OPEK hasilatın daha 9 ay uzadılmasına qərar verdi

Bu, dünya neft bazarına nə vəd edir?

OPEK və OPEK-ə üzv olmayan neft ölkələrinin mayın 25-də Vyanada işini tamamlayan növbəti sammitində neft hasilatının azaldılması ilə bağlı 2016-cı ilin noyabr ayının 30-da qəbul edilmiş anlaşmanın daha 9 ay müddətinə uzadılmasına qərar verilib.


"Bloomberg” xəbər verir ki, iclas iştirakçılarından biri bu barədə açıqlama verib. Qeyd edək ki, ilin əvvəlindən qüvvədə olan hazırkı anlaşmanın müddəti iyunun 30-da bitir.


OPEK-dən gələn bu açıqlama neft bazarında mənfi qarşılanıb. Belə ki, hazırda "Brent” markalı neftin qiyməti mayın 24-də nisbətən 1,3% azalaraq 53,25 dollar/barelə düşüb. Qeyd edək ki, neft bazarı iştirakçıları hasilatın azaldılması kvotasının artırılmasını gözləsə də, iclasda bu məsələ müzakirə olunmayıb.


Xatırladaq ki, ötən il noyabrın 30-da OPEC üzrə gündəlik neft hasilatının 1,2 mln. barel azaldılaraq 32,5 mln. barelə endirilməsi barədə razılıq əldə olunub. Dekabrın 10-da isə Vyanada OPEC üzvləri ilə təşkilata daxil olmayan 11 ölkə, o cümlədən Azərbaycan ümumi hasilatın sutkada 558 min barel azaldılması barədə sazişə imza atıb. Saziş bu ilin birinci yarısı üçün bağlanıb.


Azərbaycan Energetika Nazirliyinin məlumatına görə, 11 ölkənin 2017-ci il yanvarın 1-dən gündəlik neft hasilatını 558 min barel azaltmaq barədə razılaşması çərçivəsində Azərbaycan hasilatı sutkada 35 min barel azaltmaqla bağlı götürdüyü öhdəliyi tam yerinə yetirib. Yanvar ayı ərzində ölkə üzrə gündəlik neft hasilatı 793,9 min barel, fevralda 776,4 min barel, martda 733,3 min barel, apreldə isə 781,1 min barel olub.


Bəs görəsən, OPEK-in toplantısında verilən bu qərar dünya neft bazarındakı durumu hansı istiqamətdə dəyişə biləcək?


Bu sualı cavanlandıran iqtisadçı ekspert Vüqar Bayramov "Yeni Müsavat”a açıqlamasında bildirdi ki, OPEK-in bu qərarı gözlənilən idi: "Hasilatın dondurulmasının hansı müddətə uzadılması ilə bağlı müəyyən fikir ayrılığı var idi ki, 6 ay, yoxsa 9 ay qüvvədə saxlanılsın. OPEK üzvlərinin əksəriyyəti 9 aylıq uzatmaya qərarlı olduğu üçün hasilatın 9 ay müddətində uzaldılması barədə razılaşma əldə edildi. Bu razılaşma dünya bazarında neftin qiymətində kəskin azalmaların qarşısını alacaq. Çünki əgər OPEK anlaşma əldə etməsəydi, bu, neftin qiymətinin kəskin ucuzlaşmasına gətirib çıxara bilərdi. Artıq qərar bazara psixoloji təsirini göstərə bilərdi”.

Image result for Vüqar Bayramov


Ekspert onu da vurğuladı ki, OPEK-in bu qərarı neftin qiymətlərinin kəskin artacağı anlamına gəlmir: "Söhbət mövcud öhdəliyin azalmasından gedir. Biz son 6 ayda bu öhdəliyin qüvvədə olduğu dövrdəki qiymətlərə baxsaq, görərik ki, qiymətlər 50-55 dollar ətrafında dəyişib. Gözləntimiz odur ki, növbəti uzatma da 9 aylıq müddət ərzində qiymətlərin həmin intervalda dəyişməsinə gətirib çıxaracaq. Praktik olaraq, OPEK interval qiymətlərindəki dəyişikliyi qoruyub saxlamağa çalışır. OPEK kəskin qiymət artımlarını hədəfləmir. Bu real da deyil. Çünki artıq şist neftin maya dəyəri 35 dollara qədər azalıb. Bu baxımdan, kəskin qiymət artımları bazarın yenidən neftlə dolmasına gətirib çıxara bilər. O baxımdan, nə OPEK , nə də bu təşkilata üzv olan ölkələr kəskin qiymət artımları gözləmirlər. Ancaq onlar qiymətin stabilləşməsində maraqlıdırlar. OPEK-in son qərarı da qiymətlərin stabilləşməsinə gətirib çıxara bilər”.


V.Bayramovun fikrincə, bu razılaşmanın 2018-ci ilin martında sona çatacağını nəzərə alsaq, o zaman bazara çıxarılan neftin həcmində artımlar ola bilər: "Bu baxımdan, ciddi qiymət artımlar heç bir halda gözlənilən deyil. Öhdəliyə əməl edilməsi ilə bağlı ilk 5 ayın yekunlarında razılaşmaya təxminən 80- faiz əməl edildi. O baxımdan, bu, qiymətin dəyişmə tendensiyasından və bazara çıxarılan şist neftin həcmindən asılı olacaq. Güman olunur ki, öhdəliklərə təxminən 80 faiz əməl olunması növbəti dövrlərdə də mümkün olacaq. Ola bilər ki, müxtəlif ölkələrdə texniki problemlər yaşana bilər və öhdəliyə tam əməl etmək mümkün olmaz. Ancaq öhdəliyə təxminən 80 faiz əməl ediləcəyi gözlənilir. Ona görə də OPEK və neft ölkələri üçün bu anlaşma çox vacib idi. Lakin bu, heç də yüksək qiymətlərin qayıtması anlamına gəlmir. Yüksək qiymətlər artıq bir tarixdir. 2020-ci ildən sonra dünya iqtisadiyyatında neftə tələbat kəskin artarsa, o zaman qiymətlər yüksələ bilər. Ancaq şist neftin maya dəyərinin azalması fonunda yaxın zaman üçün neft bazarında kəskin qiymət artımı gözlənilmir”.




[email protected]