“Bakıda zəlzələ ilə bağlı qorxu yoxdur, amma...”

Qurban Yetirmişli: "Bölgələrdə zəif təkanlar var, bu olmalıdır”; Telman Zeynalov: "Zəlzələlərin miqdarı həddən artıq çoxdur”

 Mayın 11-də səhər saat 07:25 radələrində Azərbaycanın bir neçə rayonunda zəlzələ baş verib. AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi ölkə ərazisində baş verən zəlzələ ilə bağlı məlumat yayıb. Məlumatda yeraltı təkanların Saatlı rayonu ərazisində qeydə alındığı bildirilir. İlkin məlumatlara əsasən, yerli vaxtla saat 07:24-də Saatlı rayonu ərazisində zəlzələ qeydə alınıb. Zəlzələ episentrdə 4 bal, yaxın yaşayış məntəqələrində isə 3-4 bala qədər hiss olunub. Zəlzələnin ocağı 39 km dərinlikdə olub. Qeyd edək ki, zəlzələ Şirvan, Salyan, Lənkəran, Kürdəmir, Şamaxı, Ağsu, Hacıqabul, Sabirabad, Füzulidə də hiss olunub.


Maraqlıdır, zəlzələ baş verən bölgələrdə dağıntı, tələfat varmı və bu zəlzələ yenidən ola bilərmi? Bu Bakıda da gözlənilirmi?


Respublika Seysmoloji Mərkəzinin direktoru Qurban Yetirmişli zəlzələ dərində olduğu üçün onun gücünün elə də hiss edilmədiyini dedi: "Zəlzələ güclü idi. Ancaq onun gücü o qədər hiss edilməyib, çünki o, dərində olub. Dərində nə qədər güclü zəlzələ belə olsa, onun titrətmə, yəni insanlar tərəfindən hiss olunma dairəsi çox böyükdür, böyük əraziləri silkələyir. Dağıntıları isə çox az olur. Bu zəlzələdə elə bir ciddi dağıntı olmayıb. Çünki episentrdə 5 bala yaxındır, amma orada yaşayış məntəqələri yoxdur. Bu zəlzələ Saatlıdan 24 kilometr cənub-şərq, Beyləqan istiqamətindədir. Saatlı, Beyləqan, Cəlilabadda və ətraf rayonlarda 3-4 bal gücündə hiss olunub. Bunlar da təsnifatına görə heç bir dağıdıcı gücə malik deyil. Sadəcə olaraq, insanlar tərəfindən hiss olunur. Ola bilsin ki, hansısa qeyri-standart tikinti materialından istifadə olunmuş tikilidə çatlar olsun və ya ayrılsın”.


Q.Yetirmişli bu zəlzələnin Bakı ilə heç bir əlaqəsi olmadığını bildirdi: "Bakıda zəlzələ ilə bağlı hansısa qorxu yoxdur. Digər bölgələrdə isə zəif təkanlar var, bu olmalıdır. Çünki metosferdə gedən geodinamik proseslər nəticəsində bu zəlzələlər baş verir. Elə bir zona da yoxdur ki, deyəsən yaxın günlər üçün dağıdıcı gücə malik olan zəlzələ baş versin”.


Ekoloq Telman Zeynalov zəlzələnin baş verməsinin yer səthindəki boşluqlarla əlaqəli olduğunu dedi: "Alimlər indiyə qədər zəlzələnin nə vaxt baş verəcəyi ilə bağlı məlumat əldə edə bilməyib. Çünki onu əldə edə bilmək üçün avadanlıqlar icad olunmayıb. Onu ancaq heyvanat aləmi yaxşı bilir. Torpaqda sürünənlər, ilan, gürzə, it, pişik zəlzələnin olma vaxtını yaxşı bilirlər. Ona görə də onları izləmək lazımdır ki, vəziyyətin necə olduğunu biləsən. Bizim alimimiz Kərim Kərimli öyrənmişdi ki, hansı gücdə yerin səthində nüvə silahı partlasa, dünyanın hansı yerində zəlzələ baş verə bilər. Bu da keçmiş SSRİ-nin əlində bir silah idi. İndi də o silah onların əlində var. O ki qaldı Azərbaycanda zəlzələnin nə vaxt olacağına, bunu öyrənmək qeyri-mümkündür. Son vaxtlar qlobal inkişafla əlaqədar elmə pul buraxmırlar. Saxta oyunbazlıqlar həyata keçirməklə milyardlarla pul qazanırlar, amma gerçək elmə pul buraxmırlar və deyirlər ki, elmə pul buraxmağa ehtiyac yoxdur, biz hamısını bilirik. Yalandan proqnoz verirlər ki, Azərbaycanda 25 ildən sonra su qıtlığı yaşanacaq. Tamamilə yanlış fikirdir. Biz yerüstü çaylarımızın miqdarını biliriksə, deməli, bir o qədər də yeraltı çaylarımız var. Ona görə də heç bir su qıtlığı ilə üzləşməyəcəyik. İndi havanı, suyu satırlar və bunun üstündə müharibə gedir ki, bütün təbii sərvətləri hansısa dövlət əlinə keçirsin. Buna görə də zəlzələni proqnoz etmək çətindir, əgər bu nə vaxtsa mümkün olsa belə, imkan verməyəcəklər və onu kəşf edən alimi aradan götürəcəklər. Çünki onların apardığı çirkin iqtisadi siyasətə maneçilik törətmiş olacaq. Zəlzələnin baş verməsi Yer səthindəki boşluqlarla əlaqəlidir. Oranın boşluğu ilə buranın boşluğu arasında məsafə varsa, gəlib çıxacaq. Xəzər dənizinin dibində ildə 1-2 bal gücündə 1000-2000 dəfə yeraltı təkanlar baş verir. Biz onu hiss etmirik. Ümumiyyətlə, Azərbaycan hələ gənc ərazi olduğuna görə tam formalaşmayıb. Ona görə də burada zəlzələlərin miqdarı həddən artıq çoxdur”.




[email protected]