"Azərbaycan da Gürcüstan kimi üzünü Avropa Birliyinə, NATO-ya tutmalıdır...”
Qarabağda genişmiqyaslı hərbi əməliyyatlar başlaya bilər. Bu haqda ABŞ Milli Kəşfiyyat İdarəsinin dünyadakı risklər barədə hesabatında qurumun direktoru Daniyel Kouts bildirib. Onun sözlərinə görə, Azərbaycan və erməni tərəfinin kompromislərə getmək niyyətlərinin olmaması və ölkələr daxilində artan təzyiqlər Qarabağda genişmiqyaslı hərbi əməliyyatlara gətirib çıxara bilər.
Politoloq Eldar Namazov isə məsələ ilə bağlı modern.az-a açıqlamasında deyib ki, müharibənin başlama ehtimalı çox yüksəkdir: "Erməni tərəfi sülh danışıqlarında hansısa nəticə əldə etməyə imkan vermir. Ümumiyyətlə, erməni siyasi elitasında belə fikir formalaşıb ki, heç bir erməni siyasətçi Dağlıq Qarabağın qaytarılması ilə bağlı razılığa imza atmamalıdır. Əgər torpaqlar qaytarılmalıdırsa, Azərbaycan tərəfi buna yalnız güc tətbiq etməklə nail ola bilər. Yəni müharibədə məğlub olub o torpaqları qaytarmaq onlar üçün daha məqbuldur, nəinki, sülh yolu. Onların ”siyasətçiləri" üçün saziş bağlayıb razılığa gəlmək daha təhlükəlidir".
E.Namazovun fikrincə, Rusiya hər iki tərəf arasında saziş təmin etməzsə, müharibə ola bilər: "İrəvanda bu ab-havanı yalnız Rusiya sındıra bilər. Əgər Rusiya sazişi təmin etməsə, müharibə ola bilər. Rusiyanın əsas istəyi isə bu vəziyyəti dondurulmuş şəkildə saxlamaqdır. Həm Azərbaycana, həm də Ermənistana təzyiq etmək imkanını əldən vermirlər. Rusiya 5 rayonun qaytarılmasına razılıq verə bilər, amma bu hələ konfliktin tam həlli demək deyil. Statuslarla bağlı məsələlər qalır. 5 rayon qaytarıldığı halda Rusiya tərəfi sülhə məramlı məqsədlərlə qoşunlarını ora yerləşdirəcək. Bu da həmin dövlətin təsirini daha da gücləndirəcək. Rusiyanın iki yolu var: vəziyyəti dondurulmuş halda saxlamaq, beş rayonu azad edib öz qoşunlarını Qarabağda yerləşdirmək və Azərbaycanı Avrasiya İttifaqına cəlb etmək. Müharibənin başlaması Rusiyadan asılıdır”.
Politoloq Qabil Hüseynli bildirdi ki, həqiqətən də elə bir vəziyyət yaranıb Qarabağda müharibənin başlanması Rusiyadan asılı hala gəlib çatıb: "Beynəlxalq təşkilatlar demək olar ki, yaxasını kənara çəkib. BMT və ATƏT-i nəzərdə tuturam. Böyük güclərdən məsələn, ABŞ Gürcüstanla bağlı məsələlərdə görünməmiş prinsipiallıq nümayiş etdirir və Gürcüstanın ərazi bütövlüyünün təmin ediləcəyini bəyan edir və ərazi bütövlüyünün pozulmasında günahkar olan Rusiyanı da təcavüzkar adlandırır. Amma ABŞ Azərbaycanın ərazilərini işğal edən Ermənistanı ABŞ təcavüzkar elan etmir. Sanki Qarabağ məsələsi ABŞ-ın yadına düşmür. Nəticədə bölgədə bütün rıçaqlar Rusiyanın əlinə keçib. Hələ ki Rusiyanın bu bölgədəki hegemonluğuna qarşı nə beynəlxalq təşkilatlar, nə böyük güclər hər hansı təsirli tədbirlər görmək niyyətində olmadıqlarını nümayiş etdirirlər. Ona görə də xoşagəlməz vəziyyət formalaşıb, Qarabağ məsələsinin taleyi sanki tamamilə Rusiyanın əlinə keçmiş kimi görünür. Bunu hətta ABŞ da, Avropa Birliyi də söyləyir. Hamı görür ki, Rusiyanın mövqeyindən məsələnin necə həll ediləcəyi kifayət qədər asılıdır. Rusiyanın mövqeyi isə Azərbaycanı qane edəcək mövqe deyil. Rusiya açıq kartla oynayır. Ermənistanı birmənalı müdafiə edir. Belə olan halda Azərbaycan öz ərazi bütövlüyünü təmin etməyin başqa beynəlxalq vasitələrini axtarmalıdır. Azərbaycan da Gürcüstan kimi üzünü Avropa Birliyinə, NATO-ya yönəltməlidir”.
Politoloq Elxan Şahinoğlu isə düşünmür ki, Qarabağda müharibənin başlaması Rusiyadan asılıdır.
Politoloq Elçin Mirzəbəyli isə bildirdi ki, Qarabağda müharibənin başlamasına müxtəlif amillər təkan verə bilər: "Bu amillərdən biri də Rusiya faktorudur. Şübhəsiz ki, Rusiya münaqişənin inhisarçısı kimi kifayət qədər ciddi təsir imkanlarına malikdir. Lakin müharibənin alovlanmasına Rusiyadan asılı olmayan amillər də səbəb ola bilər. İşğal altındakı Azərbaycan əraziləri tam nəzarət altında deyil. Hətta Ermənistan Rusiyanın forpostu olsa belə, burada da fərqli dairələrin, güclərin nüfuz müvəkkillərinin olması istisna deyil. Qarabağda müharibə Rusiyanın ən son təzyiq vasitəsi və təbii ki, ən son ata biləcəyi addımdır. Çünki müharibə Rusiya tərəfindən alovlandırılarsa, daha geniş miqyas ala, hətta Rusiyanın öz ərazilərinə keçə bilər. SSRİ-nin süqutu Qarabağdan başladığı kimi, Rusiyanın çöküşü də Qarabağdan başlaya bilər”.
Politoloq Elşən Mustafayev bildirdi ki, Rusiya problemi yaradan ölkə kimi çıxarları xatirinə Qarabağda hərbi əməliyyatların başlanmasını təşkil edə bilər: "Ermənistan işğal altında olan torpaqları məhz onların vasitəsilə ələ keçirib. Amma bu əməliyyatların başlayacağı halda itirən tərəf Ermənistan olacaq. Çünki hər bir hərbi əməliyyat nəticə etibarı ilə hansısa ərazilərin ya işğal ya da azad olunmasına gətirməlidir. Ermənistanın gücü hətta Rusiya dəstəyi olsa belə, əlavə torpaqlar işğal etməyə yetməz, məsələnin beynəlxalq rezonansını da unutmaq olmaz. Amma öz ərazilərini itirmək təhlükəsi ilə üzləşə bilərlər. O zaman kimsənin, o cümlədən Rusiyanın Azərbaycana söz deməyə haqqı çatmaz, desələr belə sözləri eşidilməz. Yox əgər, torpaqlarımızı azad etmək üçün hərbi əməliyyatlara başlasaq və Rusiya buna hansısa səbəbdən seyrçi münasibət göstərsə, təbii ki, itirilmiş torpaqları asanlıqla geri qaytararıq. Amma bu bir xəyaldır. Rusiya bizdən qarşılığını almadan buna getməz. Bizdən istənilən qarşılıq isə o qədər qəbul olunmaz ola bilər ki, bu, Azərbaycan üçün itirilmiş torpaqlarımızın erməni işğalında qalmasından daha ağır olar. Ona görə də düşünürəm ki, bizə qarşı olacaq bütün faktorlara məhəl qoymadan Qarabağda müharibənin başlanması Azərbaycanının özündən asılı olmalıdır. Biz işğal etmək üçün yox , işğaldan torpaqlarımızı azad etmək üçün müharibə edirik. Çətin olsa da bu məsələnin həllini ayrı-ayrı dövlətlərin asılılığından çıxartmaq haqqımızdır”.