ABB-nin investorlar qarşısındakı öhdəlikləri suveren istiqrazlarla əvəzlənəcək

Ruslan Atakişiyev: "Beynəlxalq agentliklər tərəfindən reytinqlərin aşağı salınması dönərli bir prosesdir”

Azərbaycan Beynəlxalq Bankı ətrafında gedən proseslər həm beynəlxalq maliyyə sektorunda , həm də ölkədə çox ciddi şəkildə izlənilir. Beynəlxalq agentliklər bankın durumunun necə olacağı ilə bağlı müxtəlif proqnozlar verirlər. Son olaraq "Moody’s” beynəlxalq reytinq agentliyinin vitse-prezidenti Mariya Malyukova bildirib ki, ABB mayın 23-də beynəlxalq kreditorlara təqdim etdiyi xarici öhdəliklərin restrukturizasiyası planının təsdiqlənməsinə investorlar tərəfindən razılıq veriləcək.


M.Malyukova qeyd edib ki, kreditorların təsdiqləyəcəyi plana əsasən, ABB-nin investorlar qarşısındakı öhdəlikləri suveren istiqrazlarla əvəzlənəcək, ödəniş müddəti uzadılacaq və gəlirlilik azalacaq.


Qeyd edək ki, Restrukturizasiya planı elan olunduqdan sonra "Fitch Ratings” ABB-nin reytinqini "CCC” səviyyəsindən "RD”, yəni məhdud defolt səviyyəsinədək endirib. Lakin "Moody’s” rəhbərliyi analoji addımı atmaq niyyətyində deyil.


Beynəlxalq agentliklər tərəfindən reytinqlərin aşağı salınmasına ABB İdarə Heyətinin sədri Xalid Əhədov da münasibət bildirib. O deyib ki, bank rəhbərliyi tərəfindən əvvəlcədən də bəyan edildiyi kimi, bu, gözlənilən idi: "Restrukturizasiya prosesi keçən bank üçün bu, normal bir qərardır. Beynəlxalq reytinq agentlikləri öz ənənəvi standartlarına və praktikalarına əsaslanaraq ABB-nin reytinqlərini müvəqqəti aşağı saldılar. Bu hal qısamüddətlidir. Bankın maliyyə mövqeləri gücləndikcə beynəlxalq agentliklər öz qərarlarına yenidən baxaraq bankın reytinqlərini yenidən yüksəldəcəklər”.


Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq Komitəsinin üzvü, deputat Vahid Əhmədov "Yeni Müsavat”a danışarkən bildirdi ki, Beynəlxalq Bank hazırda dünyanın diqqət mərkəzindədir: "Bu yaxınlarda maliyyə nazirinin müavini bizim komitədə olanda da məsələ qaldırdıq. O bildirdi ki, heç bir problem yoxdur. Beynəlxalq kreditorlarla müəyyən danışıqlar gedir. Nazir Samir Şərifov Londondan yeni qayıdıb. Orada da danışıqlar aparılıb. İndi həmin kreditorların borcunu müəyyən vaxta uzatmaq məsələsi ətrafında müzakirə aparılır. Bu müzakirələrin nəticəsinin necə olacağını deyə bilmərəm. Ancaq əsas odur ki, bu bankdakı depozitlərlə bağlı məsələdə problem yaşanmayacaq. Nazir müavini də bildirdi ki, depozitlərlə bağlı heç bir problem yoxdur. Atılan addımlarda əsas məqsəd Beynəlxalq Bankı sağlamlaşdırıb özəlləşdirməyə çıxarmaqdan ibarətdir. Bankın reytinqinin aşağı düşməsi məsələsi də gündəmdədir. Bankın İdarə Heyətinin sədri də açıqlama verərək bildirib ki, bu cür sağlamlaşdırma əməliyyatları aparılan zaman reytinqlərin aşağı salınması normaldır. Bu proses yekunlaşandan sonra reytinqlər qalxacaq. Bütün bunlar beynəlxalq kreditorlarla məsələnin necə həll olunacağından asılıdır. Bu məsələ həllini tapacaqsa, reytinqlər arta bilər”.


İqtisadçı ekspert Ruslan Atakişiyev də "Yeni Müsavat”a açıqlamasında bildirdi ki, son dövrlər Beynəlxalq Bankda aparılan restrukturizasiya işlərində məqsəd bankı sağlamlaşdırıb dövlətin payını özəlləşdirməyə çıxartmaqdır: "Dövlətin hədəfi bu istiqamətdə lazım olan bütün tədbirləri görmək, son nəticədə sağlam bir şəkildə ABB-nin özəlləşdirilməsinə başlamaqdır. Dövlət bu prosesi sonuna qədər həll etməyə çalışacaq. Çünki bu günə qədər xeyli iş görülüb, hökumət bu istiqamətdə kifayət qədər vəsait xərcləyib. Çıxış yolu bankın likvitliyini artırıb, onu sağlam bir şəkildə yeni sahiblərinə təqdim etməkdir”.


Ekspertin sözlərinə görə, xarici kreditorlar qarşısında öhdəliklərin yerinə yetirilməsi də çox vacibdir: "Hökumət bankın, eləcə də ölkənin kredit reytinqinin aşağı düşməməsi üçün bu öhdəliklərin yerinə yetirilməsinə zəmanət verməlidir. Beynəlxalq agentliklər tərəfindən reytinqlərin aşağı salınması dönərli bir prosesdir. Agentlik reytinqi salıbsa, bir müddət sonra qaldıra da bilər. Bu, bankın cari fəaliyyəti ilə bağlı göstəricilərdir və maliyyə hesabatları əsasında müəyyən edilir. Əgər bankın maliyyə hesabatları pozitiv olarsa, kredit reytinqi yüksələ bilər. Yəni bu, qorxulu bir proses deyil. ABB əvvəlki fəaliyyətinə görə yerli banklar içərisində ən nüfuzlu və beynəlxalq standartlara cavab verən bir bank idi. Ona görə də hədəf maksimum çalışıb bu bankı saxlamaqdır”.




[email protected]