Politoloq: "Şimal qonşumuz rəsmən Avropanın bir parçası olsaydı, Rusiya nə Gürcüstanı, nə də Ukraynanı parçalayardı”
"Rusiyanın NATO-ya üzv olması istəyi ilk dəfə deyil səslənir. Bu fikri ilk dəfə Rusiya liberallarının lideri Vladimir Jirinovski səsləndirib. Baxmayaraq ki, o, qatı antiqərbçidir, bu qeyri-adi təklifi irəli sürmüşdü. Daha sonra bəlli olur ki, bu təklifi Rusiya prezidenti Vladimir Putin də dilə gətirib”.
"Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bu fikirləri "Yeni Müsavat”a açıqlamasında bildirdi. Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin "Politiko” nəşrinə açıqlamasında amerikalı həmkarı Bill Klintonla görüşü zamanı Rusiyanın NATO-ya daxil olması təklifini irəli sürdüyünü və bu durumun ittifaq ölkələri tərəfindən birmənalı qarşılanmadığını bildirmişdi. Rusiyanın keçmiş xarici işlər nazirinin müavini Sergey Orcanikidze isə deyib ki, Putin o zaman Rusiyanın NATO-ya daxil olmaq təklifini irəli sürməklə, ittifaq ölkələrinin aqressiyasını yoxlamaq istədi, (axar.az ttp://axar.az/). "Mən o zaman NATO ilə məşğul deyildim. Amma düşünürəm ki, bu, həqiqətən də reallaşa bilərdi. 1949-cu ilə NATO yaradılanda SSRİ alyansa qoşulmaq istədiyini bildirmişdi. O zaman isə ”Xeyr, heç vaxt" cavabı verilmişdi", - diplomat bildirib.
E.Şahinoğlunun sözlərinə görə, böyük ehtimalla Putin hakimiyyətinin ilk ilində bu təklifi dilə gətirib: "Çünki Putinin öz sözlərinə görə, o, Rusiyanın NATO-ya üzv olmaq istəyini Amerika prezidenti Bill Klintona bildirib. Klintonun prezidentlik müddəti 2001-ci ildə bitib. İlk baxışdan məntiqi təklifdir. SSRİ dağıldıqdan sonra Varşava müqaviləsi dağıldı və bircə NATO qaldı. Varşava müqaviləsinin Şərqi Avropadakı üzvləri NATO-ya üzv oldular, hətta keçmiş SSRİ respublikaları olan Baltik ölkələri də Şimali Atlantika Blokunun üzvlüyünə qəbul olundular. Bundan sonra NATO Rusiya ilə üz-üzə qaldı. O zaman Rusiyanın xarici işlər naziri Yevgeniy Primakov deyirdi ki, NATO-nun rəqibi SSRİ idi, o da yoxdur, ona görə də Şimali Atlantika blokunun varlığına da bundan sonra ehtiyac yoxdur”. Ancaq ekspert xatırlatdı ki, o zaman NATO rəhbərliyi fərqli düşünürdü: "Məncə, elə 1990-cı illərdə Rusiyanı həm Avropa İttifaqına, həm də NATO-ya üzv qəbul etmək lazım idi. Doğrudur, bu ideya indi fantastik səslənir, ancaq şimal qonşumuz rəsmən Avropanın bir parçası olsaydı, Rusiya nə Gürcüstanı, nə də Ukraynanı parçalayardı, Avropanın oyun qaydaları buna imkan verməzdi. İndi isə artıq gecdir”.
Politoloq Elçin Mirzəbəyli isə hesab edir ki, o zaman nə SSRİ-nin, nə də Rusiyanın NATO-ya üzv olması mümkün deyildi: "Bütün bunlar ənənəvi rus avantürasından başqa bir şey deyil. Avropa sosializm kabusunu Rusiyaya ixrac etməklə bu ölkənin jandarm funksiyasını yerinə yetirməsindən zorla xilas olmuşdu. Rusiyanın və SSRİ-nin Avropada ittifaqda ola biləcəyi yeganə dövlət Almaniya idi. 1939-cu ildə SSRİ ilə Hitler Almaniyası arasında 3 müqavilə imzalanmışdı. Bunlardan ən məşhuru Molotov-Ribbentrop paktı idi. 1939-cu ilin sentyabrında imzalanan müqavilə nəticəsində isə Polşa SSRİ və Almaniya arasında bölünmüşdü. Hitlerin hücumu iki ölkə arasında müttəfiqlik imkanını da aradan qaldırdı. Ruslar da ərəblər kimi nağıl danışmağı sevirlər. SRRİ-yə heç vaxt NATO-ya üzvlüklə bağlı təklif olmayıb, olması mümkün də deyildi. Çünki NATO məhz SSRİ-yə qarşı yaranmışdı. SSRİ isə özünü dünyanın xilaskarı və sahibi kimi görürdü”. E.Mirzəbəylinin qənaətincə, Putinin NATO ilə bağlı söylədikləri Rusiya-NATO əməkdaşlıq şurasının ömrünün uzadılmasına və Moskvanın öz iddialarını ortaya qoymaq üçün vaxt qazanmasına xidmət edirdi: "İnsafən, Rusiya müəyyən zaman kəsiyində bunu bacardı. Amma indi vəziyyət dəyişib. NATO ölkələri Rusiyanın təcavüzünün qarşısını almaq üçün alyansın büdcəsinə 2017-ci il üçün əlavə olaraq 370 milyard dollar əlavə ediblər. Zənnimcə, bu rəqəm Rusiyanı qarşıda nələrin gözləyə biləcəyini ortaya qoyur”.