NATO üzvünün əsgərləri Qarabağda, bizimlə...;İki qardaş ölkənin birgə təlimlərinin ardınca Azərbaycan, Türkiyə və Gürcüstan ortaq təlimləri başlayacaq; rusiyalı hərbi ekspert İrəvanı xəbərdar etdi: "Belə təlimlər ən əvvəl Ermənistana güc nümayişidir...”
Azərbaycan-Türkiyə birgə taktiki təlimləri uğurla davam edir. Gözlənildiyi kimi, iki qardaş ölkənin silahlı qüvvələri arasında budəfəki hərbi manevrlər dost-düşmənlərin xüsusi diqqətini çəkib. Bu da bir neçə səbəblə bağlıdır.
Birinci səbəb şübhəsiz ki, Türkiyə amili ilə əlaqədardır. Regionun ən güclü, ən döyüşkən ordusuna malik, üstəlik, NATO üzvü olan bir dövlətin məhz Azərbaycanla ortaq təlimlər keçirməsi, ordumuzun döyüş qabiliyyətinin artmasına daima real töhfə verməsi nəzərdən yayına bilməzdi. Fakt budur ki, Türkiyə Azərbaycanla hərbi və hərbi texniki sahədə yüksək səviyyədə əməkdaşlıq edən yeganə NATO ölkəsidir.
Təlimlərə kənardan nəzər-diqqəti artıran ikinci amil Türkiyənin hərbi və döyüş qabiliyyətini artırmağa yaxından kömək etdiyi Azərbaycanın işğalçı Ermənistanla müharibə vəziyyətində olmasıdır. Bu üzdən bəzi siyasi təhlilçilər, ələlxüsus da düşmən tərəfin ekspertləri ortaq təlimlərdə Ermənistana qarşı real təhdid də görürlər. Bəzi erməni təhlilçiləri isə hesab edir ki, bu təlimlər konkret olaraq müharibə hazırlığının tərkib hissəsidir və hərbi təlim adı ilə cəbhə bölgəsinə böyük ordu birləşmələri yeridilə bilər.
Bütün hallarda, yəni düşmən nə düşünür-düşünsün, vaxtaşırı genişmiqyaslı hərbi təlimlər keçirmək, üstəlik, bunu qardaş Türkiyə ilə reallaşdırmaq ərazisinin 20%-i on illərdir işğal altında olan Azərbaycanın halal haqqı, daxili işidir. Aydındır ki, işğala son verilməyincə həm bu cür təlimlər ara verməyəcək, həm də Azərbaycan öz silahlı qüvvələrini ən müasir silahlar və döyüş sistemləri ilə təchiz eləməkdə davam edəcək. Bu yöndə 1 nömrəli müttəfiqimiz və strateji tərəfdaşımız isə təbii ki, NATO üzvü Türkiyədir.
***
"Son birgə təlimlər istənilən halda qonşu Ermənistana güc nümayişidir”. Musavat.com-un erməni qaynağına istinadən verdiyi məlumata görə, bunu Moskvadakı İctimai-Siyasi Tədqiqatlar Mərkəzinin direktoru, hərbi ekspert Aleksey Maxlay Azərbaycan-Türkiyə may təlimlərini şərh edərkən deyib.
Ekspert bundan öncə Azərbaycanın 20 minlik canlı qüvvə, yüzlərlə zirehli texnika vahidi və artilleriya qurğusu, digər döyüş sistemləri və pilotsuz uçan aparatların cəlb olunduğu beş günlük (16-21 aprel) hərbi təlimləri xatırladaraq deyib:
"Azərbaycan öncə komanda-qərargah təlimlərini həyata keçirib. Hərb təlimlərin keçirilmə qaydası məhz belədir. Bu, Silahlı Qüvvələrin hazırlığının yoxlanışıdır. Güc nümayişi ortadadır. Demək, doğru o olar ki, Ermənistan öz silahlı qüvvələrinin döyüş hazırlığının qayğısına qalsın. Bunu regionda formalaşan situasiya diktə edir”.
Bununla belə, rusiyalı analitik Türkiyə-Azərbaycan təlimlərinin Ermənistanla hərbi toqquşmaya gətirəcəyini az ehtimallı sayır: "Hərçənd etiraf eləmək lazımdır ki, Dağlıq Qarabağ münaqişəsi zonasında situasiya hazırda olduqca mürəkkəbdir”.
Ardınca Azərbaycanın silahlı qüvvələrinin son illər xeyli gücləndiyini etiraf edən hərbi ekspert, maraqlıdır ki, Türkiyənin Azərbaycana kömək eləməklə guya beynəlxalq qaydaları pozduğunu iddia edib. "Türkiyə NATO üzvü olmayan Azərbaycanla hərbi təlimlər keçirməklə beynəlxalq siyasət nöqteyi-nəzərdən BMT Nizamnaməsini kobud şəkildə pozur”, - deyə o bildirib.
Rusiyalı hərbi təhlilçi daha sonra əlavə edib: "Türkiyəli hərbi təlimatçılar və məsləhətçilər artıq çoxdan Azərbaycandadır və Azərbaycan qoşunlarının hazırlığında fəal şəkildə iştirak edirlər. Bundan başqa, Türkiyə analoji təlimləri Gürcüstanla da keçirir. Yeri gəlmişkən, indiki hərbi təlimlərdən sonra - artıq iyun ayında üçtərəfli Türkiyə-Azərbaycan-Gürcüstan hərbi təlimləri baş tutmalıdır - hansı təlimlər ki, Gürcüstan ərazisində nəzərdə tutulur. Bütövlükdə bu - hərbi güc nümayiş siklidir. Yəni aprelin ortalarından iyunun ortalarına kimi Türkiyə Azərbaycan və Gürcüstanla faktiki surətdə hərbi ustalığı cilalayacaq, praktik surətdə isə Türkiyə bu iki dövlətin silahlı qüvvələrini öyrədəcək, onlarla döyüş əməliyyatları təcrübəsini mübadilə edəcək”.
***
Türkiyənin NATO üzvü olaraq məhz Azərbaycan və Gürcüstanın yanında yer alması, bu iki ölkənin müdafiə qabiliyyətinin artmasına kömək eləməsi və ordularının güclənməsində mühüm rol alması əlbəttə ki, təbii və məntiqlidir. Ən azından ona görə ki, hər iki ölkə Rusiyanın birbaşa iştirakı ilə hərbi təcavüzə məruz qalıb və ərazi bütövlüklərini indiyədək bərpa edə bilməyib.
Odur ki, rusiyalı hərbi ekspert əslində Türkiyəni yox, məhz Ermənistanı və onun havadarı Rusiyanı BMT Nizamnaməsini və beynəlxalq hüququ kobud şəkildə pozmaqda qınasaydı, eyni zamanda illərdir yerinə yetirilməyən BMT qətnamələrindən danışsaydı, qat-qat haqlı və əsaslı görünərdi.
Söz düşmüşkən, BMT Nizamnaməsi hər bir ölkəyə öz ərazi bütövlüyün istənilən yolla bərpa etmək haqqı tanıyır. Bu yollardan biri isə hərbi güc yoludur - hansı yol ki, Azərbaycan və Gürcüstan üçün həmişə açıqdır və onu heç kim başlamayıb. Demək, Türkiyənin Azərbaycan və Gürcüstan üçün ustad dərsləri, ordu faktoru da həmişə aktualdır, öndədir.