Dünyadan cənazə namazı qılınmadan köçən “müsəlmanlar”

Arzu Nağıyev: "Hər şeyi dinə, məzhəbə tərəf yönəltmək doğru hal deyil”; Kənan Röşvənoğlu: "Müsəlmanlar həmin şəxsləri bir növ özlərindən bilmirlər”

Britaniyanın 130-a yaxın imamı və ruhani xadimi "London-Bric” körpüsündə terror aktını törədənlərin yasında iştirak edib, cənazə namazı qılmaqdan imtina edib.


"BBC Azərbaycan”nın məlumatına görə, dindarlar bildiriblər ki, bu adamlar üçün kimliyindən asılı olmayaraq hər bir müsəlmanın haqqı olan yas ayinlərini icra etməyəcəklər.


Onların sosial mediada dərc olunmuş bəyanatında deyilir ki, İslamın prinsiplərində yer alan bir sıra etik məqamlara görə terror aktını törətmiş adamların yasında ənənəvi ayinləri icra etməkdən imtina edirlər. Din adamları ölkənin başqa imamlarını da belə etməyə çağırıblar. 
Londonun şərqindəki məsciddə çıxış edən ruhanilər deyiblər ki, onlar dinin hökmlərini saxtalaşdıranlarla bütün vasitələrlə mübarizə aparacaqlar.


Baş nazir Tereza Mey isə bəyanatında terrorçuların "həqiqi İslamı təhrif etdiklərini” demişdi.


Baş nazir bildirmişdi ki, Britaniyada yaşayan, lakin cəmiyyətə inteqrasiya olunmaq istəməyən müsəlman icmaları barədə "ciddi söhbətlər” olacaq...


Ümumiyyətlə, tarixə nəzər salsaq görərik ki, dünyanın müxtəlif ölkələrində terrorçuların, vətənə xəyanət edənlərin cənazələrinə qarşı oxşar davranışlar olub.


Məsələn, ötən ilin iyul ayında qardaş Türkiyədə həyata keçirilən dövlət çevrilişi cəhdi zamanı öldürülən hərbçilərin cənazə namazları qılınmadı. Bu barədə Türkiyə Dini İşlər İdarəsindən edilən açıqlamada məlumat verilmişdi. Bəzi ölkələrdə isə cənazə xidməti göstərən qurumlar terrorçuların meyitlərini aparmaq üçün maşın belə verməkdən imtina ediblər...


Təhlükəsizlik üzrə ekspert Arzu Nağıyev "Yeni Müsavat”a bildirib ki, hər bir məsələnin üç cür həll yolu var; Allah yolu, qanuni və oğru yolu: "Baş verən proseslərdə birinci məsələ dövlətin qanunvericiliyi olmalıdır. Tutaq ki, terrorçu haradasa terror hadisəsi törədibsə, ilk növbədə hadisənin detallarına varmaq lazımdır ki, o, nə üçün bu yolun yolçusu olub. Bəlkə də hansısa əqidənin qulluqçusudur və kiməsə onun davranışları xoş deyilsə də, öz ətrafındakılar bu fikirdə deyillər. Yəni hər məsələyə fərdi baxımdan yanaşmaq lazımdır. Son zamanlar baş verən hadisələrdə deyirlər ki, əgər kimsə vətən xainidirsə, o, gərək qəbiristanlıqda dəfn olunmasın. Hesab edirəm ki, proseslərə insani tərəfdən baxmaq daha doğru olar.

Image result for Arzu Nağıyev

Adam dünyaya gələndə terrorçu kimi gəlmir. Demək ki, onu bu işlərə cəlb edənlər var. Dünya praktikasında neçə illərdən bəri türmədən çıxan bəzi şəxslərə də uzun müddət başdaşı qoymayıblar və yaxud da müxtəlif cür addımlar atıblar. Konkret fikir bildirmək olmaz ki, kimsə terror törədibsə, onu dəfn etmək olmaz. Hər şeyi dinə, məzhəbə tərəf yönəltmək doğru hal deyil. Düşünürəm ki, bu kimi yanaşmalar insanları bölmək, fərqləndirmək deməkdir. Necə olur ki, özlərini ”qanuni oğru" adlandırıb cinayət törədənlərin, kiməsə böyük zərər verənlərin cənazələrinə fərqli davranılmır. Onlar xalq, dövlət üçün nə ediblər ki? Əgər belədirsə, saatda 200-lə avtomobil sürüb, kiminsə ölümünə səbəb olana da cənazə namazı qılınmasın. İlk növbədə dövlətin qanunları əsas götürülməlidir. Bütün detallar bu məsələdə nəzərə alınmalıdır. Nəsil, kök məsələsi var. Atası kiminsə ucbatından xalq düşmənı olubsa, onun balalarına təzyiq etmək olmaz".


Məsələnin dini tərəfləri barəsində danışan "Yeni Müsavat”ın dini yazarı Kənan Rövşənoğlu bildirib ki, dinə görə müsəlmanın dəfnində namaz qılınması vacibdir:

Image result for Kənan Rövşənoğlu


"Məsələ ondadır ki, günahsız insanları öldürənlərə, xalqa qarşı çıxanlara ölümlərindən sonra bu kimi cəzalar verilir. Bunun bir dini izahı yoxdur. Sadəcə olaraq, bu, toplumların, cəmiyyətlərin qisas hissləridir ki, bu cür formada cəsəddən sanki öz qisaslarını alırlar. Müsəlman olan üçün cənazə namazı önəmlidir. Ümumiyyətlə, hər bir müsəlman dünyadan köçərsə, vacib olan dörd əməl var. Bunlar meyitinin yuyulması, kəfənlənməsi, cənazə namazının qılınması və dəfn olunmasıdır. Sadaladığım şərtlər hər bir müsəlman üçün vacibdir. Hətta tanımadıqları adam olsa belə, müsəlmanlar hansısa müsəlman ölərsə, bu şərtləri etməlidirlər. Bəzi şeylər şərtlərə görə dəyişsə də, ümumi məsələ söylədiklərimdir. Ancaq bəzən bu cür terrorçulara, bilərəkdən insanlara qəsd edən şəxslərin cənazələrinə qarşı fərqli formada davranılır. Artıq müsəlman həmin hökmləri diqqətə almır. Məsələn, terrorçunu harasa atırlar, ona meyit namazı qılmırlar. Yəni bir növ həmin şəxsi müsəlman kimi bilmirlər. Çünki müsəlman olmağın şərti namaz qılmaqdan, oruc tutmaqdan daha çox, insanlıq haqqına riayət etmək, Allahın yaratdıqlarına qarşı rəhimli olmaqdır. Namaz Allah və insan arasındakı məsələdirsə, müsəlman üzərində əsas məsələ ictimai yük, vəzifə, onun cəmiyyətdəki davranışlarıdır. Ona görə də qeyd etdiyimiz məsələ cəmiyyətin cəzasıdır”.





[email protected]