Natiq Əliyev: Neft hasilatının azaldılmasına dair qərar dünya bazarlarına müsbət təsir göstərib

Bu gün Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) Vyanada yerləşən mənzil-qərargahında OPEC və qeyri-OPEC ölkələrinin görüşü keçiriləcək. Görüşdə ötən il dekabrın 10-da neft hasilatının azaldılmasına dair OPEC və qeyri-OPEC ölkələrinin qəbul etdikləri "Vyana bəyannaməsi”nin müddətinə baxılacaq.

Görüşdə ölkəmiz energetika naziri Natiq Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə təmsil olunacaq.

Tədbirdən əvvəl Natiq Əliyev AZƏRTAC-a müsahibəsində bildirib ki, ötən ilin dekabrında OPEC ilə qeyri-OPEC ölkələri arasında imzalanan "Vyana bəyannaməsi” tarixi əhəmiyyət daşıyır. Daha əvvəl keçirilən və nəticəsiz başa çatan görüşlər qlobal neft bazarlarına mənfi təsirlər göstərirdi. Lakin dekabr ayında əldə edilən razılaşmadan, OPEC və qeyri-OPEC ölkələrinin hasilatın azaldılmasına dair götürdükləri öhdəlikdən keçən dövr ərzində dünya bazarlarında xam neftin qiymətində sabitləşmə müşahidə olunur.

Həmin toplantıdan sonra yaradılmış texniki komitə və monitorinq qrupu bu qərarın dünyanın neft bazarlarına təsirini araşdırır və onlar mütəmadi olaraq iştirakçı ölkələrə hesabatlar verir. Növbəti toplantıda da komitə dünya bazarlarında hansı tendensiyaların və trendlərin mövcud olması, müxtəlif ölkələrin inkişaf tempi, ilin sonuna kimi bazarlarda xam neftə tələbatın ehtimal olunan səviyyəsi və digər amillər barədə hesabat verəcək.

Görüşdən əvvəl Azərbaycan tərəfinin neft istehsal edən müxtəlif ölkələrlə hasilatın həcminin hazırkı səviyyədə saxlanmasına dair məsləhətləşmələr apardığını deyən nazir bildirib: "Səudiyyə Ərəbistanının energetika, sənaye və təbii sərvətlər naziri Xalid Əbdüləziz Əl Falih ilə Bakıda keçirilən görüşdə təsdiqlədik ki, "Vyana bəyannaməsi”ndə nəzərdə tutulan qərarlar dünya bazarlarına müsbət təsir göstərib və ona görə də həmin tədbirlər davam etdirilməlidir. Lazım gələrsə, əlavə tədbirlər də görülməlidir. Qərara aldıq ki, hasilatın azaldılmasına deyil, istehsalın həcminə dair qəbul edilmiş qərarın müddətinin ilin sonunadək uzadılmasına dair birgə təkliflə çıxış edək”.

Nazir bildirib ki, görüşdə Rusiyanın mövcud qərarın müddətinin daha doqquz ay uzadılmasını təklif edəcəyi gözlənilir. O deyib: "Bizim təklifimiz hasilatın hazırkı həcminə dair mövcud qərarın müddətinin uzadılmasından ibarətdir. Bu müddətin altı və ya doqquz aydan ibarət olması mahiyyətcə ciddi fərq yaratmır”.

Natiq Əliyev, həmçinin vurğulayıb ki, digər ölkələrin müvafiq rəsmiləri ilə keçirilən görüşlərdə hasilatın hazırkı həcminə dair qərarın müddətinin uzadılması barədə yekdil fikir ifadə edilib.

Qlobal neft bazarında formalaşan hazırkı qiymətin həm istehsalçılar, həm də istehlakçılar üçün qənaətbəxş olduğunu söyləyən nazir deyib: "Əsas məsələ odur ki, biz tələblə təklif arasında uyğunluğa nail olmuşuq. Bu uyğunluq bazarlarda neftin qiymətinin sabitləşməsinə gətirib çıxarıb. Məhz buna görə də hasilat və qiymət arasındakı mütənasibliyi qoruyub saxlamaq lazımdır”.

Xatırladaq ki, ötən il dekabrın 10-da OPEC və qeyri-OPEC ölkələri arasında imzanmış "Vyana bəyannaməsi”ndə OPEC ölkələri gündəlik neft hasilatının 32,5 milyon barelə endirilməsi barədə öhdəlik götürüblər. Bundan başqa, təşkilata daxil olmayan 11 ölkə, o cümlədən Azərbaycan ümumi hasilatın sutkada 558 min barrel azaldılması barədə sazişə imza atıb. Sazişin müddəti bu ilin birinci yarısında başa çatır və onun müddətinin uzadılması, yaxud başqa bir qərarın qəbulu OPEC və qeyri-OPEC ölkələrinin bu gün Vyanada keçiriləcək görüşündə, həmçinin OPEC Nazirlər Şurasının mayın 25-də baş tutacaq 172-ci iclasında müəyyənləşəcək.




[email protected]