı, varsa nədən ibarətdir: "İkincisi, addım atmazdan öncə bu suallara aydınlıq gəlməlidir ki, Qətər məsələsinə müdaxilə eləmək üçün Azərbaycanın yetərli gücü var, yoxsa yox? Üçüncüsü, hətta gücü yetərlidirsə, belə müdaxilə edəcəyi halda Azərbaycanın qazanacağı və itirəcəyi nə olacaq? Yəni bütün bu sualların cavabı nəzərə alınsa, Azərbaycanın kiçik dövlət olduğu, strateji gücünün yetərsiz olduğu, özünün müharibə vəziyyətində olduğu, xarici təsirlərə açıq olduğu bir zamanda sərhədlərindən çox-çox uzaqda ərəb dünyası daxilində Qətər problemi kimi mürəkkəb bir məsələyə müdaxilə etməsi Azərbaycanın milli maraqlarına uyğun deyil. Azərbaycan əvvəla, region dövləti deyil, ikincisi böyük dövlət deyil. Nəzərə almaq lazımdır ki, bu oyunda qlobal böyük güclər, eyni zamanda böyük regional güclər oynayır. Azərbaycan bunların heç birinə aid deyil. Ona görə də Azərbaycanın Qətər məsələsinə qarışmaması daha doğrudur. Qarışacağı halda da ancaq kənardan yaradılmış bu süni böhranın ən qısa zamanda dinc danışıqlar yolu ilə həllini arzu etməkdən ibarət olmalıdır. Azərbaycan qardaş müsəlman dövlətləri arasında yaradılan bu süni böhranın mümkün qədər qısa zamanda dinc yolla həllini arzulamaqdan o tərəfə heç bir addım atmamalıdır”.


VİP sədri Əli Əliyev də bildirdi ki, Azərbaycanın bu məsələdə ehtiyatlı mövqe sərgiləməsi vacibdir. Atılan ehtiyatsız addım ölkəmizi problemlərlə üz-üzə qoya bilər.

Image result for Əli əliyev


Əli Əliyevin fikrincə, Azərbaycan dövləti Qətər məsələsinə qarışmamalıdır: "Türkiyə dövləti böyük dövlətdir. Azərbaycan bu məsələdə Türkiyənin addımını təkrarlaya bilməz. Çünki Türkiyə təkbaşına bu qərarı verməyib. Hadisədən dərhal sonra İranın xarici işlər naziri Türkiyəyə səfər etdi. Mən əminəm ki, Türkiyə bu məsələni həm də Rusiya ilə razılaşdırıb. Türkiyə çox fəal diplomatik addımlar atır. Qətər məsələsi böyük güclərin oynamaq istədiyi oyunla bağlıdır. Azərbaycan isə bu miqyasda dövlət deyil ki, bu məsələlərə qarışsın. Bu məsələdə yalnız diplomatik dəstək vermək olar. Qətərə qarşı qurulan oyun Türkiyənin, İranın prosesə qoşulmaq istəyindən doğur. Hesab edirəm ki, bu böhran ötüb keçəcək. İraq hadisələrindən fərqli olaraq, Türkiyə Ərdoğanın timsalında bu dəfə çox düzgün qərarlar qəbul etdi və bu qərarların hamısı yerində və vaxtında verilən qərarlardır. Azərbaycan isə problemin tezliklə sülhlə yoluna qoyulmasını istədiyini bəyan etməklə kifayətlənməlidir”.





[email protected]