Qabil Hüseynli: "Monteneqro vasitəsilə bir sıra problemlərimizi həll edə bilərik”
NATO-ya üzv ölkələrin sayı iyunun əvvəllərində 28-dən 29-a qalxacaq. Quruma yeni üzv ölkə Monteneqro (Çernoqoriya) olacaq. Bu barədə alyansın baş katibi Yens Stoltenberq deyib. O qeyd edib ki, NATO ölkələri Monteneqronun alyansa daxil olması haqqında protokolun ratifikasiyası prosesini başa çatdırırlar: "Monteneqro iyunun əvvəlində alyansın 29-cu üzvü olacaq”.
Mayın 25-də Brüsseldə keçirilən NATO sammitində bir daha Monteneqronun üzvlüyü məsələsi müzakirə edilib. Artıq bu ölkənin quruma üzv olacağına heç bir şübhə yeri qalmayıb.
Çoxları qurumda Azərbaycanla dost münasibətləri olan ölkələrin sırasına daha birisinin əlavə olunduğunu düşünür. Burada isə bir sıra səbəblər önə çəkilir. Bunlardan biri kimi də ölkəmizin ən çox investisiya yatırdığı dövlətlər sırasında Monteneqronun da yer almasıdır. Ekspertlər bu ölkənin NATO-ya üzvlüyünün Azərbaycanın xeyrinə olacağını düşünürlər.
Politoloq Qabil Hüseynli NATO-nun dünyada bir nömrəli hərbi ittifaq olduğunu söylədi:"Deyərdim ki, yeni dünya düzəninin müəyyən edilməsi bu hərbi ittifaqın təsiri altında baş verir. NTAO sıralarını genişləndirməkdədir. Bu da Rusiyanı çox ciddi narahat edir. İlk dövrlərdə NATO ilə Rusiya arasında müqavilə imzalanmışdı ki, qurumun Şərqə doğru irəliləməsi mümkün deyil və NATO buna guya əməl edəcəkdi. Amma buna əməl olunmadı. NATO artıq Baltikyani ölkələri, Polşa, Çexiya və Slovakiyanı, indi də Çernoqoriyanı öz sıralarına qatır. Bu Azərbaycan üçün böyük rol oynaya bilər. Çünki bu ölkə ilə Azərbaycanın münasibətləri Avropada ikitərəfli münasibətlərə ən gözəl nümunələrdən biridir. Biz Monteneqro vasitəsilə bir sıra problemlərimizi həll edə bilərik. Ermənilər təmas xətti və bəzi yerlərdə öz hədlərini aşan hərəkətlərə yol verirlər. Azərbaycan beynəlxalq qurumlara müraciət etmək məcburiyyətində qalacaq. O zaman şikayət olunan yerlərdən biri də NATO ola bilər. Həmin şikayəti gündəliyə çıxararkən Türkiyə, Çernoqoriya, Polşa və Baltikyani ölkələrin kifayət qədər dəstəyi ola bilər. Azərbaycanla bu dövlətin əlaqələri nəticə etibarı ilə o yerə gətirib çıxara bilər ki, ölkəmiz Çernoqoriya vasitəsilə NATO ilə münasibətlərini daha da yaxşılaşdırar. Onsuz da Azərbaycan NATO çərçivəsində bir sıra proqramlar üzrə işlər aparır.
Bu proqramlar həyata keçirilsə, Azərbaycan bu qurumla xeyli yaxın münasibətlər qurar. Bu münasibətləri indiki şəraitdə qənaətbəxş hesab etmək mümkündür. Azərbaycanın Monteneqro ilə münasibətlərinin bu səviyyədə olması ölkəmizin uğurlu xarici, hərbi siyasəti ilə yanaşı, Rusiyanın son zamanlar Ermənistana göstərdiyi qayğılar baxımından ölkəmizin mövqelərinin möhkəmlənməsinə xeyli köməklik göstərmiş ola bilər. Bir sözlə, biz dost ölkənin NATO-ya üzv olmasını ürəkdən alqışlamalı, ona uğurlar arzulamalıyıq. Özümüz də həmçinin, Gürcüstan kimi NATO istiqamətində səylərimizi artırmalıyıq. Bu gün Rusiya bizə başqa seçim yeri qoymayıb. Kreml getdikcə işlərimizə daha çox burnunu soxur, Ermənistan vasitəsilə bizə daha çox təzyiqlər edir. Belə olan şəraitdə bizim üçün ən perspektivli variant NATO-dur. Yəqin ki, bu istiqamətdə də işlər gedir”.
Politoloq "Eurovision” yarışmasında Monteneqronun ölkəmizə sıfır xal verməsi və Azərbaycanın bu ölkədəki investisiyalarına da toxundu: ""Eurovision” məsələsi siyasidir. Mədəni proqram çərçivəsindən tamamilə çıxıb. Bu nöqteyi-nəzərdən kimin-kimə səs verəcəyi əvvəlcədən razılaşdırılır. Dövlətlər arasında bölüşdürüldüyünü desək yanılmarıq. Məsələn, Azərbaycan böyük səsini bu ölkəyə vermədi. O zaman indi onlar bizdən inciməlidir? Burada incimək üçün heç bir əsas yoxdur. Əvvəllər ölkəmizin səsini Rusiya qamarlayırdı. İndi çox şükürlər olsun ki, Azərbaycan müstəqil hərəkət edir. Görünür, bu məsələdə bilmədiyimiz tərəflər var. Səsverməməyə görə bu ölkə ilə münasibətlərin pozulacağını zənn etmirəm. Yatırımlara gəlincə, oliqarxlarımız orada gözəl hotellər tikiblər, özlərinə villalar tikdiriblər. Nədənsə oliqarxlar ölkəmizə deyil, başqa ölkələrə yatırım yatırmağa daha çox meyl edirlər, xüsusilə Çernoqoriyaya. Görünür, bu dövlət bir sıra xüsusiyyətlərinə görə oliqarxlarımız üçün əlverişlidir. Amma güman edirəm ki, sərmayənin qorunması baxımından bu ölkədən Azərbaycana heç bir ziyan gəlməyib".