Azərbaycanın balans siyasətinə düzəliş zamanı - politoloq deyir ki...

Elçin Mirzəbəyli: "Rusiya ilə ortaq dil tapmaq mümkün deyil”

 Rusiyanın son aylarda Azərbaycana qarşı təzyiqlərinin artdığı göz önündədir. Xüsusilə, şimal qonşumuzun Xarici İşlər Nazirliyinin rəhbərliyi səviyyəsində təzyiqlər daha qabarıq şəkildə özünü göstərir. Bu məsələdə son bir ayda Rusiya XİN-in sözçüsü Mariya Zaxarovanın ölkəmizə yönəlik açıqlamaları dediklərimizi əyani sübut edir.


Mayın 15-də Rusiyadakı ən böyük Azərbaycan təşkilatı olan Ümumrusiya Azərbaycanlıları Konqresinin qeydiyyatının ləğvi rəsmi Bakının səbir kasasını daşırıb. Hər iki dövlət arasında soyuq münasibətlər açıq şəkildə sezilir. İndiyə qədər Rusiya ilə Qərb arasında balanslı siyasətə daim üstünlük verən Azərbaycanın artıq seçim etmək zamanının olduğu vurğulanır. Çünki rəsmi Bakı nə qədər bu siyasətə üstünlük verirsə versin, Kreml bildiyini edir. Azərbaycanın qonşuluğunda yerləşən hər bir dövlət də seçimini konkretləşdirib. Ölkəmizin Qoşulmayanlar Hərəkatının üzvü olmasının regionda təklənməyə səbəb olduğu, Qərbə yönəlməyə bu amilin mane olduğu qeyd olunur. Bütün hallarda Azərbaycanın Rusiya ilə münasibətlərə düzəliş etməkdən başqa yolunun qalmadığı bildirilir.


Politoloq Elçin Mirzəbəyli hesab edir ki, Rusiyanın imperialist maraqları Azərbaycan və digər postsovet məkanı ölkələrinə bu cür yanaşmağa Kremli vadar edir: "Rusiyanın ölkəmizə qarşı münasibətində iki aspekti nəzərə almaq lazımdır. Birincisi, Kremlin Azərbaycana qarşı mövqeyi Ermənistan və bütünlüklə regionla bağlı prioritetləridir. Digər aspekt isə bu yanaşmadan istifadə edərək, ermənipərəst qüvvələrin ölkəmizə qarşı təzyiq kampaniyasını genişləndirmələridir. Zaxarovanın fəallığı mövcud situasiyadan yararlanmaq xarakteri daşıyır. Rusiyanın XİN rəhbəri Sergey Lavrovun erməni mənşəli olması ilə bağlı dəfələrlə məlumatlar yayılıb. Onun əlinin altında fəaliyyət göstərən Zaxarova isə ermənilərlə iç-içə olan şəxsdir. Rusiya Azərbaycana qarşı təzyiqlər etmək istəyəndə, həmin qüvvələr bundan maksimum istifadə etməyə çalışırlar. Rusiyanın ölkəmizlə heç zaman dost olmayacağı bəllidir. Kimlərsə düşünür ki, nə vaxtsa Rusiya Azərbaycanın müstəqilliyinə hörmətlə yanaşacaq, rəsmi Bakı ilə dost olacaq, bu, kökündən yanlış yanaşmadır. Çünki Kremlin belə bir niyyəti ola bilməz. Əksinə, rəsmi Moskva mümkün qədər ölkəmizi daha çox özündən asılı etməyə, təzyiq göstərməyə çalışacaq. Seçki ərəfəsində hər zaman belə təzyiqlər olur. Çünki seçkilər imkan verir ki, daxili proseslərə müdaxilə imkanları yaransın. 2017-ci ildən başlayaraq, təzyiqlərin artmasının kökündə də məhz gələn il ölkəmizdə keçiriləcək prezident seçkiləri dayanır. Azərbaycan artıq öz prioritetlərini müəyyən etməlidir. Rusiyanın işğal olunan ərazilərimizi azad etməklə bağlı konkret bir niyyəti yoxdur. Kreml heç bir şərt olmadan ölkəmizin Avrasiya İttifaqına, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv olmasını istəyir. Buna görə də Azərbaycana təzyiqlərini davam etdirir. Başqa iddiaları da var. Sərhədləri birgə qorumaqla bağlı niyyət isə konkret müstəqilliyimizi məhdudlaşdırmaqla bağlıdır. Buna da heç kəs getməz. Rusiya nə qədər ki, demokratikləşməyib, nə qədər bu ölkədə sivil dəyərlər formalaşmayıb, bu dövlətlə ortaq dil tapmaq mümkün deyil. Bu 2+2 kimi hər kəsə aydın olan bir reallıqdır. Ölkənin strateji hədəflərini müəyyən etmək, təbii ki, rəhbərliyə aid məsələdir. Lakin reallıqlarından çıxış edərək, Rusiyadan bundan artıq pozitiv, güzəştli siyasət gözləmək mümkün deyil”.


Politoloq Azərbaycanın Qoşulmayanlar Hərəkatına üzv olmasının burada əsas rol oynamadığını düşünür: "Bu hərəkat Azərbaycanın üzərinə ciddi məsuliyyət qoymur. Qurumda təmsil olunmaq da, oradan çıxmaq da olduqca sadə bir mexanizmdir. Hərəkata üzv ölkələrin heç biri nə dünyada söz sahibidir, nə də dünyada xüsusi bir çəkisi var. Bu qurumdan çıxıb, hər hansı bir hərbi hərəkatda təmsil olunmaq qarşı tərəfdən hansısa problemlə qarşılanmayacaq. Məsələ burasındadır ki, qardaş Türkiyənin belə bir istəyi varmı, Türkiyə ölkəmizlə hansısa bir hərbi blokda təmsil olunmaq istəyirmi? Hazırda Türkiyə NATO üzvüdür və bu qurumda olmağı qardaş dövlətin qarşısına bir sıra öhdəliklər qoyur. Bu öhdəliklərdən imtina etmək imkanı yoxdur. Azərbaycanın da hazırda NATO-ya üzv qəbul olunmaq şansı yoxdur. Çünki NATO üzvü olmaq üçün ölkə ərazisində hər hansı bir münaqişə olmamalıdır. Gürcüstan və Ukrayna ilə bağlı problemlərin də kökündə məhz bu amil dayanır. Digər tərəfdən, NATO Azərbaycanın bu quruma üzv olmasını istəyirmi? Qənaətimə görə, yox. Belə bir mənzərə də yoxdur. Azərbaycanın Türkiyə ilə bir hərbi blokda təmsil olunmasını məhdudlaşdıran amillər də var. Hərbi birləşmələr hələ real qüvvə, güc demək deyil. Bizim də arzumuzdur ki, Azərbaycan Türkiyə ilə eyni hərbi blokda təmsil olunsun, birgə hərbi qüvvələr yaradaq. Amma indiki şəraitdə bunun mümkün olduğunu düşünmürəm”.




[email protected]