İŞİD təhlükəsi sovuşurmu...

Ekspert: "Bizim Dövlət Təhlükəsizlik Xidmətinin Türkiyə xüsusi xidmət orqanları ilə birlikdə əməkdaşlığı nəticəsində regionda bu şəbəkənin imkanları xeyli məhdudlaşdırılıb”

 İŞİD-ə qarşı genişmiqyaslı hücum əməliyyatları bu terror qruplaşmasını bir qədər zəiflədib. Hətta ötən günlərdə xəbər yayıldı ki, artıq İŞİD "paytaxtını” Suriyanın Rakka şəhərindən ölkənin başqa bir şəhəri olan Deyr-ez-Zora köçürür. Lakin yaşananlar onu deməyə əsas verir ki, İŞİD zəifləsə də hələ də müəyyən gücə sahibdir.


Belə ki, son olaraq mayın 2-də İŞİD Suriya-İraq sərhədində yerləşən mürtəce kampına hücum edib. Nəticədə isə 37 nəfərin həyatını itirdiyi bildirilir.


Bu da realdır ki, artıq digər ölkələrdən, o cümlədən Azərbaycandan İŞİD-ə qoşulmaq üçün Suriyaya gedənlərin sayı da kəskin şəkildə azalıb.


Təhlükəsizlik üzrə ekspert İlham İsmayıl "Yeni Müsavat”a bildirib ki, İŞİD zəifləsə də hələ ki zərərsizləşdirildiyini söyləmək olmaz:


"İŞİD hələ də paytaxtında oturub və ona qarşı vuruşan qüvvələr Rakkaya hücum etməyə belə cəsarət etmirlər. O mənada ki, xeyli mülki əhali var və bu hücumlar onların həyatlarını itirməsi ilə nəticələnə bilər. Necə ki, Mosulun bir hissəsini də yerli əhaliyə görə azad edə bilmirlər. Orada da yerli əhali sipər kimi qoyulub. Bu baxımdan, İŞİD hələ ortadadır və yeri gələndə bəzi təzyiqlər üçün super dövlətlərə gərəklidir. Məsələn, Bəşər Əsədin taleyi ilə əlaqədar olaraq, orada Rusiyanın mövqeyinin zəiflədilməsi və ya əksinə, Rusiya kiməsə təzyiq etmək üçün bəzi hallarda koridorlar açır. Bu kimi hallar bir müddət də davam edəcək. İŞİD-in yenidən klassik terror variantına qayıtması və ayrı-ayrı Avropa ölkələrində terror törətməsi məsələsinə gəlincə isə heç bu da yenilik deyil. Bu, terrorçuların əvvəlcədən işlətdiyi metodlardandır. İndi isə ölkələrə silah-sursat keçirmək çətin olduğu üçün başqa formalara əl atıb, maşınları insanların toplaşdığı yerlərə sürürlər. İŞİD hələ bir müddət fəaliyyət göstərəcək. Bir müddət dedikdə bu, bir neçə il çəkə bilər. Hesab edirəm ki, bu dərəcədə radikalizm insanların şüuruna yeridilməsi tez bir zamanda çıxası deyil. Bəlkə də bunun çıxması üçün bütün bir nəslin dəyişməsi lazımdır. O da mümkündür ki, İŞİD bundan sonra elə bir sərt zərbələr alsın ki, bir müddət özünə gələ bilməsin. Lakin İŞİD-in digər terror təşkilatları olan "Əl-Qaidə", ”Müsəlman qardaşları" "Əl-Nusra" Cəbhəsi ilə birlikdə toparlanıb, daha effektli hərəkət etmələri də gözləniləndir. Bunun üçün onlara uyğun, şəraitli olan ölkələr var. Məsələn, Əfqanıstan, Pakistan , müəyyən ərəb ölkələrini qeyd etmək olar".

Image result for İlham İsmayıl


Ekspert son zamanlar Azərbaycanda İŞİD-ə qoşulanların sayının azalması məsələsindən də danışıb: "Deyərdim ki, keçmiş MTN ləğv edildikdən sonra indiki rəhbərlik bu istiqamətdə xeyli işlər görüb. Nəticə olaraq Azərbaycandan Suriyaya gedənlərin də sayı nəzərəçarpacaq dərəcədə azalıb. Eyni zamanda vaxtilə orada olub, sonra geri dönənlər də ciddi şəkildə nəzarətə götürülüb. Onlar arasında həbs edilənlər, məhkəməsi olanlar da var və bu istiqamətdə axın dayanıb. Bu, həm bizim xüsusi xidmət orqanının uğurudur, həm də İŞİD-in özündə də son zamanlar çox gərgin anların yaşanması ilə bağlıdır. Terror qruplaşması sərt zərbələr aldığı üçün insanların ora getməyə qarşı maraqları azalıb. Gedənlər də bilirdilər ki, oradan sağ qayıtmaq çətin məsələdir. Ancaq beyinlərinin ”yuyulması" və pul təklifi İŞİD-i onlar üçün cazibədar edirdi. Bizim Dövlət Təhlükəsizlik Xidmətinin, Türkiyə xüsusi xidmət orqanları ilə birlikdə əməkdaşlığı nəticəsində bu işin qarşısı xeyli alınıb. İstər ora getmək, istərsə də gedənlər qayıtdıqdan sonra onlara qarşı münasibətdə dəyişiklik var".


İ.İsmayıl İŞİD məhv edilərsə Yaxın Şərqdə hansı dəyişikliklərin olacağı məsələsinə də toxunub: "Yaxın Şərq məsələsi İŞİD-lə bağlı yaranmadığı üçün bu terror qruplaşmasının məhv edilməsi ilə də bitən deyil. Yaxın Şərq məsələsi daha qlobal məsələdir və burada İsrail, eləcə də bir sıra ərəb ölkələrinin mənafeləri var. Bundan əlavə, Yaxın Şərqdə İranın, Rusiyanın, ABŞ-ın da mövqeləri var. 50 ildən çoxdur ki, Yaxın Şərq məsələsi davam edir və hazırda deyərdim ki, bura dünyanın ən narahat bölgələrindəndir. Əksinə, indiki məqamda bütün diqqətlər İŞİD-ə yönəlib. Nəticədə İsrail də bir qədər rahatdır. İŞİD və digər təşkilatlar olmadığı zaman isə Həması silahlandırırdılar. Suriya, İran tərəfindən, yeri gələndə Rusiyanın birbaşa əli olmasa da dolayı yollarla Həmas silahlandırılırdı. Nəticədə Həmas Fələstin bölgəsində İsraili narahat edirdi. O baxımdan, hesab edirəm ki, Yaxın Şərq problemi uzun çəkən prosesdir. Bu, tezliklə həll ola bilməz. Sadəcə olaraq, münasibətlərdə kəskinliyin azalması və ya artması məsələsi ola bilər”.




[email protected]