Politoloq: "Kreml Azərbaycanda prezident seçkisində rəsmi Bakıya təsir yolları haqqında düşünür”
Ümumrusiya Azərbaycanlıları Konqresinin ləğvi ətrafında müzakirələr artıq iki ölkənin sərhədlərini aşıb. Britaniyada mənzillənən Qafqaz üzrə ekspert Dennis Sammut hesab edir ki, ÜAK-la bağlı qərar iki ölkə arasında "ciddi problemlərin olduğunu ortaya qoyur” və əlaqələrdəki daxili gərginliyin yalnız "üzdə olan hissəsini” göstərir.
Ekspert hesab edir ki, Rusiyada Azərbaycan diaspora təşkilatının ləğv edilməsi Rusiya və Azərbaycan arasındakı gərginlikdə "aysberqin yalnız görünən hissəsidir”, britaniyalı ekspert deyib. ("BBC-Azərbaycan”) Onun sözlərinə görə, Rusiya ilə Azərbaycan əlaqələrində belə bir addım kifayət qədər yenidir və gözlənilməz olub. Ekspertin fikrincə, Moskvanı açıq tənqid etməkdən yayınan, strateji tərəfdaşlıq barədə danışan rəsmi Bakı hazırda Rusiyanı "qeyri-dost” addımda ittiham edir.
Dennis Sammut hesab edir ki, bunun iki izahı ola bilər: Birincisi, Azərbaycan Sankt-Peterburq görüşündən sonra Qarabağ probleminin həlli ilə bağlı gözlədiyi inkişaf olmadığına görə Moskvadan narazıdır.
İkincisi, Azərbaycanın Silahlı Qüvvələrində son günlər baş verən proseslərə görə narahatlıq mövcuddur. "Ötən gün Milli Məclisdəki müzakirələr vaxtı casusluqda ittiham edilən onlarla azərbaycanlı zabitin məsələsi səsləndirildi. Bundan bir-iki gün əvvəl hamı düşünürdü ki, onlar Ermənistanın xeyrinə casusluqda təqsirləndirilirlər. Lakin indi belə görünür ki, onları Rusiyaya casusluqda ittiham edirlər”, - Münaqişə və dövlət quruluculuğu üzrə LİNKS təhlil mərkəzinin direktoru doktor Dennis Sammut bildirib.
Bu arada 2 milyonadək üzvü olduğunu deyən təşkilatın ləğvi ilə bağlı müxtəlif versiyalar səsləndirilir.
"BBC-Azərbaycanca”na danışan politoloq Zərdüşt Əlizadə hesab edir ki, ÜAK-ı bağlamaqla Moskva Azərbaycana "yerini göstərmək” istəyib: "Bakı artıq Rusiyanın bütün tələblərini yerinə yetirir. Sadəcə olaraq, Moskva ÜAK-ı ləğv etməklə kimin hakim olduğunu göstərmək istəyib”. Z.Əlizadə deyib ki, ÜAK sənədləri tələblərə uyğun saxlamaya da bilərdi: "Bu başqa qurumlarda da olur. Amma bu səhvlər onların ləğvi ilə nəticələnmir”. Politoloq hesab edir ki, "böyük hadisənin kiçik bir izahı” da ola bilər və çox güman ki, məsələ həm də bürokratik oyunların nəticəsidir: "Yəni bürokratik qurum (Ədliyyə Nazirliyi) deyə bilər ki, biz işimizi yerinə yetirir, qanunun tələblərinə ciddi riayət edirik. Yəni təşkilatın ləğvi bürokratik səmərəliliyi göstərmək üçün atılmış addım da ola bilər”.
Elxan Şahinoğlu hesab edir ki, Ümumrusiya Azərbaycanlıları Konqresinin ləğvində Qarabağ məsələsi yalnız səbəblərdən biridir. Ekspertə görə, bizim Ermənistan üzərində hərbi üstünlük qazanmağımızı istəmirlər: "Kreml Ümumrusiya Azərbaycanlıları Konqresinin ləğvinə qərar veribsə, deməli, bunun səbəbini Rusiya-Azərbaycan münasibətlərinin hazırkı durumunda axtarmaq lazımdır. Birincisi, Kreml TAP, TANAP, Bakı-Tiflis-Qars layihələrindən narazıdır. Bu layihələrin hər biri Rusiyadan yan keçir və istər-istəməz az da olsa, Rusiyanın regional gücünü zəiflədir. Məsələn, mayın 15-də Pekində ”İpək yolu" layihəsi ilə bağlı zirvə toplantısı keçirildi, həmin toplantıda Rusiya prezidenti də iştirak edirdi. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Pekindəki çıxışında qeyd etdi ki, yaxın bir neçə ayda Bakı-Tiflis-Qars dəmir yolu hazır olacaq. Bu dəmiryolunun işə düşməsi o deməkdir ki, Çindən çıxan mallar Mərkəzi Asiya, Azərbaycan, Gürcüstan və Türkiyə üzərindən Avropa bazarlarına çatacaq. Halbuki Moskva Çin mallarının Trans-Sibir dəmir yolu ilə Avropaya çatdırılmasını istəyir. Ancaq elə rusiyalı mütəxəssislərinin sözlərinə görə, Trans-Sibir dəmir yolunun problemləri çoxdur və qatarlar ləng hərəkət edir. Ona görə də Çin Bakı-Tiflis-Qars dəmir yoluna maraq göstərir". E.Şahinoğlu gərginliyin artmasında ikinci səbəb olaraq yuxarıda qeyd olunan məqamı, Azərbaycanın cəbhə bölgəsində işğalçı üzərində hərbi üstünlüyünü artırmasını qeyd etdi: "Elə Ümumrusiya Azərbaycanlıları Konqresinin ləğvinin elan edildiyi gün Azərbaycan ordusu işğal edilmiş ərazidə işğalçının zenit-raket kompleksini məhv etdi. Kreml açıq-aşkar Azərbaycanın Ermənistan üzərində hərbi üstünlüyünü artırmasını istəmir. Buna görə Azərbaycanı zəiflətmək, problemlərini artırmaq üçün müxtəlif yollara baş vurub”. Politoloq üçüncü mühüm məsələnin olduğunu da vurğuladı: "Kreml Azərbaycanda ötən prezident seçkisində olduğu kimi bu dəfə də rəsmi Bakıya təsir yolları haqqında düşünür. Ötən dəfə prezident seçkisinə az qalmış Moskvada ”Milyonerlər ittifaqı" yaradıldı. Həmin qurumda Rusiyada yaşayan azərbaycanlı oliqarxlarla yanaşı Rüstəm İbrahimbəyov və Abbas Abbasov da yer aldı. Halbuki bu ikisini oliqarx saymaq olmaz. Ancaq hər ikisi ilə Azərbaycan hakimiyyətinin problemi var. Görünür, Moskvada növbəti prezident seçkisində Azərbaycan hakimiyyətinə təzyiq kimi yeni planın hazırlıqlarına başlanılıb və ilk addım kimi Ümumrusiya Azərbaycanlıları Konqresinin ləğvinə qərar veriblər".