Bəxtiyar Sadıqov: "Bu yolla qazanc əldə edirlər”
Ölkə müxalifətinin vaxtilə iqtidarda təmsil olunmuş, sonradan vəzifəsini itirmiş, həbs edilmiş iri ranqlı məmurlara "qarmaq atdığının” zaman-zaman şahidi olmaqdayıq. Xüsusilə bu hal son 10 ildə daha da güclənib.
2005-ci ilin məlum proseslərində həbs edilən o zamankı nazirlər Əli İnsanov, Fərhad Əliyev və digər məmurların hər birini öz tərəflərinə çəkmək üçün siyasi partiyaların bir-biri ilə mübarizə apardıqları da müşahidə olunmuşdu.
Son günlərdə isə bu məsələ yenidən gündəmə gəlib; bu dəfə Beynəlxalq Bankın İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyevin nümunəsində bunun şahidi olmaqdayıq. Demokratik düşərgənin sabiq bankiri öz tərəfinə çəkməyin yollarını necə aradığını açıq şəkildə görürük. Hətta siyasi partiya funksionerləri, üzvləri səviyyəsində onun sosial şəbəkələr və mətbuatda müdafiə edildiyinin, bununla sabiq bankirə ötürülən mesajların şahidi oluruq.
Müxalifətin "iri ranqlı sabiq dövlət məmurları sevgisi” nədən qaynaqlanır?
Bununla bağlı bəzi fikirlər var. Əsas düşüncə odur ki, bu şəxslər vəzifədən getsələr də, həbs olunsalar da, zəngin maliyyə mənbələrinə sahibdirlər. Çoxları düşünür ki, bu imkanlardan yararlanmaq üçün müxalifət bu cür siyasət aparır, yəni hakimiyyətdə olanda tənqid etdiklərinə onlar vəzifələrini itirəndən sonra qucaq açırlar.
"Azərbaycan” qəzetinin baş redaktoru, YAP-çı deputat Bəxtiyar Sadıqov bu barədə kifayət qədər sərt danışdı: "Azərbaycan demokratik cəmiyyətdir və belə cəmiyyətdə müxalifətin olması normaldır. Sərbəst şəkildə fəaliyyət göstərən siyasi partiyalar çoxdur. Cənab İlham Əliyevin prezidentliyi dövründə konstruktiv müxalifətin yaranması prosesi başladı. Əslində müxalifət belə olmalıdır. İqtidara qarşı müxalif olmalıdırlar, dövlətə qarşı yox. Bir qrup müxalifət var ki, onlardan bəziləri Milli Məclisdə də təmsil olunur. Onlar çox dəyərli təkliflər verir, nöqsanları tənqid edirlər. Nəyi, necə görmək istəyirlərsə, müstəqil şəkildə bunu deyirlər. Amma təəssüf ki, ölkəmizdə dağıdıcı, radikal müxalifət də var, 90-cı illərdən siyasətə gəliblər. Vaxtilə bu müxalifətin silahlandığının belə şahidi olmuşuq. Keçən illər ərzində ölkə iqtidarı xalqın rəğbətini kifayət qədər qazanıb. Müxalifətin sosial bazası darmadağın olub. Onlar düzgün yolla getmirlər, nəticədə xalq da onlardan uzaq durur. Onları müdafiə edən bəzi QHT-lər, ”beşinci kalon"un üzvləri var. Beynəlxalq qurumların tapşırıqlarını icra edirlər. Siyasi məhbus məsələsini alver predmeti edib, bundan beynəlxalq aləmdə ölkəmizin əleyhinə istifadə edirlər. Siyahıları Azərbaycan əleyhinə olan qurumlara göndərirlər, bunun əvəzində yüksək qrantlar alırlar. Özlərinə yaxşı gəlir yeri düzəldiblər. Artıq mətbuata sızıb ki, o siyahılar boşuna təşkil olunmur. O insanlar həbs olunana qədər iqtidarda yüksək mövqelər tutublar, məmur olublar, sonradan onlar korrupsiyaya qurşanıblar, vəzifələrindən sui-istifadə ediblər. Mətbuatda gedən yazılardan məhkəmə barədə geniş məlumat əldə edirik. Həmin şəxslərin yaxınları, ailələri ilə əlaqələr qurulur və öz məqsədləri naminə o şəxslərin adını siyahılara salırlar. Həm qrant alırlar, həm də bu yolla qazanc əldə edirlər. Çox çirkinliklər görürük. Ölkəmiz əleyhinə fəaliyyətləri sübut olunan çox hüquq müdafiəçiləri görmüşük. Doğru qrant alsaydılar, onu heç zaman gizlətməzdilər. Vaxtilə bunlar Fərhad Əliyev nazir olanda onu çox tənqid edirdilər, Əli İnsanovu da həmçinin. Cahangir Hacıyevi də az tənqid etməyiblər. Elə ki, bu insanlar həbs olunur, o saat münasibət müxalifət daxilində onlara qarşı dəyişir. Siyahılarında bu şəxslərin adlarını görməyə başlayırıq".
İqtidar deputatı sabiq dövlət məmurlarının adlarının siyahılara necə salındığı barədə bunları dedi: "Onların adlarını siyahılarına daxil etmələrinə isə müxtəlif don geyindirirlər. Məhkəmə vaxtı onların hüquqlarının pozulduğunu, prosesin düzgün aparılmadığını deyirlər. Ən müxtəlif cildə girirlər. İndi elə zamandır ki, hər kəs hər şeyi görür. Bu cür bizneslər ancaq ikrah doğurur. Bir vaxtlar ”söydüyün", fəaliyyətindən böyük narazılıq etdiyin insanları mələk cildində təqdim edirsənsə, bu, sizlərin mənəvi keyfiyyətlərə sahib olmadığınızın göstəricisidir. Ona görə də bu cür siyahıların hörməti olmur, bu siyahılara qol çəkənlər də dəyərsiz olurlar. Bu, düzgün yol deyil. Ölkəmizdə hər kəs bilir ki, kim kimdir. Belə şəxsləri bəzi qurumlar siyahılarına daxil edəndə qarşılarına kifayət qədər sübutedici sənədlər qoyulur və onlar ağızlarından vurulurlar. Ona görə bəri başdan bu yolu tutmağa ehtiyac yoxdur".