AK Partidən musavat.com-a verilən məlumata görə, Türkiyənin iqtidar partiyası 21 mayda keçiriləcək 3-cü fövqəladə (növbədənkənar) qurultaya tam hazırdır. Qurultaya hazırlıq üzrə təşkilat komitəsinin az qala 24 saat ərzində çalışmaları öz nəticəsini verməkdədir.
17 mayda, qurultaya 3 gün qalmış, tədbirin keçiriləcəyi Ankara "Arena” idman kompleksinin salonunu təftiş edən xüsusi komissiya (tərtib komitəsi heyəti) gələcək müsafirlərin və qurultay nümayəndələrinin yerləşdirilməsinin planını, salonunun dizaynını bir daha yerindəcə müzakirə edib.
Musavat.com-a verilən bilgidə vurğulanır ki, AK Partinin qurultaya hazırlıq üzrə təşkilat komitəsi (AK Parti konqre tərtib heyəti) böyük siyasi tədbirin keçiriləcəyi salondakı vəziyyəti təftiş etdikdən və buradakı dizayn çalışmalarını gördükdən sonra Cümhurbaşqanlığı güvənlik yetkililəri ilə (Prezident Administrasiyasının təhlükəsizlik xidməti ilə) birlikdə "Arena”nın ətrafındakı güvənlik çalışmalarını da müzakirə ediblər. AK Partidən verilən bilgiyə görə, Türkiyə prezidenti R.T. Ərdoğanı qurucusu olduğu partiyanın başına qaytaracaq 3-cü növbədənkənar qurultayda 100 mindən çox insanın qatılacağı gözlənilir. Türkiyənin siyasi həyatının 1 saylı hadisəsi hesab olunan bu qurultayın işini isə, yerli və xarici olmaqla, 200 nəfər jurnalist işıqlandıracaq.
Musavat.com bir daha bildirir ki, mayın 21-də keçiriləcək 3-cü növbədənkənar qurultayda prezident Ərdoğan yenidən AKP-nin sədri seçiləcək. 16 aprel referendumundan sonra Anayasaya edilən dəyişikliyə əsasən, Rəcəb Tayyib Ərdoğanın yenidən partiyanın genəl başqanı olmasının yolu açılıb. Cənab Ərdoğan 2 il 9 aydan sonra yenidən qurucusu olduğu partiyanın başına dönür.
Qurultayın təşkilat komitəsinin rəhbəri, AK Parti Təşkilat başqanının müavini Mehmet Yüksektepe müsavat.com-a verdiyi müsahibədə bildirmişdi ki, bu prosesin öhdəsindən müvəffəqiyyətlə gələcəklər.
Yüksəktəpə musavat.com-un Ankaradakı müxbirinə demişdi ki, daha öncəki qurultayı 15 gün içərisində təşkil ediblər, bu dəfə də hazırlıqları sürətlə davam etdirirlər və hər şey yaxşı gedir.
Musavat.com-a o da məlum olub ki, Türkiyənin 11-ci prezidenti Abdullah Gül də AK Parti qurultayına dəvətlilər arasındadir.
Musavat.com