"Rusiya imkan verir ki, ermənilər azərbaycanlılara meydan oxusunlar"

"Rusiya imkan verir ki, ermənilər azərbaycanlılara meydan oxusunlar" 

 

"Ümumrusiya Azərbaycan Konqresi (ÜAK) adi, sıradan bir təşkilat deyil. Ona görə də onun ləğvi barədə qərar təkcə hüquqi yox, həm də siyasi xarakter daşıyır".

Bu barədə Milli.Az-a beynəlxalq məsələlər üzrə ekspert, "Cənubi Qafqaz politoloqlar klubu"nun rəhbəri İlqar Vəlizadə Rusiya Ali Məhkəməsi tərəfindən ÜAK-ın qeydiyyatının ləğvi barədə qərarını şərh edərkən deyib.

Onun sözlərinə görə, ÜAK-ın qeydiyyatının ləğvi ilk baxışdan hüquqi məsələdir. Bu proses ötən ildən davam edirdi və müsbət də həll oluna bilərdi: "Rusiya Ədliyyə Nazirliyi tərəfindən ÜAK-a bir sıra iddialar və müəmmalı məsələlərə aydınlıq gətirilməsi üçün müraciətlər olunub. Ötən ilin oktyabrından bəri ÜAK-da təşkilati məsələlər həll olunurdu. Konqresin tərkibində bəzi strukturlar ləğv olundu, yeniləri yaradıldı. Üstəlik, ilin sonunda ÜAK-ın qurultayı keçirildi, bəzi təşkilati məsələlər həll olundu, yeni rəhbərlik seçildi, nizamnaməyə müəyyən dəyişikliklər edildi. Bütün bunlarla bağlı yeni qanunvericiliyə uyğun müvafiq sənədləşmə prosesi aparılırdı, lakin bu çox böyük təşkilatdır və qısa müdət ərzində bu işləri görüb bitirmək mümkün deyildi, bəzi problemlər qalırdı.

Ədliyyə Nazirliyi sənədləşmədəki çatışmazlıqları aradan qaldırmaq üçün ÜAK-a marta kimi vaxt qoymuşdu. Ona qədər də əsas məsələlər həll olunmuş, dəyişikliklər edilmiş, nöqsanların çoxu aradan qaldırılmışdı. Amma belə başa düşmək olar ki, nazirlik bununla qane olmadı və onları gecikmiş addımlar kimi qiymətləndirdi. Ona görə də ÜAK-ın ləğvi ilə bağlı məhkəməyə müraciət etdi. Bütün bunlar məsələnin hüquqi tərəfidir. Amma lap elə hüquqi tərəfdən da baxanda görürük ki, ÜAK tərəfindən işlər görülürdü. Demək olmazdı ki, Konqres heç nə etmirdi. Sadəcə bu addımlar Rusiya ədliyyə orqanları tərəfindən o qədər də nəzərə alınmırdı. Açıq görünürdü ki, burada qərəzlilik var və bu da son qərarda öz əksini tapıb. Yəni müsbət məqamları nəzərə alaraq, başqa qərar da qəbul oluna bilərdi, amma bunu etmədilər".

Politoloq hesab edir ki, bu qərarın pərdəarxasında gizli məsələlər, şübhəli məqamlar dayanır: "ÜAK əslində sıravi, hansısa xırda qeyri-hökumət təşkilatı yox, çoxfaktorlu bir təşkilatdır. Bu qərarı verən insanlar da bunu çox gözəl başa düşür və bilirdilər ki, bu addım çox böyük əks-səda doğuracaq. Rusiyada bəzi ekspertlər deyirlər ki, burada siyasi çalar yoxdur, amma elə deyil. Bu qərarın açıq-aşkar siyasi çaları var, çünki bu sıradan bir təşkilat deyil, o, Azərbaycan-Rusiya münasibətlərində, humanitar rabitələrin qurulmasında əhəmiyyətli rol oynayır. Konqresin regionlarda nüfuzlu strukturları var. Bu fəaliyyət getdikcə genişlənir, çoxalırdı. Ona görə də onun ləğvi siyasətdən kənar deyil.

Bu qərardan ilk növbədə Rusiyadakı anti-Azərbaycan qüvvələr, erməni diasporu bəhrələnə bilər. Çünki ÜAK erməni diasporunun bir çox addımlarını, işlərini əngəlləyirdi. Konqresin tədbirləri, lobbiçilik fəaliyyəti erməniləri çox qıcıqlandırırdı. İndi bu cür təşkilatın ləğvi ermənilərə imkan verəcək Rusiyada Azərbaycan diasporuna meydan oxusunlar".
 

İ.Vəlizadə hesab edir ki, bütün hallarda ÜAK-ın ləğvi Rusiya tərəfindən atılan çox xoşagəlməz bir addımdır. Ona görə də bu məsələ Azərbaycan Xarici İşlər Nazirliyi tərəfindən ciddi araşdırılmalı və ÜAK-a müyyən hüquqi yardımlar edilməlidir: "Konqresin rəhbərləri isə qeydiyyatın bərpası ilə bağlı Rusiyanın müvafiq dövlət strukturlarına müraciət etməlidirlər. Yəni məsələ bununla bitməməlidir. Bu işlər Azərbaycanın XİN-in dəstəyi ilə aparılmalıdır. Təbii ki, Rusiyanın qanunvericiliyinin tələbləri nəzərə alınmalıdır. Amma mütləq ÜAK-ın bərpasına çalışmalıyıq. Əgər ortaya yenə qərəzli məsələlər çıxsa, o zaman bununla bağlı Rusiya tərəfində açıq müraciət etməliyik. Görün Rusiya XİN-də Azərbaycan qanunlarını açıq şəkildə pozaraq cinayət törətmiş Lapşinlə bağlı bu qədər ajiotaj var və işlərə bu qədər qarışırlar. ÜAK isə heç bir cinayət törətməyib, cinayətkar təşkilat da deyil. Ona görə də Azərbaycan XİN-nin də tam imkanı var ki, bununla bağlı öz tərəfindən araşdırmalar aparsın və bu məsələni Azərbaycanla Rusiya arasında rəsmi müzakirə edilən ikitərəfli münasibətlərin gündəliyinə salsın. Yəqin ki, onda Rusiyanın təkcə hüquqi siyasi instansiyaları yox, siyasi dairələri də məsələyə başqa cür baxmağa başlayacaqlar və ola bilər ki, müəyyən irəliləyişlər də olsun".




[email protected]