Trampın İrana qarşı “ərəb ittifaqı”

Səudiyyə Ərəbistanına 350 milyardlıq silah satan ABŞ prezidenti İrana qarşı ərəb ittifaqına dəstək verdi...

Xəbər verdiyimiz kimi, ABŞ prezidenti Donald Tramp ilk xarici səyahətinə başlayıb. 9 gün davam edəcək səyahət zamanı Tramp Səudiyyə Ərəbistanı, İsrail, Fələstin, Belçika, Vatikan və Sisliyanı gəzəcək. Şənbə günü yola çıxan ABŞ prezidentinin birinci dayanacağı gözlənilməz olub. D.Tramp ailəsi ilə bilrikdə Səudiyyə ərəbistanına gəlib.

Krallıqda Trampın səfərinə ciddi hazırlıq görülüb, küçələr Tramp posterləri ilə bəzədilib. Bundan başqa Trampın da iştirakı ilə "Ərəb-İslam-Amerika” sammiti keçirilib. Sammitdə Azərbaycan prezidenti İlham Əliyev də iştirak edib.


Səfərin ilk günü ər-Riyadda Tramp və Səudiyyə Krallığı rəhbərliyi arasında 350 milyard dollarlıq anlaşma imzalanıb. Ağ Evdən verilən açıqlamada 350 milyard dəyərində 10 illik silah müqaviləsinin 110 milyardlıq ilkin hissəsi imzalandığı gündən icraata başlayacaq. Vaşinqton müdafiə təchizatı və xidmətləri ilə bağlı müqavilə paketinin "İranın təhdidi qarşısında Səudiyyə Ərəbistanıyla körfəz regionunun təhlükəsizliyini gücləndirəcəyini” bəyan edib. Eyni zamanda silahlanmanının Səudiyyə Ərəbistanının bölgədə antiterror əməliyyatlarnda iştirak gücü artırması və bununla da ABŞ ordusunun işini yüngülləşdirəcəyi qeyd olunur.


Tramp anlaşmanı yüksək qiymətləndirib. Ər-Riyadda yüksək səviyyədə qarşılanan ABŞ prezidentinə Krallığın ən böyük ordeni olan Kral Əbdüləziz medalı təqdim edib. Ancaq Trampın Ərəbistan səfəri zamanı bir sıra toplantı və tədbirlər keçirilsə də, ən mühüm hadisə "ərəb NATO-su” yaradılmasıdır.


Mayın 21-də ər-Riyadda öz işinə başlayan "Ərəb-İslam-Amerika” sammitində 50-dək ərəb və müsəlman ölkələri rəhbərləri, həmçinin ABŞ Prezidenti Donald Tramp iştirak edib.

"Birlikdə güclüyük” devizi altında keçirilən sammitdə iştirakçı ölkələrin qlobal təhlükəsizliyin, sabitliyin təmin edilməsində, zorakılıq, terrorizm və ekstremizm ilə mübarizədə rolu və bu sahədə mövcud əməkdaşlığın daha da dərinləşdirilməsi barədə müzakirələr aparılır. Sammit iştirakçı ölkələr arasında işgüzar, mədəni və siyasi əlaqələrin tolerantlıq və əməkdaşlığa müştərək inam vasitəsilə daha da gücləndirilməsinə xidmət edir. Tədbirin məqsədlərindən biri də ölkələr arasındakı münasibətlərdə yeni başlanğıcın və hamı üçün daha parlaq gələcəyin təməlinin qoyulmasıdır.


Bu, rəsmi açıqlamda verilən məlumat idi. Ancaq aydın məsələdi rki, Ağ Evin yaydığı məlumatda qeyd olunduğu kimi bu sammitin əsas məqsədi ABŞ-ın regiondakı müttəfiqlərini bir araya toplamaq, yeni bir güc mərkəzi formalaşdırmaqdır. Bir neçə il əvvəl "İslam Ordusu” adlı hərbi koalisiya yaradılsa da, bunun həm də daha geniş hərbi-siyasi alyansa çevrilməsi prosesi gedir. Bu, həm də ABŞ-ın bölgədə "yükünün yüngülləşdirilməsidir”.


Ancaq ərəblər üçün bu, təbii ki, ilk növbədə İrana qarşı bir ittifaqdır. İran sammitə dəvət olunmayıb, aydın məsələdir ki, ABŞ-Ərəb ittifaqının əsas düşməni Tehrandır. Böyük ehtimalla Trampın səfəri zamanı İrana qarşı növbəti addımlar da müzakirə olunacaq. Çünki bir neçə gün əvvəl məlumatlı ərəb jurnalisti Abdulbari Atvan İsrailin Hizbullaha qarşı yeni müharibə başladacağı haqda xəbər vermişdi. Ehtimal ki, ər-Riyad toplantısında bu qəbildən planlar və hərəkət strategiyası müzkirə olunacaq.


Siyasi şərhçi Şahin Cəfərli deyir ki, Trampın Səudiyyə Ərıbistanına səfərini hər şeydən əvvəl tərəflərin Obama dövründə müəyyən qədər zədələnmiş münasibətləri təmir edərək yenidən yüksək səviyyəyə qaldırmaq cəhdi kimi qiymətləndirmək olar. Ekspertə görə, indi Tramp müəyyən mənada zəifləmiş əlaqələri bərpa edir: "Obamanın Yaxın Şərq siyasəti Səudiyyə Krallığı və onun müttəfiqləri arasında ciddi qıcığa səbəb olurdu, çünki bu siyasət İranın bölgədə əl-qol açmasına münbit zəmin yaratmışdı. Obama dövründə İran beynəlxalq təcriddən çıxdı, öz iqtisadiyyatını inkişaf etdirmək fürsəti qazandı və regionda proaktiv siyasət yeritməyə başladı. Son illər bariz şəkildə İranın İraqda, Yəməndə və Suriyada öz təsirini artırdığını müşahidə edirik”.

Image result for Şahin Cəfərli


Ekspert deyir ki, İranın güclənməsinə paralel olaraq Səudiyyə Ərəbistanının mövqelərinin zəifləməsi prosesi gedib və ABŞ-ın Yaxın Şərqdə əvvəlki aparıcı rolundan geri çəkilməsi nəticəsində Ər-Riyad faktiki olaraq qüdrətli müttəfiqinin dəstəyindən məhrum vəziyyətdə qalıb: "Ötən dövrdə çox aydın şəkildə gördük ki, Səudiyyə və onun ətrafındakı sünni-sələfi koalisiyasının resursları regional liderlik üçün yetərli deyil. Bu səbəblə onlar Obama dönəminin başa çatmasını və İrana qarşı sərt mövqedə olan Trampın iqtidara gəlməsini böyük sevinclə qarşıladılar. Təsadüfi deyil ki, Trampın krallığa səfəri olduqca yüksək səviyyədə keçir. Əldə olunan razılaşmalar, imzalanan 350 milyard dollarlıq sazişlər bunu göstərir. Yeri gəlmişkən, qeyd edim ki, Obama Səudiyyə Ərıbistanına bəzi silahların satışını dayandırmışdı, səbəb bu ölkənin Yəməndə həyata keçirdiyi hərbi əməliyyatlar zamanı çoxlu sayda dinc sakinin ölümü idi. Obama idealist idi və onun liberal-demokratik dünyagörüşü qismən ABŞ-ın dövlət siyasətində də özünü göstərirdi. Yəni Obama idealizmlə praqmatizmin sintezindən ibarət siyasət yeritməyə çalışırdı, bu isə təbii ki, Səudiyyə başda olmaqla, Yaxın Şərqdəki mütləq monarxiya rejimlərini məmnun edə bilməzdi. Tramp isə praqmatikdir, onun üçün hər hansı dəyər yoxdur”.


Ş.Cəfərli deyir ki, indiki prezident Tramp xarici siyasətdə sövdələşmə və iqtisadi anlaşmalara böyük önəm verir: "Trampın xarici siyasət mövzularında çıxışlarına diqqət etsəniz, orada ”sövdələşmə" sözünə tez-tez rast gələrsiniz. Tramp xarici siyasət məsələlərinə ticarətçi, iş adamı məntiqi ilə yanaşır. Bu baxımdan ABŞ-dan 110 milyard dollar dəyərində silah alan, ABŞ-dakı infrastruktur layihələrinə milyardlarla dollar sərmayə yatırmağa hazırlaşan Səudiyyə Ərəbistanı Tramp üçün çox qiymətli tərəfdaş və dəyərli müttəfiqdir. Bu yatırımlar Trampın seçkiqabağı vədlərinin əsasını təşkil edən iş yerlərinin açılmasına da şərait yaradacaq. Bu isə Trampın öz seçiciləri arasında nüfuzunu qoruması və azalmaqda olan reytinqini bərpa etməsi baxımından həyati əhəmiyyətə malikdir. Ümumilikdə Trampın siyasəti ABŞ-ın yenidən Yaxın Şərqə qayıdışı deməkdir ki, bu da Səudiyyə Ərəbistanı və İsrail başda olmaqla, onun ənənəvi müttəfiqlərini sevindirməyə bilməz".
Qəzet çapa gedərkən sammit öz işini davam etdirirdi.




[email protected]