OPEC-ə daxil olan və olmayan neft ölkələrinin nümayəndələri cümə axşamı Vyanada neft hasilatının azaldılmasına dair sazişin fəaliyyət müddətinin daha 9 ay - 1 aprel 2018-ci il tarixinə qədər uzadılması barədə tövsiyəni müzakirə edəcəklər.
İctimaifikir.az "Report"a istinadən bildirir ki, bununla belə, neft hasilatının azaldılması həcminin olduğu kimi saxlanılması nəzərdə tutulur.
Müvafiq tövsiyəni mayın 24-də Sazişin İcrasının Monitorinqi üzrə Nazirlər Komitəsi qəbul edib. Bu komitə, həmçinin hasilatın azaldılması üzrə öhdəliklərin icra dərəcəsini də qiymətləndirib. Belə ki, OPEC-ə üzv olan və olmayan neft ölkələri tərəfindən hasilatın azaldılmasına dair sazişin yerinə yetirilməsi səviyyəsi aprel ayında 102 faiz təşkil edib.