“Prezident Azərbaycanı təhdid edən dövlətlərə çox ciddi mesajlar verdi”

Vahid Əhmədov: "Biz həmişə belə layihələri həyata qonşu dövlətlər tərəfindən belə təhdidlərlə üzləşmişik”


"Mayın 26-da ”Buta" sarayında Azərbaycan Respublikasının milli bayramı - Respublika günü münasibətilə keçirilən rəsmi qəbulda cənab prezident İlham Əliyev çox mühüm mesajlar verdi".


Deputat Vahid Əhmədov bu sözləri "Yeni Müsavat”a açıqlamasında dedi. Dövlət başçısının səsləndirdiyi fikirləri şərh edən millət vəkili qeyd etdi ki, TANAP, TAP layihəsi ilə əlaqədar səslənən mesajlar çox böyük əhəmiyyət kəsb edir: "Çünki bu layihələrin maliyyə məsələləri də faktiki olaraq həllini tapıb, amma buna baxmayaraq, bəzi qüvvələr layihənin gerçəkləşməsinə qarşı çıxış edirlər. Ola bilər ki, ermənipərəst qüvvələr, yaxud başqa qruplar bu layihənin baş tutmasına mane olmağa çalışırlar. Əsasən də İtaliya tərəfdə guya ekologiya məsələsi ilə əlaqədar maneçiliklər başlamışdı, amma mənim məlumatıma görə artıq məsələ yoluna qoyulub”.


V.Əhmədov baş verənlərin təsadüf olmadığına əmindir: "Ümumiyyətlə, biz həmişə belə layihələri həyata keçirəndə - istər Bakl-Ceyhan, istər Bakı-Qars, istərsə Bakı-Ərzurum olsun - qonşu dövlətlər tərəfindən belə təhdidlərlə üzləşmişik. Yəni istəmirlər ki, Azərbaycan Avropaya başqa marşrutlarla neft-qaz ixrac etsin. Onların məqsədi budur ki, enerji layihələri öz ərazilərindən keçsin. Budəfəki hadisə də gözlənilən idi. Məncə, elə bir ciddi hadisə olmayacaq”.


Qeyd edək ki, Azərbaycan prezidenti Respublika Günü ilə bağlı keçirilən rəsmi qəbulda Azərbaycanın müstəqilliyini təhdid edən qüvvələrə də ünvanlı mesajlarını çatdırıb, müstəqilliyimizin dönməz, əbədi olduğunu bəyan edib. Ölkədə hazırkı ictimai-siyasi vəziyyətə toxunaraq, prezident qeyd edib ki, ölkə daxilində risklər yoxdur. Ehtimal ki, prezident "risklər” dedikdə həm hakimiyyətə gəlmək iddiasında olan alternativ qüvvələrin zəifliyini, həm siyasi stabilliyi, həm də sabitliyi təhdid edən radikal qüvvələrin olmamasını nəzərdə tutur. Dövlət başçısı ölkəmizə əsas risklərin xaricdən qaynaqlandığını bəyan edib. "Biz ölkəni xarici təhlükələrdən qorumalıyıq” deyən prezident əlavə edib ki, Azərbaycan yalnız öz milli maraqlarından hərəkət edir və xarici siyasətdə heç bir avantüraya getməyəcək.


V.Əhmədov da hesab edir ki, prezidentin ikinci mühüm mesajı təhlükəsizliklə bağlıdır:"Doğrudan da bu məsələ bizim üçün xüsusi əhəmiyyət kəsb edir. Bütün dünyada baş verən terror hadisələri, gərginliklər fonunda Azərbaycanın stabil dövlət olması, bu stabilliyin qorunub-saxlanılması mühüm məsələdir və burada təhlükəsizlik xidmətlərinin rolu çox böyükdür. Ölkə başçısı bir daha göstəriş verdi ki, bu sahəyə diqqəti artırmaq lazımdır və müvafiq qurumların rəhbərliyi daha diqqətli olmalıdır”.


Millət vəkili bu mesajların məhz Respublika Günündə səslənməsini səbəbsiz saymadı:"Fikir verdinizsə, cənab prezident çıxışını müstəqilliyimizin daimi, əbədi olacağı ilə bağlı fikirlərlə yekunlaşdırdı. Yəni bir daha xatırlatdı ki, biz müstəqil dövlətik, müstəqil siyasət aparırıq, heç kim bizim daxili işlərimizə qarışa bilməz. Bu, Azərbaycanı təhdid edən dövlətlərə çox ciddi mesajlar idi. Həm də Qarabağ məsələsi ilə əlaqədar çox ciddi mesajlar verdi ki, biz onsuz da gec-tez öz torpaqlarımızı azad edəcəyik, ancaq bunun sülh yolu ilə həllinə üstünlük veririk. Ümumilikdə prezident dövlətimiz, xalqımız üçün çox önəmli mesajlar verdi”.




[email protected]