"Qlobal istiləşməyə dair 2015-cil il Paris iqlim sazişindən geri çəkilməklə ABŞ gələcəyi rədd edən azaylı ölkələrə qoşulur. Bununla yanaşı, əminəm ki, ölkəmizdə ştatlar, şirkətlər və müəssisələr iqlimin qorunması ilə bağlı təşəbbüsü öz üzərilərinə götürə bilərlər".
ABŞ-ın sabiq prezidenti Barak Obama Birləşmiş Ştatların dövlət başçısı Donald Trampın ABŞ qlobal istiləşməyə dair 2015-cil il Paris iqlim sazişindən geri çəkiliməsi ilə bağlı qərarını belə şərh edib.
İctimaifikir.az BBC-yə istinadən bildirir ki, Trampın dediyinə görə, ABŞ müəssisə və işçilərini əlverişsiz vəziyyətdə qoymayacaq "ədalətli" razılaşma üçün danışıqlara doğru hərəkət edir.
D.Tramp ötən ilin prezident seçkilərindəki kampaniyası zamanı ölkəsinin neft və kömür sənayesinə kömək etmək üçün addım atacağını deyib.
Rəqibləri deyirlər ki, sazişdən çıxmaq ABŞ-ın əsas qlobal meydanda rəhbərlikdən əl çəkməsi deməkdir.
Paris sazişi ABŞ və digər 187 ölkədə tətbiq edilir.
Bu saziş qlobal temperaturun artmasını "xeyli aşağıda", sənayeləşməyə qədərki səviyyənin 2C üzərində saxlanılması və onun daha da aşağı, 1,5C-ə qədər "məhdudlaşdırmaq səylərini" ehtiva edir.
Yalnız Suriya və Nikaraqua bu razılaşmanı imzalamayıb.
Tramp nə deyir?
Donald Paris sazişini ABŞ-ı axsatmaq, əlverişsiz vəziyyətə salmaq və tükətmək məqsədi daşıyan sövdələşmə kimi səciyyələndirib.
"Bu anlaşma ABŞ üçün çox zərərlidir. Belə ki, anlaşmanın şərtlərini yerinə yetirməyə başlasaq, ölkəmiz 2025-ci ilədək 2,7 milyon iş yerini itirə bilər. Anlaşma ABŞ-ın pullarını və resurslarını başqa ölkələrə yönəldir", - D.Tramp deyib.
Birləşmiş Ştatların Paris razılaşmasından çıxması dünya ölkələri üçün razılaşmada müəyyən edilmiş məqsədlərə nail olmağı daha da çətinləşdirəcək.
Karbon qazı tullantılarının 15 faizi ABŞ-ın üzərinə düşür. ABŞ həm də inkişaf etməkdə olan ölkələrin temperaturun artması ilə mübarizə aparmaq səyləri üçün maliyyə və texnologiyanın mühüm mənbəyidir.
D.Tramp ABŞ-ın nə zaman sövdələşmədən çıxacağı barədə dəqiq tarix verməyib. Lakin Ağ Evdəki mənbələr bildirib ki, bu proses dörd ilədək vaxt apara bilər.
Reaksiyalar nə olub?
Respublika konqresinin liderləri və ABŞ kömür sənayesi prezidentin qərarını dəstəkləyib.
Senatın Demokrat lideri Çak Şumer qərarı "21-ci əsrin ən pis siyasət addımlarından biri" adlandırıb.
Fransa, Almaniya və İtaliya liderləri müqavilənin yenidən baxılmasını rədd edən birgə bəyanat yayıb.
Kanada prezident Trampın qərarına "dərindən məyus" olub, ölkənin Ekologiya Naziri Catherine McKenna jurnalistlərə bildirib.
Böyük Britaniyanın baş naziri Tereza Mey ABŞ prezidentinin addımından məyusluq ifadə edib.
O, Trampla telefon danışığında anlaşmanın gələcək nəsillərin rifah və təhlükəsizliyini qoruduğunu deyib.
İsveç, Finlandiya, Danimarka, Norveç və İslandiya da bu addımı pisləyib.
BMT-nin sözçüsü deyib ki, qərar "istixana qazlarının atmosferə atılmasının azaldılması və qlobal təhlükəsizliyin təşviqinə görə qlobal səylər üçün böyük məyusluqdur".
Dəniz səviyyəsinin qalxması nəticəsində mövcudluğu təhlükə altında olan kiçik ada millətlər də addımı tənqid edib.
Qlobal istiləşməyə dair iqlim sazişi 2015-ci ilin dekabrın 12-də Parisdə keçirilmiş İqlim Dəyişiklikləri ilə bağlı Çərçivə Konvensiyasına həsr olunmuş 21-ci konfransda qəbul olunub.
Forumun 125 üzvü saziş imzalayaraq qərara gəlmişdilər ki, 2100-cü ilədək planetdəki temperatur sənayeləşmə dövründən əvvəlki vaxtla müqayisədə +2 dərəcədən artıq olmamalıdır.
Alimlər hesab edirlər ki, qlobal istiləşmə ekologiya üçün qarşısıalınmaz fəsadlar yarada bilər.
Biznes və milyarderlər Trampa qarşı çıxdı
ABŞ-ın ən böyük korporasiyaları ölkənin Paris sazişini tərk etməsinə qarşı çıxıblar.
Ötən aydan başlayaraq The New York Times, The Wall Street Journal və New York Post-da korporasiyalar tam səhifəlik reklam yerləşdirərək birgə bəyanatlarını dərc etdirmişdilər.
Onlar D.Trampı ABŞ-ın Paris sazişi çərçivəsində qalması barədə qərar verməyə çağırırdılar.
Lakin D.Trampın dünənki açıqlamasından sonra "Tesla" və "SpaceX" şirkətlərini banisi ilə sahibi, multimilyarder İlon Mask ABŞ prezidenti yanındakı şuranı tərk edib.
O, Twitter-dəki profilində yazıb: "İqlim dəyişiklikləri realdır. Paris sazişini tərk etmək ABŞ üçün də, dünya üçün də pisdir".
"Disney" korporasiyasının baş icraçı direktoru Robeyr Ayqer də analoji addım atıb.
Məqaləyə dair fotomateriallar: