Mehman Əliyev: "Avropa İttifaqı daxili işlərə qarışır və bundan sonra da qarışacaq”; Sərdar Cəlaloğlu: "Avropa İttifaqı daxili işlərə qarışmamaq siyasətini üstün tutacaq”
Son iki gün ərzində keçirilən 3-cü Avropa İttifaqı-Azərbaycan biznes forumunda Azərbaycanla Avropa İttifaqı arasında münasibətlər geniş müzakirə olunub. Avropa Komissiyasının Qonşuluq siyasəti və genişlənmə ilə bağlı danışıqlar üzrə Baş Direktoratlığının "Şərq tərəfdaşlığı” departamentinin direktoru Lourens Meredit biznes forumunda çıxışında deyib ki, Avropa İttifaqı Azərbaycana ən böyük sərmayə qoyan tərəfdir.
Söhbət 7 milyard avro birbaşa investisiyadan gedir. O bildirib ki, bu rəqəmdən 2,5 milyard avro qeyri-neft sektoruna yönəlib: "Biz Azərbaycanın iqtisadi diversifikasiyada qətiyyətli olduğunu görürük. Avropanın 300-dən çox şirkəti Azərbaycanda bizneslə məşğul olur”.
L.Meredit qeyd edib ki, Cənub Qaz Dəhlizi və bu kimi digər layihələr Aİ-Azərbaycan münasibətlərinin mühüm istiqamətləridir.
Aİ-nin Azərbaycan nümayəndəliyinin rəhbəri Malena Mard isə bildirib ki, Azərbaycanla Aİ arasında imzalanması planlaşdırılan yeni sazişin əməkdaşlığı daha da genişləndirəcəyinə ümid edir. Yeni saziş tərəfdaşlıq və əməkdaşlıq haqqında sazişi əvəzləyəcək.
Danışıqların başlanmasını siyasi ekspertlər Azərbaycan-Aİ münasibətlərinin yeni mərhələyə qədəm qoyması kimi şərh edirlər. Azərbaycan Gürcüstandan fərqli olaraq Avropa ilə assosiativ saziş imzalamasa da, strateji tərəfdaşlıq sazişinin imzalanmasında maraqlıdır.
Ancaq bu sazişin imzalanması ilə bağlı tərəflər arasında müəyyən şərtlər var və o, şərtlər tərəflər arasında razılaşdırılmalıdır. Qeyd olunur ki, bu şərtlər əsasən Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına üzvlüyü, Azərbaycanda siyasi, iqtisadi islahatların həyata keçirilməsidir. Azərbaycan Avropa İttifaqı ilə siyasi bərabərlik əsasında bir saziş istəyir. Bu o deməkdir ki, Azərbaycan Avropa İttifaqının siyasi assosiasiya və iqtisadi inteqrasiyası təkliflərindən özü istədiyi həcmdə faydalana biləcək.
Bakıda keçirilən Aİ-Azərbaycan biznes forumunda qurum rəsmilərinin çıxışlarında demokratiya məsələsinə toxunulmaması isə belə iddiaları ortaya çıxarıb ki, ABŞ prezidenti D.Trampın kənar ölkələrin daxili işlərinə qarışmamaq siyasi xəttini Aİ də davam etdirəcək.
"Turan” informasiya agentliyinin direktoru Mehman Əliyev "Yeni Müsavat”a bildirdi ki, biznes forumda yalnız iqtisadi məsələlərdən danışılması təbiidir: "Çünki bu tədbir adından da göründüyü kimi, sırf iqtisadi mövzuda tədbirdir. Avropa İttifaqı və Azərbaycan arasında tərəfdaşlıq haqqında saziş hazırlanması üzrə danışıqlar və sonda sazişin imzalanması Azərbaycanda demokratiya və insan haqları məsələsinə də müsbət təsirini göstərəcək. İki ilə yaxın idi ki, Avropa İttifaqı ilə Azərbaycan arasında ciddi məsləhətləşmələr aparılmırdı və bu illər ərzində vəziyyət heç də yaxşılığa doğru getməyib. Avropa İttifaqı ilə məsləhətləşmələr aparılmadığı müddətdə ölkədə demokratiya sahəsində vəziyyət mənfiyə doğru inkişaf etdi. Danışıqların sürətlənməsinin və sonda saziş bağlanmasının demokratiyaya da müsbət təsir göstərəcəyini söyləmək olar. İmzalanması gözlənilən sazişdə şübhəsiz ki, insan haqları və demokratiya məsələsi də yer alacaq. Əslində son illər bu məsələ prioritet məsələlərdəndir. İmzalanacaq sazişin 70 faizi qanunun aliliyi, demokratiya, insan haqları sahələrini əhatə edəcək. Bu, çox böyük bir komponentdir. İndiyə qədər Azərbaycan Avropa İttifaqı ilə saziş imzalamayıb. ”Şərq tərəfdaşlığı" proqramı çərçivəsində Azərbaycan və Belarus saziş imzalamayıb. Bu da onunla bağlıdır ki, sazişdə əsas komponentlər məhz siyasi yüklü komponentlərdir. Əgər sırf iqtisadi olsaydı, hökumətin imzalaması üçün daha asan ola bilərdi. Siyasi komponentlər geniş olduğu üçün Azərbaycan hakimiyyəti məsələnin həllini bu vaxta qədər uzadıb ki, imzalanmasın. Amma artıq danışıqlar yenidən başlanıb və məsələ elə həddə çatıb ki, həll olunmalıdır".
O ki qaldı ABŞ-ın kənar ölkələrin daxili işlərinə qarışmayacağı və Aİ-nin də daxili işlərə qarışmamaq öhdəliyi götürüləcəyi barədə rəylərə, Mehman Əliyev dedi ki, bu iddialar əsassızdır: "Belə söhbət yoxdur. Əslində Trampın prezidentliyi başlayandan sonra ABŞ-ın siyasətində dəyişiklik olmayıb. Amerika yenə Suriyanın da, İranın, İraqın da, Avropanın da, Rusiyanın da, Azərbaycanın da işinə qarışır. Həyata keçirilən həbslərlə bağlı Azərbaycan hakimiyyətinə edilən çağırış, verilən bəyanat daxili işlərə qarışmaq deyil. Avropa İttifaqının da xəttində heç nə dəyişməyib. Avropa İttifaqı da daxili işlərə qarışır və bundan sonra qarışacaq. Azərbaycan Avropa İttifaqı ilə danışıqlarda müəyyən güzəştlər etməli olacaq. Çünki hazırkı ağır sosial durumda Azərbaycanın Avropa İttifaqı ölkələrinin sərmayəsinə, köməyinə və banklarının dəstəyinə ehtiyacı var. Avropa İttifaqı ilə danışıqlara həm demokratik, həm siyasi, həm də iqtisadi baxımdan imkan kimi baxmaq lazımdır”.
ADP sədri Sərdar Cəlaloğlu isə qeyd etdi ki, danışıqların sonunda ikitərəfli saziş imzalansa belə, bunun Azərbaycanda demokratiya və insan haqlarının durumuna ciddi müsbət təsir edəcəyini gözləmir: "Avropa İttifaqı demokratiya məsələsində daxili işlərə qarışmamaq siyasətini üstün tutacaq. Azərbaycan sanki Avropa İttifaqına şərt irəli sürür ki, daxili işlərimizə qarışmamaq öhdəliyi götür, sonra saziş imzalayaq. Ortada Avropa Şurası təcrübəsi var. Azərbaycan Avropa Şurası ilə nəinki hansısa saziş imzalamaqdan da daha irəli gedərək 2001-ci ildə Avropa Şurasının üzvü oldu. Azərbaycanda demokratiya, insan haqları sahəsində geriləmələr məhz ölkə Avropa Şurasının üzvü olduqdan sonra vüsət aldı. 2001-ci ildən əvvəli və sonrakı indiyə qədərki dövrü müqayisə etdikdə nə qədər geriləmənin baş verdiyini görürük. Ona görə də ortada heç də müsbət qiymətləndirilməsi mümkün olmayan Avropa Şurası təcrübəsi olduğu üçün Avropa İttifaqı ilə hansısa ikitərəfli sazişin imzalanmasının da Azərbaycanda demokratiyanın dirçəlməsinə gətirib çıxaracağına ümid yoxdur. Sazişin imzalanmasının iqtisadi sahədə müəyyən müsbət təsirləri ola bilər. Amma hər bir halda biz hesab edirik ki, Azərbaycan üzünü Qərbə doğru çevirməli, Avropaya inteqrasiya yolunu tutmalıdır”.