Partiyaların əksəriyyəti Respublika Günü Məhəmməd Əmin Rəsulzadənin Novxanıdakı abidəsini ziyarət edəcək...
Qarşıdan 28 May - Respublika Günü gəlir. Hər il olduğu kimi bu il də Respublika günü dövlət səviyyəsində qeyd olunacaq. Bəs müxalifət partiyaları bu günlə bağlı hər hansı tədbir keçirməyi planlaşdırırmı?
"Yeni Müsavat”a danışan KXCP sədrinin müavini Xəzər Teyyublu bildirib ki, bu il də partiya olaraq öz ənənələrinə sadiq qalacaqlar: "Biz bu günlə bağlı hər il olduğu kimi Novxanıda anım tədbiri keçirəcəyik. Eyni zamanda Məhəmməd Əmin Rəsulzadənin yaxın qohumlarının məzarlarını da ziyarət edəcəyik. Bundan başqa 28 may tarixində Əbülfəz Elçibəyin də məzarını ziyarət edəcəyik. Ziyarətlərimizdən sonra isə partiyanın qərargahında tədbirlərimiz davam edəcək. Bununla bağlı da tədbirlər planımız var. Ziyarətin hələ ki, saatını dəqiqləşdirməmişik”.
ADP sədrinin müavini Həsrət Rüstəmov söyləyib ki, partiyanın idarə heyətinin keçiriləcək iclasında bu məsələ müzakirə olunub, konkret qərarlar qəbul olunacaq:
"Cümhuriyyətin ildönümlərinə heç zaman biganə qalmamışıq. Bu, siyasi partiya olaraq bizim tarixi borcumuzdur. Bir neçə il İstiqlal abidəsinin önünə gedib, orada şəhidlərimizi yad etmişik. Eyni zamanda Şəhidlər Xiyabanını ziyarət edib, konfranslar, tədbirlər keçirmişik. Əksər hallarda isə Məhəmməd Əmin Rəsulzadənin Novxanıdakı məzarını ziyarət edib, cümhuriyyət qurucularını yad edirik. Bu il də çox güman ki, belə olacaq. 28 May unudulası tarix deyil. Çalışırıq ki, insanlarımızda bu günə normal münasibətin formalaşdırılmasında biz də iştirak edək”.
Ümid Partiyasının sədr müavini Tamilla Qulami bildirib ki, onlar Respublika günü ilə bağlı mayın 27-də tədbir keçirəcəklər: "27 mayda partiyada Respublika Gününə həsr olunmuş dəyirmi masamız olacaq. Mayın 28-də isə partiya gəncləri ilə birlikdə Məhəmməd Əmin Rəsulzadənin Novxanıdakı abidəsini ziyarət edəcəyik”.
Vətəndaş Həmrəyliyi Partiyasının Mərkəzi İcra Aparatının sədri Samir Əsədli qəzetimizə bildirib ki, onlar Məhəmməd Əmin Rəsulzadənin Bakıdakı yeganə abidəsini də ziyarət edəcəklər: "İlk olaraq Məhəmməd Əmin Rəsulzadənin Novxanıdakı abidəsini ziyarət etməyi düşünürük. Ancaq partiya sədrimiz hazırda ölkədə yoxdur. Ona görə də ziyarətimizi ya digər müxalifət partiyaları ilə birlikdə, ya da partiya olaraq edəcəyik. Ötən il biz Rəsulzadənin Bakı şəhərindəki, keçmiş Şin zavodunun həyətində olan abidəsini ziyarət etmişdik. Qeyd edim ki, həmin abidəni bizim partiyanın üzvü Telman Ələkbərov qoyub. Ələkbərov həmin zavodun direktoru olub. Bu, Rəsulzadənin Azərbaycanda qoyulan ilk, Bakıda isə yeganə abidəsidir. Çox güman ki, partiya olaraq bu il də həmin abidəni ziyarət edəcəyik”.
Vətəndaş İnkişaf Partiyasının sədri Əli Əliyev isə bildirib ki, həmin günü partiyalarının qurultayını keçirəcəklər: "Lakin bundan başqa abidəni də ziyarət etməyi düşünürük. Bununla bağlı olaraq hazırda əməkdaşlıq etdiyimiz format daxilində müzakirələr aparırıq. 28 May günü saat 14:00-da müttəfiq partiyalar Novxanıda tədbir keçirəcəklər. Qurultayın arasında zaman olarsa, həmin tədbirdə şəxsən iştirak etmək istəyirəm. Qurultayı bu tarixə salmağımız da məhz, 28 May günü ilə bağlıdır. Son illərdə isə ənənəvi olaraq müttəfiq partiyalarda bu günü Novxanıda, Məhəmməd Əmin Rəsulzadənin məzarını ziyarət etməklə qeyd etmişik”.
AĞ partiya sədri Tural Abbaslı da məlumat verib ki, bir qrup müxalifət partiyaları ilə Novxanıdakı abidəni ziyarət edəcəklər: "Həmin gün qurucu lider M.Ə.Rəsulzadənin Novxanıdakı abidəsini ziyarət edəcəyik. Hələlik əsas planımız budur. Ancaq ola bilsin ki, bundan başqa da hansısa digər tədbirlər də təşkil edə bilərik. Yəni bunlar barədə müzakirələrimiz olacaq”.
Müsavat Partiyası isə 28 May günü ilə bağlı mitinq qərarı verib. Belə ki, partiya funksionerlərinin sosial şəbəkələrdə yaydıqları məlumata görə, partiya mayın 28-də saat 11:30-da Respublika Günü münasibətilə Novxanıda bayram mitinqi keçirmək barədə qərar qəbul edib. Müsavat başqanı Arif Hacılı hər kəsi mitinqdə fəal iştirak etməyə çağıraraq, bu barədə rayon təşkilatlarının sədrlərinə tapşırıqlar verib.