Avropa Şurası Ermənistandan da soyqırım etirafı tələb edəcəkmi...

Fazil Mustafa: "Belə bir müraciət olunacaq”; Razi Nurullayev: "Xocalı soyqırımı da Srebrenista hadisələrinə tam oxşar hadisədir”

Avropa Şurası (AŞ) Serbiyanı törətdiyi Srebrenitsa qətliamının soyqırım olduğunu etiraf etməyə çağırıb. APA-nın "DW”yə istinadən verdiyi məlumata görə, AŞ rəsmi Belqradın 1995-ci il hadisələri ilə bağlı üzr istəməsini yetərli hesab etmir.
AŞ-nin İrqçilik və Dözümsüzlüklə Mübarizə Komissiyasının bəyanatında bildirilir ki, beynəlxalq məhkəmələrin Srebrenitsa hadisələrini soyqırım kimi qiymətləndirməsinə rəğmən Serbiya parlamenti və prezident indiyədək 1995-ci ildə baş verənləri rəsmi olaraq soyqırım kimi tanımayıb.

 Avropa Şurasının bu bəyanatı ermənilərin azərbaycanlılara qarşı törətdiyi Xocalı soyqırımını yenidən gündəmə gətirib. Ekspertlər AŞ-nin bu bəyanatından istifadə edərək, Azərbaycan tərəfin vaxtı uzatmadan hərəkətə keçməli olduğunu, AŞ PA-dakı Azərbaycan nümayəndə heyətinin bu məsələni qaldırmasının vacibliyini vurğulayırlar. Bu yolla AŞ-nin təcavüzkar Ermənistan barəsində də bu tipli bəyanat səsləndirə biləcəyi qeyd olunur.


Böyük Quruluş Partiyasının sədri, AŞ PA-dakı Azərbaycan nümayəndə heyətinin üzvü Fazil Mustafa bu istiqamətdə müəyyən hazırlıqların görüləcəyini qeyd etdi: "Nümayəndə heyəti yəqin ki, bu istiqamətdə müəyyən işlər görəcək və məsələni gündəmə gətirəcək. Çünki bu bir fürsətdir, əgər ikili standart yoxdursa, o zaman qaydalara uyğun şəkildə bu müraciətin edilməsi vacibdir. Çox güman ki, belə bir müraciət olunacaq. Bu məsələ ilk növbədə Avropa Şurasında qaldırılmalıdır.

Image result for Fazil Mustafa

Belə bir qərar qəbul olunarsa, Azərbaycan hökuməti bunu əsas götürərək sonra digər dövlətlərdən tələb etməlidir ki, bu məsələdə həmrəylik göstərilsin, Serbiyadan edilən tələb burada da edilsin. Bunun hüququ tərəfi yoxdur, olacaqsa, siyasi qərar olacaq. Çünki soyqırımla bağlı hüququ qərar deyilən bir anlayış yoxdur”.


Yeni AXCP-nin sədri, beynəlxalq məsələlər üzrə ekspert Razi Nurullayev Azərbaycan hakimiyyətinin Xocalı soyqırımının tanıdılması ilə bağlı müəyyən işlər gördüyünü bildirdi:"Haqsızlıq etmək olmaz, hakimiyyət Xocalı soyqırımı ilə bağlı müəyyən işlər aparır. Amma Avropa Şurasında bu soyqırımın tanıdılması ilə bağlı işlər görülsə də, nəticəsi hələ ki zəifdir. Çünki burada iqtidarın başı siyasi işlərə daha çox qarışır. Çünki Avropa Şurasının Azərbaycandan demokratiya, insan haqları ilə bağlı bu və ya digər şəkildə tələbləri olur. İqtidar isə bunun qarşısını almaq üçün müəyyən lobbi tədbirləri həyata keçirir. Nəticədə ölkə üçün önəmli məsələlər arxa planda qalır. Avropa Şurasında da Xocalı soyqırımı, Azərbaycanla bağlı məsələlər arxa plana keçir. Əgər Avropa Şurası Srebrenitsa soyqırımı ilə bağlı Serbiya hökumətinə təzyiqlər edirsə, təbii ki, Azərbaycan tərəfi də AŞ PA-dakı nümayəndələri vasitəsilə bu məsələnin onların gündəminə salınmasına nail ola bilər. Xocalı soyqırımı da Srebrenista hadisələrinə tam oxşar hadisədir. Bu istiqamətdə nələrsə edə bilərik. Bəzən bizə elə gəlir ki, Avropa dövlətləri daha çox ermənipərəstdirlər. Amma əslində belə deyil. Bəzən Avropa parlamentariləri həqiqətin yanında dayanmağı bacarırlar. Bu baxımdan, Azərbaycan hökuməti güclü işləyərsə, Avropa siyasətçiləri ölkəmizin yanında dayana bilər. Onu da qeyd edək ki, Azərbaycanla Ermənistan arasında hazırda sülh danışıqları davam edir. Amma onu da qeyd edim ki, danışıqlar prosesini pozmamaq, zərər verməmək, tərəflərin bir masa ətrafında oturmalarına nail olmaq üçün bu cür məsələləri sonrakı mərhələlərə saxlaya bilərlər. İndiki vaxtda bu məsələni gündəmə salmama ehtimalları da var. Bununla bağlı onların öz düşüncələri da ola bilər. Danışıqlar prosesinin davam etməsi bu məsələyə maneçilik yarada bilər”.

Image result for R.Nurullayev


R.Nurullayev beynəlxalq situasiyanın bu istiqamətdə Azərbaycanın xeyrinə olduğunu da qeyd etdi: "Dağlıq Qarabağ məsələsi ilə bağlı hadisələr Ermənistanın xeyrinə işləmir. Artıq beynəlxalq konfranslar, tədbirlərdə Ermənistan öz mövqeyini müdafiə etmək üçün çox əziyyətlər çəkir. Amma öncəliklə bu konfranslarda iştirak edən bir şəxs kimi deyə bilərəm ki, Azərbaycan torpaqlarının işğal edilməsi faktını dünyaya sübut etmək üçün çox əziyyətlər çəkirdi. Lakin hər zaman Azərbaycan nümayəndə heyətinin çabaları qulaqardına vurulurdu. Ermənistan isə hər zaman bu məsələləri bayram edirdi. Amma hazırda eyni vəziyyətlə onlar üzləşib. İndi Azərbaycan tərəfi ermənilərin Azərbaycan torpaqlarını işğal etdiyini, bir milyondan çox vətəndaşımızı öz doğma yurdlarından didərgin saldığını deməyə gərək qalmır. Çünki artıq dünya dövlətləri, beynəlxalq konfransların iştirakçıları bununla bağlı məlumatlıdırlar. Ermənistan tərəfi, əksinə, Azərbaycan ərazilərini işğal etmədiklərini, qətliamlar törətmədiklərini, işğalçı olmadıqlarını sübut etmək üçün dəridən-qabıqdan çıxırlar. Lakin hər zaman da iflasa uğrayırlar. Azərbaycan bütün istiqamətlərdə öndədir”.





[email protected]