Aida Bağırova: “Qətər böhranından İran qazanacaq ”

"Türkiyə müəyyən bir zamana qədər bu münaqişəyə qarışmayacaq və böhran Suriya məsələsinə də təsir edəcək”

İyunun 5-də Səudiyyə Ərəbistanı, Bəhreyn, BƏƏ, Misir Qətər dövlətini terrorizmə dəstək verməkdə ittiham edərək bu ölkə ilə diplomatik münasibətləri dayandırıb. Daha sonra Liviya, Maldiv adaları və Yəmənin mühacir hökuməti də Qətərə qarşı sanksiyalara qoşulub. Qətər diplomatlarının 48 saat, vətəndaşlarının isə iki həftə ərzində adıgedən ölkələri tərk etməsi tələb olunub. Eyni zamanda Qətərlə hava, dəniz və quru sərhədlərini də bağlayıblar.

Qeyd edək ki, bu hadisə dünyada böyük ajiotaj doğurub. Qətərin ərzaq tələbatının böyük bir hissəsi yeganə quru sərhədi olan Səudiyyə Ərəbistanından daxil olur. Sərhədlərin bağlanması ilə Qətərdə qıtlıq qorxusu yaranıb. Əhali marketlərə axın edib. Bundan başqa, hava sərhədlərinin bağlanması nəticəsində Qətər Hava Yolları şirkəti bir sıra uçuşları təxirə salıb, yerdə qalan uçuşlar isə sadəcə, İran üzərindən həyata keçirilməyə başlayıb. Bundan başqa, adıçəkilən ölkədə ərzaq qıtlığının qarşısını almaq üçün İraq hökuməti bura ərzaq yüklü bir gəmi göndərib.


Qətərlə körfəz ölkələri arasında soyuqluq mayın 23-də ölkə əmirinin rəsmi dövlət agentliyinə verdiyi müsahibəsində Səudiyyə Ərəbistanını ittiham etməsi ilə başlayıb. Əmir məzhəb gərginliyinin regionda böyük fəlakətlərə səbəb olacağını demişdi. Ancaq bu müsahibənin xakerlər tərəfindən saytlara qoyulduğu bəyan edildi və təkzib olundu. Lakin gərginlik davam etdi, Səudiyyə Ərəbistanı və Misir Qətər telekanallarının, saytlarının ölkələrində yayımını əngəllədi. Daha sonra isə Bəhreyn əmiri Qətəri onun ölkəsində xaos yaratmaqda ittiham etdi. İndi isə S.Ərəbistanı, Misir və BƏƏ kimi ölkələr Qətərin Yaxın Şərqdə İŞİD, keçmiş adı ilə "Ən-Nusra Cəbhəsi” qruplaşması kimi terror təşkilatını hətta 11 sentyabr olaylarında ittiham edib. Bundan başqa, Qətər İranla gizli danışıqlar aparmaqda, dini əqidəyə sadiq qalmamaqda ittiham olunub. Qətər XİN-in isə yaydığı rəsmi açıqlamada ittihamların həqiqəti əks etdirmədiyi, verilmiş qərarın "gərəksiz” olduğu vurğulanır və yaranmış vəziyyətə görə təəssüf etdikləri bildirilib.


Yaxın Şərqdə uzun müddətdir yaxın müttəfiqlik əlaqələrinə malik olan Səudiyyə Ərəbistanı və Qətər arasında yaranan bu gərginlik gözlənilməz olub. Doğrudur, Misirdə baş verən hərbi çevrilişi Səudiyyə Ərəbistanının dəstəkləməsi, Qətərin dəstəklədiyi Mursinin devrilməsi iki ölkə arasında soyuqluq yaratsa da, Suriyada, İraqda və Yəmən məsələsində eyni cəbhədə olduqları üçün bu fikir ayrılıqları bariz şəkildə üzə çıxmırdı. Ər-Riyad sammitindən sonra Qətərin açıq şəkildə Səudiyyə blokunda olmadığını gizlətmədi. Görünür ki, səbəblər uzun müddətdir formalaşsa da, son olaraq Ər-Riyadı Vaşinqtonla açıq şəkildə hərbi ittifaq qurması layihəsində olmadığını nümayiş etdirməyə ehtiyac duyub. 
Bu dövlət ətrafında böhranda Vaşinqtonun rolunun olduğu, gərginliyin məhz Trampın səfərindən sonra baş verməsi ilə əsaslandırılır. Bundan başqa, körfəz ölkələrinin Qətərə qarşı aqressiyasının arxasında Dohanın Ankara ilə yaxınlaşması, sələfi xəttinə qarşı "ixvan” xəttini müdafiə etməsi də göstərilir. İlk dəfə məhz Qətər öz ərazisində Türkiyə ordusunun hərbi hissəsini yerləşdirib. Qətərə qarşı hücumların əsas məqsədinin Türkiyəni sıxışdırmaq olduğu haqda iddialar Türkiyə mediasında geniş yer alıb. Qətər böhranında ABŞ və Türkiyənin rolu nə qədərdir? Xarici amillər hansı formadadır?


Şərqşünas-alim, BDU-nun dosenti Aida Bağırovanın fikrincə, son dövrlərdə Qətərin bölgədə və dünyada nüfuzunun artması Səudiyyə Ərəbistanını məyus edirdi: "Yəni heç cür qəbul etmək istəmirdilər ki, belə bir kiçik ölkə özünü belə aparır”.


A.Bağırovanın fikrincə, bu hadisələrdə tam olaraq Amerikanın rolunun olduğunu iddia etmək olmaz: "Sadəcə, rəqabətdə Səudiyyə Ərəbistanı ABŞ-ın dəstəyini aldı. Üstəgəl, böyük silah anlaşması imzalandı. Bu mərhələdə ABŞ anti-İran xəttini də gücləndirir ki, daha çox cəlbedici olsun. Burada məsələ ideoloji olmaqdan daha çox siyasi rəqabət mahiyyətlidir”.


Yeri gəlmişkən, ötən gün Türkiyənin baş naziri Binəli Yıldırım bildirib ki, Ankara Qətər böhranının dialoq yolu ilə həll olunacağına ümid edir. Ondan əvvəl isə Türkiyə prezidenti gərginliyi yumşaltmaq üçün Səudiyyə kralı Salmanla telefonla danışıb. A.Bağırovanın fikrincə, Türkiyə bir zamana qədər bu münaqişəyə qarışmayacaq. Çünki ərəblər arasında mübarizə Ankaraya sərf edir. Onun fikrincə, Türkiyə bu məsələdə tərəf deyil.


Qeyd edək ki, bəzi dairələrdə hətta Qətərə hərbi müdaxilə olması ehtimalından bəhs edirlər. Ancaq həmsöhbətimiz deyir ki, hərbi müdaxilə mümkün deyil, əksinə, Səudiyyə Ərəbistanı üçün təhlükəyə çevrilə bilər. Bu səbəbdən də ekspertə görə, hərbi qarşıdurma olmasa da, lokal radikal qrupların fəallaşması və terror aktlarının olması mümkündür. Ümumilikdə isə proses daha çox əzələ nümayişi və təzyiqlərlə özünü göstərəcək.


A.Bağırova deyir ki, bu prosesdə qazanan tərəflərdən biri də İran olacaq. Gərginlik İran üçün divident gətirəcək. Eyni zamanda Qətər böhranı Suriya münaqişəsi və buradakı savaş silahlılara da təsir edəcək. Hətta Qətər və Səudiyyə Ərəbistanının dəstəklədiyi silahlı qrupların kənarda qalması ehtimalı var. Ancaq ekspert böhranın hələ bir müddət davam edəcəyini və təsirlərinin olacağını düşünür.





[email protected]