Tanınmış ekspert: "QHT-lər artıq USAİD-dən əllərini üzüblər”
ABŞ prezidenti Donald Tramp Dövlət Departamentinin xətti ilə bir sıra inkişaf etməkdə olan ölkələrə maliyyə yardımını azaltmaq və ya tamamilə ləğv etmək barədə seçkiqabağı vədinin icrasına başlayıb. ABŞ Dövlət Departamentinin 15 səhifəlik büdcə sənədinə artıq bu barədə xüsusi bənd salınıb. Trampın ABŞ prezidenti seçilməsindən sonra tərtib edilən plan özündə inkişaf etməkdə olan ölkələrə yardımın üç dəfə azalmasını nəzərdə tutur. Sənəd layihəsinə görə, Azərbaycan, Qazaxıstan, Türkmənistan, Belarus kimi ölkələrə Dövlət Departamenti xətti ilə maliyyə yardımı ləğv ediləcək.
Ermənistana maliyyə yardımı 77,3%, Moldovaya 47,4%, Ukraynaya 68,8% azalacaq. Azalma həmçinin Gürcüstana da şamil olunacaq. Sənəddə bu kimi layihələrin əsas icraçısı olan ABŞ Beynəlxalq İnkişaf Agentliyinin(USAİD) büdcəsinin 12 milyard dollar (31 faiz) kəsilməsi nəzərdə tutulub. USAİD-in hətta ABŞ Dövlət Departamenti ilə birləşdirilməsi planı da var.
ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAID) - ABŞ hökumətinin xarici yardım üzrə agentliyidir. 1961-ci ilin 3 noyabrında prezident Con Kennedi USAİD-in təsisi haqqında sənəd imzalayıb.
Rusiyanın rosbalt.ru portalı Amerika diplomatik dairələrinə istinadən xəbər verir ki, USAİD Azərbaycanda fəaliyyətini dayandırır. O cümlədən Belarus, Tacikistan və Qırğızıstanda da təşkilatın bağlanacağı gözlənilir. Portal iddia edir ki, Azərbaycan və digər keçmiş sovet respublikalarının hakimiyyətləri "xarici agentura” hesab etdikləri bu kimi şəbəkələrin fəaliyyətlərini ölkə siyasətinə müdaxilə hesab edib və USAİD-in fəaliyyətinin dayandırılmasından heç nə itirməyəcəklər.
Konqresin Trampın seçkiqabağı vədinin icra etmək istəyinə nə deyəcəyi hələ məlum deyil, amma ABŞ-ın xarici siyasətində sapmalarla bağlı artıq sərt tənqidlər başlayıb.
Bəs ABŞ-ın Azərbaycan, Qazaxıstan, Türkmənistan, Belarus kimi ölkələrə Dövlət Departamenti xətti ilə maliyyə yardımını ləğv etməsindən, USAİD-in bağlanmasından bu ölkələr, o cümlədən Azərbaycan itirəcəkmi? USAİD-lə daha çox hökumət qurumları, yoxsa QHT-lər əməkdaşlıq edirdi?
Humanitar Tədqiqatlar Cəmiyyətinin sədri Əvəz Həsənov "Yeni Müsavat”a açıqlamasında bildirdi ki, USAID-in Azərbaycanda fəaliyyətinin tam olaraq dayandırılması tezliklə baş verməyəcək: "Onlar indiyə kimi mövcud olan 9 proqramları çərçivəsində Azərbaycanda fəaliyyət göstərirdilər. Həmin proqramların arasında təhsil, səhiyyə, fiziki qüsurları olan insanlar, yoxsulluğun aradan qaldırılması, gender bərabərliyi, ekologiya, su təminatı və kiçik sahibkarlığın inkişafı kimi proqramları uğurla işləyirdi”.
Ə.Həsənovun sözlərinə görə, USAİD demokratiya, insan hüquqları və yaxşı idarəetmə proqramı ilə yanaşı, konflikt zonalarında iş proqramını Azərbaycanda inkişaf etdirmək sahəsində də çətinliklə üzləşmişdi. Ona görə də proqramın bağlanmasının demokratik proseslərə elə bir isti-soyuğu olmayacaq: "Onsuz da bu proqram işləmirdi. USAİD ilə QHT-lər artıq 2014-cü ildən işləyə bilmirlər. Səbəb qanunvericilikdə edilən bir sıra dəyişikliklərdir. Ona görə də QHT-lər artıq USAİD-dən əllərini üzüblər. Hökumətin özünün marağında olan sosial layihələrin maliyyələşməsində isə USAİD az rol oynamırdı, indi o da əldən çıxacaq”.
Eksperti vurğuladı ki, USAİD ABŞ-ın ən böyük maliyyə yardımı proqramı olmaqla yanaşı, onun hər hansı ölkədə fəaliyyəti həmin ölkə üçün siyasi baxımdan prestijli əməkdaşlıq sayılır. Bu baxımdan, USAİD-in bağlanmasından təbii ki, ölkənin imici daha çox zərər görür, eyni zamanda ölkə bu əməkdaşlıqdan əldə ediləcək maliyyə vəsaitlərindən məhrum olur.
Qeyd edək ki, USAİD-in dünyanın bir çox ölkələrində, həmçinin Azərbaycanda öz proqramlarını, maliyyəni azaltması prosesi bir neçə ildir müşahidə edilməyə başlamışdı. Bunu bir müddət öncə "3-cü sektor facebook qrupu”nda sosial şəbəkə iştirakçıları və ekspertlərin suallarını cavablandıranUSAİD-in Azərbaycandakı Missiya direktoru Maykl Qrin də bildirib: "Bizim azalan büdcəmizə gəlincə isə bəli, bu bir həqiqətdir ki, bir çox başqa donorlar kimi ABŞ hökuməti də öz dövlət büdcəsini balansa gətirmək üçün son illərdə bir sıra ağır kəsrlər etmişdir. Nəticədə USAİD dünyanın bir çox ölkələrində öz proqramlarını azaltmaq məcburiyyətində qalmışdır. Təəssüflər olsun ki, USAİD-Azərbaycan həmin tələb olunan kəsrlərdən qaça bilməmişdir”.
M.Qrin qeyd edib ki, USAİD-in missiyası QHT-lərlə işləmək və onlara müstəqil və dayanıqlı təşkilatlar olmağa kömək etməkdir ki, onlar milli inkişafa öz töhfələrini verə bilsinlər: "Hər bir ölkədə hər bir vətəndaş qanun və beynəlxalq müqavilələrə uyğun olaraq mülki və siyasi hüquqlardan istifadə etmək hüququna malik olmalıdır. USAİD-in yardım mexanizmlərinin geniş çeşidinə texniki yardım, təlimlər, logistika dəstəyi və sub-qrantların verilməsi daxildir. Yüksək ixtisaslı Azərbaycan QHT-lərinin birbaşa maliyyələşdirilməsi həm də müəyyən vətəndaş cəmiyyəti təşkilatlarına vətəndaş cəmiyyəti sektorunun digər iştirakçıları üçün resurs olmağa imkan verə bilər. Biz birbaşa Azərbaycan QHT-ləri ilə işləməyə üstünlük vermişik. Bəzi yerli təşkilatlar artıq yüksək səviyyəli inzibati, idarəetmə və texniki bacarıqlar əldə ediblər və bu, onlara əməkdaşlıq müqavilələri və ya birbaşa qrant mexanizmləri vasitəsilə USAİD-dən maliyyə almağa imkan verir.
USAİD gənclərlə və gənclər təşkilatları ilə işləyən ilk agentliklərdən biri olmuşdur və bu fəaliyyətlər 2010-cu ildə "Counterpart İnternational" təşkilatının icra etdiyi Vətəndaş Cəmiyyəti Layihəsi vasitəsilə aparılırdı. Azərbaycanda yerli gənclər təşkilatlarının sayının artmasını nəzərə alaraq, USAİD-in Azərbaycan Missiyası onlara güclənməkdə kömək etmək və bu vəsaitlər vasitəsilə onların iştirakçılığını artırmaq məqsədini hədəf götürmüşdü. Bu fəaliyyət 7 koalisiyada birləşmiş 22 təşkilatı səfərbər edə bildi. Bu koalisiyalar ölkə rayonlarına səfərlər edir və gənclərlə sosial şəbəkələşmə, bloq fəaliyyəti, ictimai vəkillik, hökumətlə dialoq və digər məsələlər üzrə iş aparırdı. Bu koalisiyalar Azərbaycanın 32 rayonunda öz fəaliyyətlərini başlamağa müvəffəq oldular. Onlar əyalətlərdə 3500 gənclə və qadınla, eləcə də 180 QHT ilə əlaqə qurdular. Təlim paketlərinin 500-dən çox nüsxəsi çap edilərək kənd yerlərində yaşayan və təlimlərdə iştirak edən gənclərə paylanıldı. Koalisiyalar bloq saytlarını necə yaratmaq və saxlamaqla bağlı texniki yardım göstərdilər. Bu layihə çərçivəsində təlimləndirildikdən sonra əyalətlərdən olan gənclər tərəfindən təqribən 40 yeni bloq və internet saytı yaradıldı. Layihə yeni baş qaldıran lider gənclər və qruplara stimul verdi və onlara öz bacarıqlarını yeni nəslə ötürməyə imkan yaratdı. Daha bir layihə Bakıda və ölkənin müxtəlif bölgələrində yeni gənc liderlərə bilik və bacarıqlar verilməsini hədəfləyirdi. Təqribən 150 gənc fəal təlimləndirilmiş və icmalarında liderə çevrilmələri üçün lazımi bacarıqlarla təmin edilmişdir".