ABŞ iki dövlətlə müharibə astanasında

Ağ evin ilk hədəfində İran, yoxsa Şimali Koreyadır; politoloqlar fərqli fikirdədir...


Aprel-may aylarında Amerika Birləşmiş Ştatlarının Şimali Koreya və İranla kəskinləşən münasibətləri kritik həddə çatmaqdadır. Artıq dünya yeni müharibə təhlükəsini hiss etməyə başlayır. Proseslərin bu şəkildə davamının sonda müharibə ilə nəticələnəcəyi ehtimalı yüksəkdir. Belə ki, nə ABŞ bu iki dövlət qarşısında geriyə addım atır, nə də onlar Birləşmiş Ştatlar qarşısında geri çəkilmək fikrindədir.

Artıq dünya ABŞ-ın ilk olaraq bu iki dövlətdən hansı ilə müharibəyə başlayacağı ilə bağlı "baş sındırır”. Çoxları hesab edir ki, Rusiya faktorunu nəzərə alan ABŞ öncə Şimali Koreya ilə haqq-hesab çürüdəcək. Çünki İranın yerləşdiyi region Şimali Koreyaya nisbətən rəsmi Vaşinqton üçün əlverişli deyil.


Politoloq Elxan Şahinoğlu hesab edir ki, ABŞ Koreya ilə müharibə riskinə getməz: "Trampın xarici siyasətdəki əsas prioritetləri hələ bəlli deyil. Doğrudur, o, seçkiqabağı çıxışlarında deyirdi ki, beynəlxalq terrorçulara qarşı kəskin mübarizəyə başlayacaq. Ancaq hələ ki Amerika təyyarələrinin Suriyada boş hava limanını bombalamasından başqa ortada konkret heç nə yoxdur. Beynəlxalq terrorçular Suriya, İraq, Liviya və Yəməndə kök salıb, müharibələrdə iştirak edirlər. Tramp hələ ki Amerika qoşunlarını bu ölkələrdən heç birinə göndərib terrorçularla mübarizəyə başlamayıb. Tramp Şimali Koreya liderini də çox hədələdi, Amerika hərbi gəmilərini Koreya sahillərinə göndərdi. Ancaq nəticə yoxdur. Şimali Koreya lideri ölkəsində əvvəlkitək nüvə sınaqları həyata keçirir və Tramp administrasiyasının onu yola gətirmək üçün planı yoxdur. Belə olan halda Trampın Şimali Koreya ilə müharibəyə başlayacağını zənn etmirəm. Tramp bunun neçə böyük fəlakətə gətirəcəyini anlayır, özü anlamasa belə, müşavirləri nüvə dövləti ilə müharibənin riskləri haqqında ona müfəssəl məlumat veriblər. İstənilən ABŞ prezidenti hakimiyyətdə olduğu dövrdə haradasa müharibə edib. Biri böyük, digəri kiçik müharibə edib. Ancaq bütün hallarda ordu hansısa ölkəyə göndərilib. Bu, ya kiçik Qrenada adasında hakimiyyətin zorla devrilməsi olub, ya da İraq və Əfqanıstandakı müharibələrdə iştirak olub. Ancaq Amerikanın hərbi müdaxilələri heç də həmişə beynəlxalq aləmin xeyrinə olmayıb. İraqda diktator Səddam Hüseyni devirdilər, yerində parçalanmış dövlət, təriqət savaşları və DAİŞ (İŞİD) ”qazandılar". Yaxud Liviya. Müəmmər Qəzzafi də diktator idi, ancaq onun dövründə Liviya Şimali Afrikanın ən varlı ölkəsi idi. NATO müdaxilə etdi, müxalifət hücuma keçdi, diktator güllələndi. Ancaq nəticə İraqdakı kimidir. Ölkə parçalanıb, maliyyə vəsaitləri tükənib, terror bu ölkədə yuva salıb. Ona görə də Amerikanın bu kimi müdaxilələri hansısa problemi həll etmək əvəzinə, onu daha da dərinləşdirir".

Image result for Elxan Şahinoğlu


Politoloq iki dövlətlə müharibədə rəsmi Vaşinqtonun müttəfiqlərinin az olacağını düşünür: "Amerika üçün indiki zamanda İran və ya Şimali Koreyaya qarşı mümkün müharibə risklidir. Birincisi, bu müharibədə Amerikanın müttəfiqləri az olacaq, Rusiya isə Çini də yanına alaraq çalışacaq ki, bölgədə anti-Amerika əhval-ruhiyyəsini gücləndirsin. Avropanın özü də Trampın planlarından ehtiyatlanır. Azərbaycan Dağlıq Qarabağı çıxmaq şərtilə, yaxın ətrafda istənilən müharibənin əleyhinədir. Çünki məsələn, Amerika yenidən İranı hədəf götürərsə, bu Azərbaycanın maraqlarına cavab verməyəcək. Birincisi, belə bir müharibə İrandan Azərbaycana qaçqın axınını sürətləndirəcək ki, bu bizi böyük humanitar böhrana sürükləyəcək. İkincisi, Amerika-İran gərginliyi avtomatik İran-Azərbaycan münasibətlərini də gərginləşdirir. Çünki biz nə qədər ”Amerikanın İrana qarşı planlarında yer almırıq və almayacağıq" desək də, Tehran Vaşinqtonun müttəfiqi kimi dəyərləndirərək bizi də hədəf seçəcək. Ona görə Amerikanın İrana müdaxiləsi bizim maraqlara ziddir. İranın liberal sayılan prezidenti Həsən Ruhani növbəti 4 ilə dövlət başçısı seçilib və nüvə çalışmalarını bərpa etmək kimi fikri yoxdur".


"Sivilizasiyalar və konfliktlər” Analitik Mərkəzinin rəhbəri Əhəd Məmmədli iki dövlətlə ABŞ-ın müharibə edəcəyi ilə bağlı fikirlərin daim gündəmdə olduğunu söylədi: "Təxminən 2005-ci ildən ABŞ-ın İranı vuracağı deyilir. Bunun mümkün olmadığını düşünürəm. Qərb son iki yüz ildə kolonial müharibələr başlayan dövrdən Şərqə qarşı ”qamçı-kökə" siyasəti işlədib, əsas da müsəlman şərqinə qarşı. İrandakı mövcud rejim hakimiyyətə gələndən bu yana ABŞ-la düşmənçilik başladı. Şah rejimi devrildiyi zaman Tehranda ABŞ səfirliyi yandırıldı, səfirlik işçiləri girov götürüldü. Məntiqlə o hadisədən sonra ABŞ İranı vurmalı idi, çünki səfirlik hər ölkənin ərazisi sayılır. Söhbət İranın güclü və ya zəif olmasından getmir. İranı sıradan çıxartmaq avtomatik olaraq İslam dünyasını birləşdirmək deməkdir. Bu da İsrail, ABŞ, Böyük Britaniya, Avropa Birliyi və Rusiyanın maraqlarına uyğun deyil...


Dünyanın və regionun indiki mövcud durumunda Suriya, Liviya, Yəmən, Ukrayna problemlərinin həll olunmadığı vaxtda daha geniş və böyük fəsadlarla dolu nəticələr verə biləcək müharibə ocaqlarının yaranmasına heç kəs imkan verməz. Bir anda düşünək, ABŞ İranı vursa, haradan vuracaq?

Körfəz ölkələrində yerləşən hərbi bazalardan vurmalıdır. Bu da bilavasitə Ərəb körfəz monarxiyalarının da müharibəyə qoşulmasına gətirib çıxaracaq. Çünki avtomatik olaraq, İran da cavabında amerikalıların ərəb müttəfiqlərini vuracaq. Suriya problemi içində üzən Türkiyə, Yaxın Şərq və Qərbə bundan qat-qat daha böyük problem lazımdırmı? Və ya təsəvvür edək, ABŞ Şimali Koreyaya zərbələr endirir, haradan bu zərbələri endirəcək? Əlbəttə, həmin regionun müttəfiq ölkələrində yerləşən hərbi bazalardan. Belə olan halda divara sıxışan Şimali Koreyanın kommunist rejimi cavabında Cənubi Koreya və Yaponiyaya saldıracaq. Şimali Koreyanın Çin və Rusiya ilə həmsərhəd olduğunu nəzərə alsaq, onda görün bu müharibədə düz və dolayısı ilə neçə ölkə iştirak edəcək? Yaxın Şərqdə alov sönməyə-sönməyə, Uzaq Şərqi alovlandırmaq lazımdır? Bütün bunlardan irəli gələrək, nə İran, nə də Şimali Koreya ilə ABŞ və müttəfiqlərinin müharibə edəcəyinə inamım sıfırdan da aşağıdır".




[email protected]