2017-ci ilin yanvar-may ayları ərzində Heydər Əliyev Beynəlxalq Hava Limanı 1 milyon 37 min sərnişinə xidmət göstərib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 34% çoxdur.
Hava limanının mətbuat xidmətindən Musavat.com-a verilən məlumata görə, təkcə may ayında 315 min sərnişinə xidmət göstərilib.
Həmçinin Azərbaycanda "Bakı-2017" IV İslam Həmrəyliyi Oyunlarının keçirilməsi də ötən ay sərnişin dövriyyəsinin xeyli artmasına təsir göstərib. Azərbaycan mülki aviasiyasının bütün qurumları İslamiada dövründə ölkəyə gələn qonaqlara və idmançılara yüksək səviyyədə xidmət göstərilməsini təmin edib.
Hesabat dövründə "Azərbaycan Hava Yolları" QSC (AZAL) milli aviadaşıyıcısının payına 767 min sərnişin düşüb ki, bunun da 204 min nəfəri daxili reyslərlə daşınıb.
Sərnişinlərin 85%-i beynəlxalq reyslərin payına düşüb. Hava limanının beynəlxalq daşımaların 48,3%-i AZAL-ın, 51,7%-i xarici aviadaşıyıcıların payına düşüb.
Hazırda Heydər Əliyev Beynəlxalq Hava Limanı 28 aviaşirkətə xidmət göstərir ki, onların 5-i loukosterdir. Cari ilin payızından Azərbaycanın aşağı büdcəli aviaşirkəti "Buta Airways”in uçuşları gözlənilir.
Heydər Əliyev Beynəlxalq Hava Limanının yeni aerovağzal kompleksi (Terminal 1) 2014-cü ilin aprel ayında istifadəyə verilib. Onun ümumi sahəsi 65 min kvadratmetr təşkil edir.
Dünyada müxtəlif aviaşirkətlər və hava limanları tərəfindən göstərilən xidmətlərin keyfiyyətinin öyrənilməsi üzrə ixtisaslaşan Böyük Britaniyanın nüfuzlu konsaltinq şirkəti "Skytrax" tərəfindən Heydər Əliyev Beynəlxalq Hava Limanı 4 ulduza layiq görülüb.
Cari ilin mart ayında Bakı hava limanı Rusiya və MDB ölkələrinin bütün hava limanları arasında göstərilən xidmət səviyyəsinə görə ən yaxşılar siyahısına başçılıq edərək "Skytrax World Airport Awards” mükafatına layiq görülüb.