Həmsədr dövlətlər dünya boyu gedən savaş nöqtələrini silahla təchiz edən ilk beşlikdə yer alır; XİN: "Hazırda onlardan imtina məsələsi müzakirə olunmur”; hərbi ekspert: "Bunlar Qarabağ məsələsini çözən deyil, əksinə...”
Prezident kimi ilk xarici səfərini Səudiyyə Ərəbistanından başlayan ABŞ prezidenti Donald Trampın Ər-Riyadda 109,7 mlrd. dollarlıq silah müqaviləsi imzalaması ciddi müzakirələrə səbəb olub. Dünyanın supergücünün Səudiyyə Ərəbistanına çox böyük məbləğdə silah satması o deməkdir ki, onsuz da silah ticarətində ilk yeri tutan ABŞ bundan sonra öz mövqeyini daha da möhkəmləndirəcək.
Xatırladaq ki, dünyada ən iri silah ixracatçısı ölkələri bunlardır: ABŞ (dünyada silah ixracının 29 faizi), Rusiya (27 faiz), Almaniya (7 faiz), Çin (6 faiz) və Fransa (5 faiz). Bu siyahıda bizim diqqətimizi daha çox çəkən 3 dövlətdir. Söhbət ATƏT-in Minsk Qrupunun həmsədri olan ABŞ, Rusiya və Fransadan gedir. Göründüyü kimi, dünyanın əsas silah ticarətçisi olan 5 ölkədən 3-ü həm də 23 ildir Qarabağ məsələsinin həlli ilə "məşğuldurlar”.
Düzdür, Azərbaycan özü də bu həmsədrlərdən birindən-Rusiyadan böyük miqdarda vəsaitlər hesabına silahlar alır. Ancaq şimal qonşumuz işğalçı Ermənistana silahları, hətta "İsgəndər” raketlərini və "OSA” zenit-raket qurğularını havayı verir. Mayın 22-də isə məlum olub ki, Rusiya bu il Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv olan ölkələrə, o cümlədən Ermənistana yeni silah sistemləri, vertolyotlar və müdafiə sistemləri göndərməyi planlaşdırır.
Rusiyanın hələ 90-cı illərdə Rusiyaya 1 milyard dollarlıq silah ötürməsi, daha sonra Gürcüstandan çıxarılan silah, hərbi texnikanın işğalçı ölkəyə daşınması, birgə hərbi birləşmə yaradılması və digər çoxsaylı faktlar var. Yeri gəlmişkən, Azərbaycan Avropada əsas silah növlərinin idxalçı-ölkələri arasında ikincidir. Bu barədə Stokholm Sülh problemlərinin araşdırılması institutunun (SIPRI) hesabatında deyilir. Hesabatda qeyd olunub ki, son 5 ildə Avropada silah idxalı 2004-2008-ci illərlə müqayisədə 25 faiz azalıb. Böyük Britaniya əsas silahların ən iri idxalçısıdır. Bu ölkənin payına Avropanın silah tədarüklərinin 12 faizdən çox hissəsi düşür. İkinci yerdə Azərbaycan (12 faiz), üçüncü yerdə isə Yunanıstandır (11 faiz). 2004-2008-ci illərlə müqayisədə 2009-2013-cü illərdə Azərbaycana silah idxalı 378 faiz artıb. Hesabata əsasən, son 5 ildə Azərbaycana idxal olunan silahların 80 faizi Rusiyadan alınan silahların üzərinə düşür. Azərbaycan həmçinin Belarus, Ukrayna, İsrail və Türkiyədən silah idxal edib.
Digər iki həmsədr ölkəyə gəldikdə, 1992-ci ildən - Azərbaycan Silahlı Qüvvələrinin işğal altındakı ərazilərin böyük bir hissəsini azad etdiyi dövrdə Azərbaycana qarşı "907-ci düzəliş” adlı sanksiya tətbiq etdi. İllərdə qüvvədə olan, bir neçə il öncə isə sadəcə dondurulan bu sanksiya nəticəsində Azərbaycana silah verilməsindən imtina edildi. Ancaq ötən ilin aprel döyüşlərindən sonra ABŞ Ermənistanın işğal altındakı hərbi qüvvələri üçün müasir gecəgörmə cihazları göndərdi. Məhz bundan sonra erməni komandanlıq vaxtaşırı Azərbaycan ordusunun ön xətdəki hərəkətini nəzarətdə saxlamaq imkanına görə bu cihazlara minnətdar olduqlarını deyiblər. Ermənistanla "bacı” olduğunu deyən Fransanın keçmiş prezidentlərinin işğalçıya münasibəti bəlli idi, Makron dönəmində hansı yeniliklər olacaq, demək çətindir. Ümumiləşdirəndə silahlanmaya, müharibə ocaqlarında gərginliyin çatılmasına daha çox maraqlı olan həmsədr ölkələrin Qarabağa sülh gətirməyəcəyini demək olar.
Hərbi ekspert Üzeyir Cəfərov də səslənən arqumentlərlə razıdır: "Son günlər diqqətimi cəlb edən xəbərlərdən biri də ATƏT-in Minsk Qrupu üzvü olan Rusiyanın, daha sonra isə Amerikanın müxtəlif ölkələrə silah satışı ilə bağlı olan xəbərləri oldu. Elə ABŞ prezidenti Donald Tramp vəzifəsinin icrasına başladığı vaxtdan sonra ilk xarici səfərini zamanı Səudiyyə Ərəbistanında indiyə kimi rekord sayıla biləcək bir silah müqaviləsinə imza atdı. Xəbərlərdən birində deyilir ki, Səudiyyə rejimi ilə təqribən 110 milyard dollarlıq hərbi müqavilələr imzalanıb. Bir başqa məlumatda isə, Ağ Evin özünün açıqlamalarına görə ABŞ-ın Səudiyyə Ərəbistanı ilə 350 milyard dollarlıq hərbi müqavilə paketi imzaladığı bildirilir. Maraqlıdır ki, müddəti 10 il olan müqavilənin 109 milyard dollarlıq hissəsi dərhal qüvvəyə minib”. ABŞ-ın bununla yeni savaş meydanını körüklədiyinə şübhəsi olmayan hərbi ekspert Rusiya və Farnsa amilini də ciddi sayır: "Bundan əlavə isə şimal qonşularımız olan Rusiya da bizimlə müharibə vəziyyətində olan bədnam qonşularımıza yeni partiya döyüş vertolyotları və müdafiə qurğuları verməyə hazırlaşır. Eyni vəziyyət Fransadadır. Doğrudur, orada yeni prezident seçkisi baş tutub, yəqin ki, yaxın müddətdə cənab Makron da bu fürsətdən yararlanacaq. Deməkdə məqsədim odur ki, əgər adlarını ”sülhyaratma missiyası" kimi yazdıran bu dünya dövlətləri, sülhdən daha çox müharibəyə hesablanmış "qaz vurub, qazan doldurmaq”, yəni silah satıb milyardlar qazanmaq haqqında düşünürlərsə, onda biz nədən özümüzü aldadırıq ki? Yaxud bunlar bizə Qarabağ məsələsində hansısa kömək göstərəcəklərmi?"
Ü.Cəfərov onu da bildirdi ki, ABŞ bu mərhələdə bir önəmli məsələyə aydınlıq gətirmədi:"Necə oldu ki, Amerikanın Ermənistana verdiyi hərbi avadanlıq Azərbaycanın işğal altında olan ərazilərində peyda oldu? Demək, biz hər şeyi yaxşı-yaxşı götür-qoy eləməliyik və bu silah alverçilərinin məqsəd və məramlarından ciddi nəticələr çıxartmalıyıq. Bunlar üçün, o məşhur reperlərin oxuduğu kimi, ”pul olsun, çoxlu pul gəlsin" deyimi ölkəmizin ərazi bütövlüyündən daha üstünmüş sən demə. Şəxsən mən bunu əvvəllər də demişdim və yazmışdım, indi isə həm Amerika, həm Rusiya siyasi-hərbi rəhbərliyi bu məsələni özləri də hərəkətləri ilə təsdiq etdilər. Bunlar Qarabağ məsələsini Azərbaycanın beynəlxalq hüquqları çərçivəsində həll edən deyil, əksinə, qızışdıran, donduran yaxşı "vasitəçi”lərdilər. Bunu artıq qəti şəkildə dərk etməyimiz gərəkdir".
Politoloq Elxan Şahinoğlu isə bu durumu təəccüblü saymır: "Silahlanma zərurətdən doğur. Gərək silahın ola ki, qarşı tərəf məcburiyyət qarşısında sülhə məcbur edəsən. Bir də ki, ABŞ onsuz da bizə Qarabağa görə silah satmır. Amerikanın əsas gəlir mənbələrindən biri silah satışıdır. Təsadüfi deyil ki, Amerikada ən güclü lobbi silah lobbisidir. Heç Amerika prezidentləri silah satışını öz ölkəsində qadağan edə bilmirlər, o ki qala başqa ölkələrə satmayalar. Silah puldur, bizdə də olsa, satarıq. Əsas puldur, kimsə sülhü düşünürsə də, silah satışından imtina etməz”.
XİN-in mətbuat katibi Hikmət Hacıyev silah satışı ilə Qarabağla bağlı vasitəçilik arasında hansısa əlaqənin olduğunu düşünmür: "Onlar uzun müddətdir silah satışını həyata keçirirlər, təkcə bu dövlətlər deyil, digərləri də”. H.Hacıyev həmsədrlərin son davranışları ilə əlaqədar onların fəaliyyətindən imtina tələblərinin səslənməsinə bu şəkildə reaksiya verdi: "Hal-hazırda həmsədrlərin fəaliyyətindən imtina məsələsi müzakirə olunmur”. Amma eyni zamanda danışıqların növbəti raundu barədə yeniliyin olmadığını da vurğuladı.