Rəsmi Bakının balans siyasətinin daha bir sirri

Əli Əliyev: "Siyasi hakimiyyətin ehtiyatlı davranışında qeyri-adilik görmürəm”

Sabiq xarici işlər naziri Tofiq Zülfüqarov "Yeni Müsavat”a son müsahibəsində Rusiyadan son zamanlar təzyiqlərin artması və Ermənistan-Rusiya birgə qoşun qruplaşmasının komandiri Andranik Markaryanın "Ermənistan-Rusiya birgə qoşun qruplaşması Qarabağda vəziyyətin gərginləşməsi halında ləngimədən tətbiq edilə bilər” bəyanatı ilə bağlı rəsmi Bakının Rusiyadan ciddi izahat tələb etməsinin vacibliyini bildirib:

"Qoy Rusiya bununla bağlı bizə açıqlama versin. Bizim XİN-in səhvidir ki, buna qarşı hansısa addımlar atılmayıb. Bununla bağlı nota verilməli, Rusiya səfiri XİN-ə çağırılmalı, ondan izahat tələb olunmalıdır. Necə olur ki, erməni generalı rus qoşunlarının adından deyir ki, ”mən onu Qarabağa yeridə bilərəm". Təkzib olunmalıdır təbii ki... Biz hamımız ÜAK-dan danışırıq, Rusiya-Azərbaycan əlaqələri üçün daha ciddi və əhəmiyyətli məsələ var. Odur ki, bu məsələyə aydınlıq gətirilməlidir".


Qeyd edək ki, Azərbaycan hökuməti Qərbdən hansısa təzyiq olduqda və ya xoşagəlməz addım gördükdə daha sərt reaksiya verir. Qərbə qarşı daha güclü hücum kampaniyası həyata keçirilir. Rusiyadan isə nə qədər zərbə alsaq belə, Qərbə qarşı olan hücumların hətta yarısı səviyyəsində anti-Rusiya təbliğatı təşkil edilmir. Səbəb nədir? ÜAK ABŞ-da olsaydı və ABŞ məhkəməsi onu bağlasaydı indi mənzərə necə olardı?


VİP sədri Əli Əliyev bildirdi ki, hakimiyyət Rusiyadan çəkinir, Rusiyanı təhlükəli güc bilir. Sadə gözlə də bu gerçəyi fərq etmək mümkündür: "Hakimiyyət fərqindədir ki, Rusiya və İran Azərbaycana real təsirə malik dövlətlərdir. İqtidar real cəmiyyət dayaqlarına yetərincə malik olmadığından dəngəni poza biləcək istənilən faktordan ehtiyat edir. Qərb dövlətləri isə Azərbaycanda daxili təsir amillərinə malik olmadıqlarından, hakimiyyət onlara qarşı daha arxayın, ürəkli davranır. Lakin hesab edirəm ki, son ÜAK olayında hakimiyyət Rusiyaya qarşı müəyyən qədər sərt reaksiya verdi. Çünki uzun müddətdir Rusiyanın intensiv təhdidi görünürdü. Patruşev, Nazarbayev, Solovyov, Duqinin gəlişləri deyilənlərin təsdiqidir. Təqribən 2013-cü ildəki olaylar təkrarlanır. Azərbaycana "diqqət" referendum dəyişikliklərinin tətbiqindən sonra yüksəlib. Rusiya narahatlıq keçirir. ÜAK da təzyiq kampaniyasının tərkib hissəsidir. ÜAK-a rəhbərlik edən şəxs prezidentlə qohum olan şəxsdir. Rusiya bu dəfə qırmızı xətti keçib. Hesab edirəm ki, hakimiyyət bu dəfə loyal olmayacaq. Rusiyanın cavabı ehtiyatla da olsa da verilir. Lakin ümumilikdə iqtidar yuxarıda dediyim səbəblərdən kəskin deyil, asta davranışa üstünlük verir. Şübhəsiz ki, hansısa diaspora təşkilatımız ABŞ-da bağlansaydı Bakının reaksiyası daha sərt olacaqdı".


Yeni AXCP-nin sədri Razi Nurullayev isə hesab edir ki, ÜAK kimi hansısa diaspora təşkilatımız ABŞ-da da bağlansaydı, heç nə baş verməyəcəkdi. Yenə də eyni adamlar danışacaq və eyni adamlar yönləndirəcəkdir. Rusiyaya daha dözümlü və ehtiyatlı yanaşılmasının isə bəlli səbəbləri var: "Təbii ki, Rusiya Azərbaycan xalqı və həm də Azərbaycanın siyasi hakimiyyəti üçün daha təhlükəli gücdür. Rusiya dünyada qəbul edilmiş oyun qaydaları ilə hərəkət etmir və atdığı addımları da razılaşdırmır. Bu ondan irəli gəlir ki, Rusiya hələ müdrik və oturuşmuş dövlət deyil. Buna zaman lazımdır. Rusiya, sanki özünü təsdiq, özünü isbat etmə və özünü qəbul etdirmə mərhələsindədir. Belə demək olar ki, Rusiya indi beyni qan gənclik dövrünü yaşayır. Bu gənclik isə oxumamış, savadlanmamış, az dünyagörüşlü, böyüklüyü qol gücündə və zorbada görən bir şəxsdir. Azərbaycan təbii ki, ehtiyatlı olmalıdır. Buna görə də Azərbaycanın siyasi hakimiyyətinin ehtiyatlı davranışında qeyri-adilik görmürəm. Yəqin ki, hakimiyyət sözünü təbliğatçıları və spikerləri vasitəsilə deyib. İndi diplomatik yol qalıb və bunun üzərində iş gedir. Qərblə isə daha asandır. Onlar gəncliyin beyni qan dövrünü yaşayıb və indi müdrik yaşdadırlar. Ən azından dinləməyi bacarır və tələsik qərarlar vermirlər. Digər tərəfdən isə bir qayda olaraq, Qərb əsasən qanunsuz hərəkətlərə yol vermir. Ona görə də Azərbaycan hakimiyyəti Qərbin üzərinə getməyi az təhlükəli və ya təhlükəsiz sayır”.




[email protected]