Hulusi Kılıç: "Azərbaycan ordusunun işğal altındakı torpaqlarını geri alacaq gücü var”
2008-2012-ci illərdə Türkiyənin Azərbaycandakı səfiri vəzifəsində çalışmış, ötən ilin payızından isə qardaş ölkəni Moldovada təmsil edən Hulusi Kılıç Musavat.com-un suallarını cavablandırıb. Təsadüf elə gətirib ki, Moldovaya təyinat aldığı yarım illik dönəmdə Hulusi bəy ikinci dəfə "Yeni Müsavat”a müsahibəsini Türkiyəyə gəldiyi zaman verib. Bu dəfə də dəyərli diplomat Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Zirvə toplantısında iştirak etmək üçün İstanbula gəlib. Azərbaycanın Moldovadakı dəyərli dostu ilə söhbətimizi təqdim edirik:
- Hulusi bəy, facebook-da davamlı şəkildə çox maraqlı paylaşımlarınız olur. Sosial şəbəkələrdə bu qədər fəal olmağınızın "sirri”ni bilmək olarmı? Azərbaycanda çalışdığınız zaman sosial şəbəkədə görünməyə ehtiyac duymurdunuz, yoxsa başqa bir səbəb var idi?
- Son illərdə sosial mediada aktiv olduğum doğrudur. Sosial media dostlarımla görüşdüyüm, onların məni gördükləri yerdir. Azərbaycanda olanda facebook-dan istifadə etmirdim. Azərbaycanda yazılı və görüntülü mətbuatla əlaqələrim çox yaxşı idi. İç-içə yaşadıq deyə bilərəm. Davamlı şəkildə televiziya və ya mətbuatda mənimlə əlaqədar xəbərlər yayınlanırdı. Odur ki, azərbaycanlı bacı və qardaşlarımla yazılı və görüntülü mətbuatda görüşürdüm.
- Baş nazir Binəli Yıldırımın Moldova səfərindən sonra Kişinyov və Ankara arasında əlaqələrdə hansı yeniliklər gözlənilir? Münasibətlərin bundan sonrakı mərhələsi nə vəd edir?
- Baş nazirimiz sayın Binəli Yıldırımın 5-6 mayda Moldovaya etdiyi ziyarət tarixi əhəmiyyət kəsb edir. İlk dəfəydi ki, Türkiyənin baş naziri Moldovaya rəsmi səfər edirdi. Ziyarət zamanı ona baş nazir yardımçısı sayın Tuğrul Türkeş və sayın xarici işlər nazirimiz Mövlud Çavuşoğlu, iqtisadiyyat nazirimiz Nihat Zeybekçi, çalışma və sosial güvənlik nazirimiz Mehmet Müezzinoğlu, yüksək səviyyəli rəsmilər, həmçinin böyük bir iş adamı heyəti müşayiət etdi. Səfər çərçivəsində 7 sənəd imzalandı.Beləcə ikitərəfli əlaqələrimizin hüqiqi bazası gücləndi. Bundan əlavə, sayın baş nazirimiz Moldova baş naziri ilə birlikdə 4-cü Qaqauz Konqresinə qatıldı və Qaqauz Özerk Yerində Başqan İrina Vlah ilə görüşdü. Bundan sonra Türkiyə-Moldova münasibətləri hər sahədə daha da inkişaf edəcək. Qarşıdakı dönəmdə ticarət həcmi, Türkiyəyə gedən turist sayı artacaq.
- Bu ilin əvvəllərində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın 5 may tarixində Moldovaya səfərinin planlaşdırıldığı və hazırlıqların başladığı bildirilirdi. Amma səfər gerçəkləşmədi. Prezidentin səfərinin ertələnməsinin səbəbi nə oldu?
- Düzdür, 5-6 mayda cümhurbaşqanı sayın Rəcəb Tayyib Ərdoğanın Moldovaya səfəri planlaşdırılırdı. Sayın cümhurbaşqanımızın başqa bir proqramı olduğu üçün eyni tarixlərdə sayın baş nazirimiz Moldovaya səfər etdi. Sayın cümhurbaşkanımızın qarşıdakı dönəmdə Moldovaya cəfəri planlaşdırılır.
- Paylaşımlarınızdan duyduq ki, Moldovada keçirilən Avropa günləri ürəyinizcə olub. Bir müddət əvvəl Moldova Avrasiya İqtisadi Birliyinə üzvlüklə bağlı ilk addımını atdı. Siz bu günlərdə Moldova prezidenti İqor Dodonla da bir araya gəlmişdiniz. Şəxsi təsəvvürünüz necədir, Moldova Avropa ölkəsi olmaq istəyir, yoxsa Avrasiya Birliyinin üzvü olaraq Rusiyanın yanında yer almağa qərarlıdır?
- Moldova Avrasiya İqtisadi Birliyinə üzv deyil, müşahidəçi olaraq qatılmaq üçün müraciət etdi. Moldova hökuməti Avropa Birliyi ilə əməkdaşlıq sazişi imzalayıb və Avropa ölkəsi olmaq istəyir. Eyni zamanda Rusiya ilə xoş münasibətlərini davam etdirməyi arzu edir.
- Qaqauziya türkləri ilə təmaslarınızda hansı yeniliklər var?
"Qaqauziya Türkiyə ilə Moldova, hətta Türk dünyası arasında sağlam bir dostluq körpüsüdür” |
- Bilirsiniz, Qaqauz türkləri Oğuz boyundan gəlmədirlər. Danışdıqları dil Anadolu türkcəsinə çox yaxındır. Qaqauziya Türkiyə ilə Moldova, hətta Türk dünyası arasında sağlam bir dostluq körpüsüdür. Qaqauziyanın inkişafı üçün göstərilən yardımlar Moldovaya göstərilmiş sayılır. Biz güclü və inkişaf etmiş bir Moldova içində güclü və inkişaf etmiş bir Qaqauziya görmək istəyirik.
- Türkiyə bu bölgədə hansı işləri görməyi planlaşdırır?
- Qarauziyada bir çox projelər gerçəkləşdirdik. Qarşımızdakı illərdə baş şəhər Komratda dövlət xəstəxanasını yenidən tikmək, kreş inşa etmək, Vulkaneşti qəsəbəsinin su problemini həll etmək istəyirik. Bundan başqa, Komrat ve Çadırda sərbəst ticarət bölgəsi qurulmasını dəstəkləyirik. Tez-tez Qaqauziyaya gedən soydaşlarımızla görüşürəm.
- Türkiyə və Moldova arasında ticarət dövriyyəsi barədə nə demək olar? Əsasən hansı sahələrdə əməkdaşlığa önəm verilir?
- Türkiyə ilə Moldova arasında ticarət dövriyyəsi illik 500 milyon dollara yaxındır. Moldova balaca bir ölkədir. Burada neft yoxdur. Moldovanın iri şirkətləri Türk şirkətləridir. Şirkətlərimiz turizm-otelçilik, tibb-xəstəxana, qida, toxuculuq, bilgisayar texnologiyası (IT), kənd təsərrüfatı, ticarət (AVM) kimi sahələrdə fəaliyyət göstərməkdədir.
- Son illər baş verənlər Türkiyənin turizm sektoruna da öz mənfi təsirini göstərib. Bu il Türkiyəyə Moldovadan nə qədər turistin gəlməsi nəzərdə tutulub? Bununla bağlı hansısa görüşləriniz, təşəbbüsləriniz olurmu?
- Son illərdə baş verən olaylar Moldovadan Türkiyəyə gedən turist sayına mənfi təsir göstərməyib. Əksinə, turist sayı hər il artır. Xatırladım ki, viza rejimi 3 il öncə aradan qaldırılıb.
- Moldovadakı Azərbaycan səfiri Qüdsi Osmanovla yaxın münasibətlərinizi də daim izləyirik. Əməkdaşlıq istiqamətində daha hansı yeniliklər var?
- Moldovada qardaşım səfir Qüdsi Osmanovla bir millətin iki səfiri kimi işləyirik. Bütün sosial fəaliyyətləri birgə düzənləyirik. Bu, xoş qarşılanır. Hər kəs bunu görür. İki səfir bir-birimizə kömək edirik. Həmişə belə olacaq.
- Bakıya səfər etməyi planlaşdırırsınız?
- Bakı mənim doğma şəhərim kimidir. Yayda Bakıya gəlməyi planlaşdırıram.
- İslam Oyunlarında Türkiyə və Azərbaycan liderlik edir, izləyirsinizmi? Bu yarışları necə dəyərləndirirsiniz?
- İslam oyunlarının Bakıda keçirilməsi xoşdur. Vaxt tapdıqca yarışlara baxıram.
- Hulusi bəy, Qarabağ cəbhəsində yenə də gərginliklər yaşanır, yeni müharibə təhlükəsi yenidən artıb. Bu münaqişə barədə kifayət qədər bilgili diplomat olaraq Türkiyənin vasitəçi ölkə statusunda çalışmasını istərdinizmi? Böyük savaş başlasa, Türk ordusu Azərbaycanın yanında ola bilərmi?
- Ermənilər Azərbaycanımızın işğal altındakı torpaqlardan çəkilmədikcə bu gərginlik davam edəcək. Birləşmiş Millətlərin Qarabağla bağlı 4 qətnaməsi var. Birləşmiş Millətlər ATƏT və beynəlxalq ictimaiyyət Qarabağ probleminin qısa zamanda həll edilməsi istiqamətində fəaliyyət göstərməlidir. Biz savaş deyil, barış tərəfdarıyıq. Azərbaycan ordusunun işğal altındakı torpaqlarını geri alacaq gücü var.