ABŞ-ın islam dünyasına qarşı ikili siyasətində əsas hədəf

Ər-Riyad sammiti gizli mətləblərin üstünü açır; politoloq: "İslam dünyasının vəhdətləşmə vaxtıdır...”


ABŞ müsəlman dövlətləri ilə bağlı ikili siyasətini davam etdirir. Xüsusilə Donald Trampın gəlişindən sonra bu siyasət özünü daha qabarıq şəkildə göstərir. Birləşmiş Ştatlar bəzi müsəlman ölkələrinə bir, digərlərinə isə tam fərqli rakursdan yanaşır.

Məsələn, hazırda Ağ Ev Səudiyyə Ərəbistanı ilə əlaqələrin qurulmasına ciddi önəm verir. Trampın mayın 22-də Ər-Riyada səfəri və müsəlman ölkələrinin dövlət başçılarının rəhbərlərinin iştirakı ilə keçirilən sammitdə iştirakını misal çəkmək olar. Sammitdə İransız koalisiya formalaşdı. Bununla Səudiyyə Ərəbistanı başda olmaqla, bir sıra ərəb ölkələri İranla üz-üzə qoyuldu. Görünən odur ki, Amerika müsəlman dövlətləri arasında ayrı-seçkilik etməklə yanaşı, həm də bəzi bu tipli dövlətlər arasında soyuq münasibətlər yaratmağı, hətta onları qarşı-qarşıya qoymağı bacarır. Ekspertlər Səudiyyə-Qətər arasında son günlərdə yaranan qarşıdurmanın Trampın Ər-Riyad səfərindən sonra yaranmasını təsadüf saymırlar.


Bir reallığa da diqqət çəkək. Son illərdə Amerikanın müsəlman dövlətləri ilə bağlı siyasətində demokratiya məsələsi demək olar yer almır. Özünü dünyanın ən demokratik ölkəsi sayan Birləşmiş Ştatlar digər dövlətlərə gələndə bu dəyərlərin üstündən xətt çəkir. Amma yeri gələndə Azərbaycan tipli ölkələrə bu ənənədən təzyiq vasitəsi kimi istifadə edir. Əksər ekspertlər bu xüsusda ABŞ-ın dövlət maraqlarının hər şeyə üstün gəldiyini düşünürlər.


Politoloq Əhəd Məmmədli Trampın müsəlman dünyası ilə bağlı ABŞ-ın ənənəvi siyasətini davam etdirdiyini deyir: "Hazırkı Amerika əvvəllərdə olduğu kimi, müsəlman dünyasında ”parçala-hökm et" siyasəti aparır. Qərblilər həmişə müsəlman dünyasına daha çox önəm veriblər, Tramp da sadəcə, əsirlərdir qoyulan siyasəti davam etdirir. Amma bu önəm təbii ki, sevgidən irəli gəlmir. Osmanlı dağılandan sonra İslam dünyasının 95%-i müstəmləkə, yarımmüstəmləkəyə çevrildi. Bununla da Qərblə İslam arasında sivilizasiyalar qarşıdurmasının birinci fazası bitdi. SSRİ dağılandan sonra isə Qərblə İslam sivilizasiyaları arasında qarşıdurmanın ikinci fazasına start verildi. ABŞ-ın müsəlman ölkələrinə münasibətində demokratiyaya heç vaxt önəm verilməyib, önəm həmişə müsəlman dünyasını nəzarətdə saxlamaq və təbii sərvətlərinə sahib çıxmağa verilib. İndiyə gəldikdə isə Azərbaycana diqqət ayırmağa, ümumiyyətlə, vaxt yoxdur. Bir də Azərbaycandan çoxdandır istədiklərini alıblar".

ehed memmedli.jpg (39 KB)


Politoloq Türkiyə ilə ərəb dünyası arasında yaxın əlaqələrin qurulmasının Qərbi ciddi narahat etdiyini bildirdi: "Hazırda ABŞ-ı ən çox narahat edən məsələ ərəb ölkələri ilə Türkiyə arasında müttəfiqliyin qurulmasıdır. Osmanlı dönəmində olduğu kimi, Qərb buna imkan verə bilməz. Ərəb dünyası ilə Türkiyə arasında ”Müsəlman Qardaşları" ilə milli görüşçülərin bir ittifaqı qurulur. Türkiyə - Qətər - Misir nümunəsini göstərə bilərik. Bu üç müsəlman ölkəsində milli görüşçülərlə qardaşlar iqtidarda idi. Son illərdə müsəlman dünyasında Qətər-Misir-Türkiyə üçbucağı qurulmuşdu. Hər üç ölkədə hakimiyyətdə İxvanil Müslümin və Milli Görüş ideoloji iqtidarlar idi. Bu, İslam dünyasında çox güclü birlik, ciddi qüvvə idi. ABŞ, İsrail və bəzi Körfəz səltənətləri tərəfindən ilk öncə ən zəif xalq olan, yeni hakimiyyətə gələn Misir ixvanları sıradan çıxarıldı. Sonra Türkiyəyə əl uzadıldı. Misirli həmkarlarından fərqli olaraq daha təcrübəli AK Parti hakimiyyəti Türkiyəyə uzanan bu əlləri qırdı... Düzdür, anti - Türkiyə əməliyyatında Körfəz ölkələri iştirak etmədi, əksinə, böyük yatırımlı ərəb kapitalı Türkiyəni iqtisadi kollapsdan qurtardı. İndi bəlli oldu Trampın Səudiyyə Ərəbistanına səfərinin mahiyyəti: mötədil Qətər şeyxini ərəb dünyasında təkləmək. Bu problemin çözümündə Türkiyəyə böyük iş düşür. Türkiyə Qətərin yanında olmalı, həmçinin Səudiyyə Ərəbistanı ilə müttəfiqliyi qorumalıdır. İslam dünyasının vəhdətləşmə vaxtıdır. Qeyri-müsəlman dünyasını da ən çox narahat edən budur. Bunun yeganə yolu da Osmanlı çətiri altında birləşməkdir. Osmanlı çətiri vaxtında türklər də, ərəblər, kürdlər də öz torpaqlarının yeganə sahibi idilər. Ərəb dünyasının ixvanları da, türk dünyasının milli görüşçüləri də, İslam dünyasının vəhdəti üçün birdəfəlik sünni-şiə qardaş qırğınına son qoyulmasını, ərəb ölkələri və Türkiyənin, nəhayət ki, İranla dost, qonşuluq münasibətləri qurmasının tərəfdarıdır. Bütün bunların olması üçün də ən azı əsas müsəlman ölkələrində, "Müsəlman Qardaşları” və ya Milli Görüş siyasəti əsas ideoloji baza olmalıdır".


Ə.Məmmədli sıradan çıxarmaq üçün növbəti hədəfin Qətər olduğunu vurğuladı: "İndi də Qətəri sıradan çıxarmaq istəyirlər. Çünki Türkiyə ilə bir yerdədir və İrana qarşı İslam dünyasını parçalayan alyansa qoşulmur. ”Müsəlman Qardaşları" və Milli Görüş ideologiyası İslam dünyası üçün bir oyanış, ayağa qalxmaq, birlik deməkdir. Bu da olsa, İslam dünyası, Osmanlıda olduğu kimi, öz müstəqilliyini qaytaracaq. Trampın Ər-Riyad siyasəti məhz İslam dünyasını yeni böyük müharibəyə qərq edib və bu səfərdə məqsəd bəzi müsəlman ölkələrinin məhz İslam naminə müttəfiqliyini məhv etməkdir. İrana qarşı ərəb koalisiyası da məhz bunun üçün qurulur. Əgər İranla ərəb ölkələri arasında müharibə başlasa, burda udan tərəf Amerika, Britaniya və İsrail olacaq, İran-İraq müharibəsində olduğu kimi. Və bu müharibə müsəlmanlara olmayan zərbəni vuracaq. Müsəlman dövlətləri bunu anlayır, ancaq təəssüf ki müsəlman iqtidarlarının 95%-i Qərb, Rusiya və Çindən asılı olduğu üçün öz sahiblərinin iradəsini yerinə yetirirlər. Ona görə də İslam dünyasında vəhdət yoxdur. Türkiyə və Qətər bu vəhdəti qaytarmaq istəyir. Bu səbəbdən də özlərinə qarşı böyük bir cəbhə alıblar".




[email protected]