Əkrəm Həsənov: "Prosesin uzanması yaxşı əlamət deyil və bankın müştərilərini və investorlarını qaçırdacaq”
Səhmləri dövlətə məxsus olan "Azərbaycan Beynəlxalq Bankı” ASC (ABB) tezliklə özəlləşdiriləcək, lakin bu proses 2018-ci ildən tez baş verməyəcək". "Reuters”in məlumatına görə, bu fikirləri ABB-nin xarici öhdəliklərinin restrukturizasiyası ilə bağlı planı beynəlxalq kreditorlara təqdim etmək üçün Londonda səfərdə olan maliyyə naziri Samir Şərifov bildirib. Nazir qeyd edib ki, bank ilk növbədə balans göstəricilərini "sahmana salmalıdır”: "Ancaq istənilən halda real olaraq özəlləşdirilmə prosesi 2018-ci ildən tez baş tutmayacaq”.
Qeyd edək ki, ABB-də dövlətə məxsus səhmlər 91,3%-ə (Maliyyə Nazirliyi - 76,7%, Aqrarkredit - 14,6%) çatıb.
Bəs görəsən, ABB-nin özəlləşdirilməsi prosesinə qədər olan müddətdə nələr baş verəcək? Bankın 2018-ci ildən sonrakı borc öhdəlikləri kimin üzərinə düşəcək?
Bu sualları cavablandıran iqtisadçı ekspert, hüquqşünas Əkrəm Həsənov bildirdi ki, ABB-nin hazırda 1 mlrd. dollardan çox zərəri var və hökumət bu borcun bir hissəsini silmək istəyir: "Buna görə də hökumət onun cəmi borcundan bir hissəsini - 3,337 mlrd. dolları silmək istəyir. Məlum olduğu kimi, bu borcun 1 mlrd. dolları Neft Fonduna aiddir. Həmin borc, sadəcə, bağışlanılacaq. Yəni artıq Neft Fondunun həmin pulu batmış hesab olunur. Qalan 2,337 mlrd. borc isə xarici kreditorlaradır. Hökumət əvvəlcə dövlətin həmin borcu tam şəkildə öz üzərinə götürdüyünü açıqladı.
Lakin xarici kreditorlarla Londonda baş tutan 23 may tarixli görüşdən sonra həmin kreditorlar bəyan etdi ki, Azərbaycan tərəfi borcu tam üzərinə götürmür və müəyyən güzəştlər (məbləğdə, faiz dərəcəsində, müddətdə) istəyir. Ümumən hökumətimizin bu ardıcılsızlığı və lüzumsuz məxfiliyi üzücüdür və ölkəmizin nüfuzuna, kredit reytinqinə ciddi zərər vurdu, hələ bundan sonra da vuracaq".
Əkrəm Həsənovun sözlərinə görə, ABB-ni iki mümkün aqibət gözləyir: "İlk növbədə onu qeyd edək ki xarici kreditorlarla razılığa gəlmək mümkün olmasa, Beynəlxalq Bank müflis olacaq. Xarici kreditorlar razılığa gəlsələr və müəyyən güzəştlərlə ABB-nin 2,337 mlrd. dollar borcu silinsə, artıq bu borclar dövlətin öhdəsinə keçir. Bu halda 1 mlrd. dollardan çox zərəri olan ABB faktiki 3,337 mlrd. dollar əldə etmiş olur: 1 mlrd. dollar Neft Fondundan, üstəgəl, 2,337 mlrd. dollar xarici kreditorlara olan borcu bağışlanacaq. Deməli, bank 2 mlrd. dollardan çox mənfəətə çıxacaq”.
İqtisadçının sözlərinə görə, özəlləşdirmə ərəfəsində atılacaq ən mühüm addım elə bankı mənfəətə çıxarmaqdır: "Çünki zərərlə işləyən bankı heç kəs almayacaq. Bundan sonra prinsipcə bank özəlləşdirilməyə hazırdır. Lakin təbii ki, bilmədiyimiz məqamlar da var. Böyük ehtimalla bankın hələ başqa daha kiçik problemləri də var və onların həlli müəyyən vaxt aparacaq. Yaxud ola bilsin ki, bankın müəyyən aktivləri yavaş-yavaş digər yerli banklara ötürüləcək. Maliyyə naziri də məhz buna görə deyib ki, bank ən yaxşı halda 2018-ci ildə özəlləşdiriləcək”.
Ə.Həsənovun fikrincə, yaxşı olardı ki, özəlləşmənin yubanması səbəbləri daha konkret açıqlansın: "Əks halda, etimad tam sarsılacaq. Başqa bir risk də var ki, özəlləşməyədək əldə edilən 2 mlrd. dollardan çox mənfəət yox olub gedə bilər. Çünki bu bankın rəhbərlik baxımdan bəxti gətirmir. Hər gələn rəhbər onu bir az da viran qoyub gedir”.
İqtisadçı vurğuladı ki, hər bir halda özəlləşmədən sonra bankın öhdəlikləri sırf bankın öz üzərində olacaq: "Onun yeni səhmdarları bankın öhdəliklərinə görə məsuliyyət daşımayacaq. Bu baxımdan da ABB-də uzunmüddətli vəsait saxlamağa risk edənlərin sayı azalır. İndi heç olmasa arxasında dövlət var, sabah nə olacağını isə heç kəs bilmir. Özəlləşdirmə zamanı hətta ola bilər ki, bankın əsas sahibi belə olmasın. Çünki onun dövlətə məxsus səhmləri (95,05%) satışa çıxarılanda hissə-hissə də alına bilər və nəticədə heç kəsdə 50%-dən çox pay olmaya da bilər. Ümumən bir daha təkrar edirəm: prosesin belə uzanacağı yaxşı əlamət deyil və bankın müştərilərini və investorlarını qaçırdacaq. Bir də görəcəyik yekunda heç özəlləşdirmə də olmadı. Bank müştərilərin itirilməsi nəticəsində kiçilib yerli bankların birinə qoşula da bilər”.