"Heydər Əliyevin tarixi missiyaları sırasında onun ölkəmizdə dərin islahatların müəllifi olması ayrıca yer tutur"

"Müstəqil Azərbaycan dövlətinin qurucusu ümummilli lider Heydər Əliyevin tarixi missiyaları sırasında onun ölkəmizdə dərin və hərtərəfli islahatların müəllifi olması ayrıca yer tutur. Bu dahi şəxsiyyətə xas olan quruculuq xüsusiyyətləri onun islahatçı, yenilikçi xarakteri ilə üzvi surətdə qovuşaraq XXI əsrin birinci onilliyində yeni iqtisadi möcüzə kimi qəbul edilən fenomenin - Azərbaycan Respublikasının möhtəşəm yüksəlişinin fundamental əsasını təşkil etmişdir".

"Heydər Əliyevin tarixi missiyaları sırasında onun ölkəmizdə dərin islahatların müəllifi olması ayrıca yer tutur"

İctimaifikir.az  Trend-ə istinadən xəbər verir ki, bunu Baş nazirinin müavini, Yeni Azərbaycan Partiyasının sədrinin müavini-icra katibi Əli Əhmədov rəsmi mətbuatda dərc olunan məqaləsində deyib.

Tam məsuliyyəti ilə deyə bilirik ki, Heydər Əliyev irsinə məxsus olan yenilikçilik ruhu ölkəmizdə bu gün davam etdirilən və böyük uğurlara səbəb olan dərin islahatlar konsepsiyasının nüvəsini təşkil etməkdədir. Bu hər şeydən əvvəl ondan irəli gəlir ki, dahi liderin formalaşdırdığı siyasi və iqtisadi sistem donmuş, dəyişməz prinsiplərə deyil, həmişəyaşar və deməli təkmilləşməyə açıq dəyərlərə istinad edir. Hər dəfə cəmiyyətin daxili və ətraf amillərin təsiri altında yeni sıçrayışa ehtiyacı yarandıqda, Heydər Əliyevin zəngin irsində onu təmin etməyə qadir olan islahatların əsasını təşkil edən ideyalar tapılır və onlar yüksəlişin istiqamətlərini və ehtiyaclarını dəqiqliklə göstərə bilir.

Cəmiyyətin yeni transformasiya ehtiyacları

İslahatlar hər bir cəmiyyətin inkişafının fundamental əsasını təşkil edir. Bütünlükdə bəşəriyyət nail olduğu inkişaf və tərəqqiyə görə islahatlara minnətdardır. Ayrı-ayrı tarixi şəraitdə və müxtəlif ölkələrdə reallaşan yeniliklər və yenidənqurmalar həyatın bütün sahələrinin təkmilləşməsinə təkan vermiş, insanlara daha səmərəli şəkildə işləmək və yaxşı yaşamaq imkanları yaratmışdır. Bu mənada bütünlükdə dünyanın, o cümlədən ayrı-ayrı xalqların və dövlətlərin inkişafını fasiləsiz olaraq bir-birini əvəz edən islahatlar zənciri kimi təqdim etmək heç də yanlışlıq olmazdı. Müəyyən mənada sosioloji qanunauyğunluğa çevrilmiş bu sosial hadisədən kənarda hər hansı ciddi inkişafdan söhbət açmaq, düşünürəm ki, mümkün deyil.

Azərbaycanın 25 illiyi bu yaxınlarda qeyd olunan müstəqillik tarixi islahatlar və onun zəruri nəticəsi sayılan transformasiyalar dövrü kimi səciyyələndirilə bilər. SSRİ-nin süqutundan bu günə qədər ölkəmiz ardıcıl surətdə həyata keçirilən siyasi, iqtisadi, sosial islahatların bəhrələrindən faydalanmaqdadır. Müasir Azərbaycanı ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin rəhbərliyi altında gerçəkləşən uğurlu islahatların parlaq nümunəsi hesab etməyə kifayət qədər əsaslar var.

Hazırda ictimai aktuallıq kəsb edən məqam ölkənin yeni transformasiya zolağına daxil olmasıdır. Azərbaycan yeni islahatlar mərhələsinə qədəm qoymuşdur və Prezident İlham Əliyev onu dərin islahatlar kimi səciyyələndirmişdir.

Yeni islahatların zərurəti hər şeydən əvvəl inkişafın tədrici xarakterindən və islahatların sosial hadisə kimi təbiətindən qaynaqlanır. Hər bir islahat müəyyən tarixi çərçivəni əhatə edir və mütləq şəkildə onu yeni islahat əvəzləyir. Yeni islahatın başlaması əvvəlkinin başa çatması deməkdir və tərəqqinin davamlı təbiəti yeni islahat dalğasını qaçılmaz edir. Bu mənada yeni islahat, əslində, inkişafın yeni mərhələsinə hədəflənmiş ictimai davranışın başlanması kimi qavranılır.

Azərbaycanda dərin islahatlar konsepsiyasının elan edilməsi yeni, daha qətiyyətli ictimai tərəqqi naminə böyük ictimai hərəkatın başlanması qismində qəbul edilməlidir. Başqa sözlə ifadə etsək, ölkə daha qətiyyətli və yüksək sıçrayışa hazırlaşır və dərin islahatlar konsepsiyası məhz bu amala xidmət göstərir.

Növbəti islahatların aparılmasına səbəb olan digər ictimai ehtiyac qlobal iqtisadi və sosial dəyişikliklərlə birbaşa əlaqədardır. Azərbaycanın beynəlxalq iqtisadi və siyasi inteqrasiyası prosesinin dərinləşməsi obyektiv olaraq onun qlobal dəyişikliklərə həssaslığını ciddi şəkildə artırmışdır. Davamlı beynəlxalq iqtisadi və maliyyə böhranı, dünyanın siyasi və geopolitik nizamının dəyişməsi meyillərinin güclənməsi Azərbaycanda adekvat davranış modelinin seçilməsini qaçılmaz edir. Dünya bazarında neftin qiymətinin 2 dəfədən çox ucuzlaşması bütün karbohidrogen ixrac edən ölkələr kimi, Azərbaycanın da milli gəlirlərinin kəskin şəkildə azalması ilə nəticələndi. Bunun yan təsiri milli valyutanın məzənnəsinin kəskin dərəcədə aşağı düşməsində və digər sosial-iqtisadi xarakterli proseslərdə müşahidə olunmaqdadır. Bu şərtləri diqqətə alan və yeni inkişaf imkanlarını aşkara çıxarmağa hədəflənmiş sosial-iqtisadi modelin yaradılması tarixi zərurətə çevrilmişdir.
Hər bir islahat konkret vəzifələrə xidmət göstərir və müəyyən yüksəliş maksimumuna malikdir. Bütün dövrlər üçün əbədi inkişaf modeli mövcud deyil. Azərbaycanda iyirminci yüzilliyin sonlarında ümummilli lider Heydər Əliyevin və iyirmi birinci yüzilliyin əvvəllərində Prezident İlham Əliyevin həyata keçirdiyi islahatlar qarşıya qoyulmuş vəzifələri dolğun şəkildə reallaşdırdı. Ölkə möhtəşəm transformasiya dövrünü yaşadı, iqtisadi cəhətdən gücləndi, yeniləşdi və müasirləşdi. Həmin dövr üçün tətbiq olunan model özünün inkişaf imkanlarını bütünlüklə nümayiş etdirdi. Azərbaycan artıq daha yüksək inkişafa hazırdır və bu inkişaf yeni islahat, yeni ictimai-iqtisadi həyat modeli sayəsində reallaşmaqdadır.

Dərin islahat konsepsiyasının işlənib hazırlanması və tətbiqi ölkənin inkişafını daha yüksək pilləyə çatdırmaq məqsədlərinə xidmət göstərir. Son on ilin yüksək inkişaf dinamikası növbəti mərhələlərin əsas hədəflərini müəyyənləşdirmişdir. Yeni transformasiya daha yüksək pillədə qərar tutan modernləşmə, daha cazibədar iqtisadi fəaliyyət və fəallıq mühiti, daha ahəngdar sosial münasibətlər sistemi təmin etmək istiqamətində səylərin məcmusu formasında təsəvvür edilə bilər. Əsas hədəf Azərbaycanın rəqabət qabiliyyətinin daha da artırılması, müasir istehsal texnologiyalarının və idarəetmə metodlarının uğurla tətbiq edilməsi, insana daha əlverişli yaşamaq və işləmək şəraitinin təmin edilməsidir.

Yeni imkanlar axtarışı

İslahatlar öz qarşısına qoyduğu məqsədlərə əksər hallarda yeni imkanların aşkara çıxarılması və ya mövcud imkanlardan daha səmərəli şəkildə istifadə edilməsi vasitəsilə nail olur. Əvvəlki təxminən on ilin timsalında resurslardan səmərəli istifadə etməklə iqtisadi fəallığın və inkişafın təmin edilməsi sahəsində zəngin təcrübə toplandığını qeyd edə bilərik. Eyni zamanda bu da unudulmamalıdır ki, əvvəlki illərin sürətli inkişafı daim imkanların genişləndirilməsi, bir sıra yeni resursların aşkara çıxarılması ilə müşayiət olunmuşdur.

Ümumi dəyərləndirmə aparmalı olsaq, Azərbaycan iqtisadi resurslar baxımından kifayət qədər zəngin ölkələr sırasına daxil edilə bilər. Cəmiyyətin demoqrafik vəziyyəti əmək bazarını yetərincə iş qüvvəsi ilə təmin edir. Ölkənin zəngin təbiəti, böyük təbii ehtiyatları, coğrafi mövqeyi və digər üstünlükləri onun iqtisadi inkişaf imkanları və ehtiyatlarının əhəmiyyətli qismini təşkil edir. Lakin sadalananlar görünən və islahat nəticəsində aşkar edilərək hərəkətə gətirilməli olan ehtiyatların heç də hamısı deyil. Bu gün iqtisadi dövriyyəyə cəlb edilməmiş xeyli ehtiyat mövcuddur ki, onlardan səmərəli istifadə edilməsi gələcək illərdə yüksək və davamlı iqtisadi inkişafın təmin edilməsində mühüm rol oynamaq imkanlarına malikdir.

Azərbaycanın demoqrafik vəziyyəti ölkənin əmək bazarına kifayət qədər böyük ehtiyatların çıxarılmasına imkan yaradır. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2016-cı ildə ölkənin təxminən 10 milyona yaxın əhalisinin 68,8%-i əməkqabiliyyətli yaşda, 22,5%-i əməkqabiliyyətli yaşadək, 8,7%-i əməkqabiliyyətli yaşdan yuxarı olmuşdur. Mütləq rəqəmlərlə ifadə edilsə, Azərbaycanda təxminən 6,5 milyon nəfər əməkqabiliyyətli yaşda insan var. Müqayisə üçün bir neçə nümunəyə diqqət yetirək. Əhalisi Azərbaycan əhalisinə bərabər olan Çexiyada (10/5,5), İsveçrədə (9,8/5), Belarusda (9,4/5) və bir sıra digər ölkələrdə xeyli fərqli mənzərə müşahidə olunur.
Beləliklə, əməkqabiliyyətli əhalinin yüksək çəkisi Azərbaycanın iqtisadi inkişaf potensialının kifayət qədər ciddi ehtiyatlara söykəndiyini söyləməyə əsas verir. Bu, eyni zamanda Azərbaycanın əmək bazarını xarici sərmayələr və iş adamları üçün cəlbedici edə bilər. Bizim ölkədə əhalinin təhsil səviyyəsinin yüksək olması, zəruri infrastruktur şəraitinin təmin edilməsi və digər səbəblər də nəzərə alınarsa, sözügedən cazibədarlıq qat-qat arta bilər. Bütün hesablamalar göstərir ki, Azərbaycanın əmək bazarı istehlakçılara daha ucuz qiymətə keyfiyyətli məhsul təqdim etməyə qadirdir və bunun sayəsində ölkənin rəqabət qabiliyyətinin xeyli artırılması tamamilə real görünür. Üstəgəl, bazarlara yaxınlıq, inşa edilməkdə olan logistik mərkəz və daşınma xətləri Azərbaycanın əmək bazarına olan diqqəti artıran amillər sayıla bilər.

Qeyd olunanlar ölkənin əmək ehtiyatlarından səmərəli istifadə olunmasının yalnız bir aspektini təşkil edir. Daha vacib məqam böyük əmək ehtiyatlarından səmərəli istifadə edilməsi, başqa sözlə ifadə olunsa, əməyin məhsuldarlığının artırılması ilə əlaqədardır. Əmək şəxsin və ictimai rifahın başlıca mənbəyidir. Bu tezis aktuallığını itirməmişdir. Lakin müasir şəraitdə əmək məhsuldarlığı amili həmin tezisin məzmununda ciddi korrektələr aparmağı qaçılmaz etmişdir. Yüksək rəqabət şəraitində yalnız səmərəli təşkil edilmiş, məhsuldarlıq koofisienti kifayət qədər yuxarı olan əmək həm şəxsi, həm də ictimai rifahın mənbəyi rolunu oynamağa qadirdir. Bütün inkişaf etmiş ölkələrin nümunəsi sübuta yetirir ki, onların yüksək tərəqqiyə və sərvətlərə nail olmasının həlledici səbəbləri içərisində əmək məhsuldarlığı amili əsas yerlərdən birini tutur. Bir saat ərzində ABŞ-da 60,2, Fransada 57,7, Almaniyada 55,8, Cənubi Koreyada 29,7, Türkiyədə 28,1, Polşada 26,2, Estoniyada 25,9, Rusiya Federasiyasında 21,5 dollarlıq dəyər yaradılır.

Dövlət Statistika Komitəsinin məlumatlarının təhlilindən aydın olur ki, 2016-cı ildə ölkədə 54.352 milyon manatlıq ÜDM yaradılmasında 4671 min nəfər iştirak etmişdir. Beləliklə, adambaşına yaradılan ÜDM 12 min AZN-ə bərabərdir. Azərbaycanın yüksək iqtisadi inkişafı fonunda əmək məhsuldarlığının artırılması inkişafa təkan verə biləcək çox əhəmiyyətli sayılmalıdır. Məqsəd bundan ibarət olmalıdır:

* Azərbaycanda əmək məhsuldarlığı daha da artırılsın və onun yaradılan dəyərdə iştirak payı çoxaldılsın;
* əmək resurslarından və iş vaxtından səmərəli istifadə olunsun;
* əməyin texniki və enerji tutumu səviyyəsi yüksəldilsin.

Əmək məhsuldarlığında bir sıra amillərlə yanaşı, onun mexanikləşməsi və avtomatlaşması birbaşa rol oynayır. Müxtəlif ölkələrdə elektrik enerjisindən adambaşına istifadə edilməsi statistikası əmək məhsuldarlığındakı fərqlərin səbəbini izah etməyə yardımçı ola bilər. Adambaşına elektrik enerjisindən istifadə ABŞ-da 13933, Cənubi Koreyada 10300, Almaniyada 7700, Fransada 6900, Rusiyada 7700, Çexiyada 6321, Polşada 3783, Türkiyədə 2477 kvt/saatdır. Azərbaycanda adambaşına 1706 kvt/saat elektrik enerjisi istifadə olunur.

Yuxarıda şərh edilən təhlillərin yekunu olaraq deyək ki, dərin islahatlar dövrünün yeni imkanlar axtarışı ilk növbədə əmək məhsuldarlığının artırılması, əmək ehtiyatlarından daha səmərəli istifadə edilməsi problemi şəklində nəzərdən keçirilməlidir. Azərbaycanın 4,6 milyon iqtisadi fəal əhalisinin əməyin səmərəli və elmi təşkili şəraitində daha çox milli gəlir yaratmaq iqtidarında olması heç kimdə şübhə yaratmamalıdır.

Dərin islahatların qarşısında duran digər mühüm vəzifə struktur dəyişiklikləri nəticəsində iqtisadi stimullaşmanı və əmək ehtiyatlarından səmərəli istifadə edilməsini təmin etməkdir. Dövlət Statistika Komitəsinin məlumatına görə, 4671 min iqtisadi fəal əhalinin 1698 mini kənd təsərrüfatında, 39 mini mədənçıxarma sənayesində, 229 mini emal sənayesində, 26,7 mini elektrik enerjisi, qaz və buxar istehsalı sahəsində, qalanları digər sahələrdə çalışırlar. Başqa sözlə, sənayedə çalışanlar 300 min nəfərdən azdır ki, bu da kənd təsərrüfatında işləyənlərin 1/6-ni təşkil edir. Eynilə xidmət sahəsində çalışanların sayı (1176 min nəfər) kənd təsərrüfatında və ya dövlət sektorunda məşğul olanların sayından azdır. İqtisadiyyatın bütün dünya üzrə daha sürətlə genişlənən sahəsi kimi xidmət sektorunun inkişafı iki fundamental problemin həllinə töhfə verə bilər:

 

* məşğulluğun təmin edilməsi;
* milli gəlirin artmasına dəstək.

İstehlakçıya xidmət, biznesə xidmət, istehlakçıya və biznesə xidmət kimi 3 sahəyə bölünən xidmət sferası getdikcə iqtisadiyyatda daha aparıcı mövqe tutur. Son onilliklər ərzində inkişaf etmiş ölkələrdə ən çox iş yeri xidmət sahəsində yaradılıb. Məsələn, 1995-2008-ci illərdə ABŞ-da iş yerləri sənayedə 21% azalmış, xidmət sahəsində isə 122% artmışdır. Eyni mənzərə Yaponiyada (-132;+52), Böyük Britaniyada
(-22;+129), Cənubi Koreyada (+47;+84) müşahidə olunmuşdur. ABŞ-da və İngiltərədə iqtisadi fəal əhalinin 62%-i xidmət sahəsində məşğul olur.

Xidmət sahəsinin xüsusi çəkisinin artımı eyni zamanda ÜDM-də özünü göstərir. Bu sahə ən çox gəlir gətirən iqtisadi fəaliyyət seqmentinə çevrilmişdir. Müasir cəmiyyət inkişaf etmiş xidmət sektorundan ayrı təsəvvür edilmir. Xidmət sferası ABŞ iqtisadiyyatının 59,7, Almaniyanın 69,1, Fransanın 79,1, Cənubi Koreyanın 59,7, Türkiyənin 64,2, Gürcüstanın 68,7, Çexiyanın 59,2, İranın 52,3 faizini təşkil edir. Azərbaycan iqtisadiyyatında xidmət sahəsinin xüsusi çəkisi cəmi 36,1%-ə bərabərdir.
Düşünürəm ki, dərin islahatlar dövründə xidmət sahəsinin inkişafına xüsusi diqqət verilməsi zərurəti yuxarıda şərh edilən qısa xülasənin ortaya qoyduğu əsas nəticə hesab edilməlidir.

Yeni imkanlar axtarışında diqqəti çəkən istiqamətlərdən biri kənd təsərrüfatı sahəsi hesab oluna bilər. Son illər bu sahənin artımında müşahidə olunan dinamika optimizm üçün ciddi əsaslar yaratmışdır. 2015-ci ildə 5,8 milyard manatlıq məhsul istehsal edilən kənd təsərrüfatı 2016-cı ildə 2,6% artmışdır. Ümumi daxili məhsulun 3,1% azalması fonunda kənd təsərrüfatında əldə edilən artım tempi kifayət qədər cəlbedicidir. Eyni zamanda ÜDM-də iqtisadiyyatın bu sahəsinin xüsusi çəkisi artım nümayiş etdirir. Statistik rəqəmlərdən görünür ki, 2015-ci ildə istehsal olunan 54,352 milyon ÜDM-dəki kənd təsərrüfatı məhsulunun xüsusi çəkisi 10% civarındadır.

Kənd təsərrüfatının istehsalına üstün diqqət verilməsi iqtisadi amillərlə yanaşı, həm də sosial amillərlə şərtlənir. İqtisadiyyatın bu sahəsi çoxsaylı iş yerlərinin yaradılması üçün əlverişli imkanlara malikdir. Azərbaycanda əhalinin 17%-i (1698 min nəfər) kənd təsərrüfatında çalışır. Bu göstərici ABŞ-da 0,7, Almaniyada 1, Polşada 1,5, Rusiya Federasiyasında 4%-dir. Əhalinin məskunlaşması, iqtisadiyyatın strukturu, əmək məhsuldarlığı və bir sıra digər sosial-iqtisadi təbiətli sahələr Azərbaycanda kənd təsərrüfatını həm iqtisadi, həm də sosial faktor kimi daha əhəmiyyətli etmişdir. Lakin onu da qeyd etmək vacibdir ki, kənd təsərrüfatı sahəsinin məşğulluq baxımından imkanları qeyri-məhdud deyil və gələcəkdə ehtiyatların qıtlığı üzündən həm məskunlaşmada, həm də məşğulluqda struktur dəyişiklikləri qaçılmaz olacaq. Bu, inkişaf etmiş bütün ölkələrin keçdiyi tarixi yoldur. Əyani təsəvvür naminə yuxarıda adı çəkilən ölkələrə istinad edilə bilər. Kənd təsərrüfatı sahəsində çalışan hər bir işçiyə orta hesabla düşən kənd təsərrüfatına yararlı torpaq sahəsi ABŞ-da 186,5 ha, Almaniyada 19,5 ha, Polşada 27,9 ha, Rusiyada 35,9 hadır. Azərbaycanda bu göstəricinin 2,8 ha olması artım imkanlarının çox da geniş olmamasını göstərir. Deməli, kənd təsərrüfatı məhsullarının istehsalının inkişafı və yeni iş yerlərinin açılması paralel olaraq zəruri struktur islahatlarının aparılmasını şərtləndirir.

İqtisadiyyatın sürətli inkişafını təmin etməyə hədəflənmiş yeni imkanların axtarışı elm və təhsilin birbaşa iqtisadi faktora çevrilməsi kimi fundamental problemdən kənarda qala bilməz. Bu amilin iqtisadi inkişafda rolunu daha aydın təsəvvür etmək naminə elmi tədqiqatlara ÜDM-dən ən çox və ən az vəsait ayıran ölkələrin iqtisadi inkişaf səviyyələrinə diqqət yetirmək kifayətdir. Dünya Bankının araşdırmalarına görə, ÜDM-dən elmi tədqiqatlara ən çox pay ayıran 10 ölkə - İsrail, Finlandiya, Cənubi Koreya, İsveç, Yaponiya, Danimarka, İsveçrə, ABŞ, Almaniya və Avstriya (bu ölkələr elmi tədqiqatlara ÜDM-in 4.4%-dən 2,75%-nə qədər vəsait xərcləyir) adambaşına ən çox milli məhsul istehsal edən dünya dövlətlərindəndir. Onların bu göstəriciləri 2015-ci ildə 34054 ABŞ dolları ilə, 58647 ABŞ dolları arasında olmuşdur. Elmi tədqiqatlara ən az vəsait xərcləyən (ÜDM-in 0.15-0.02%-i civarında) Şri-Lanka, Qvatemala, Qambiya kimi ölkələrdə isə adambaşına ÜDM 2500-1650 ABŞ dolları arasında olub, dünyanın ən kasıb dövlətləri siyahısında yer tutmuşlar.
Yuxarıda göstərilən nümunələr belə bir qənaətə gəlməyə əsas verir ki, Azərbaycanın gələcəyini, onun iqtisadiyyatının növbəti sıçrayışlı inkişafını elm və təhsilin rolunu artırmadan təsəvvür etmək mümkün deyil. Elmin və təhsilin daha ciddi, əhəmiyyətli məhsuldar qüvvəyə çevrilməsi sahəsində çalışmalar yeni iqtisadi imkanlar axtarışının əsas istiqamətlərindən biri olmalıdır. Heç də təsadüfi deyildir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev insan amilinin rolunun artırılmasının ölkənin iqtisadi siyasətinin əsas hədəflərindən biri olduğunu dəfələrlə vurğulamışdır.

Böyük iqtisadi imkanlar kiçik və orta sahibkarlıq sahəsində qərar tutur desək, yanılmarıq. Dünyanın əksər inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrinin təcrübəsi təkzibedilməz şəkildə sübuta yetirir ki, iqtisadiyyatı durğunluqdan çıxarmaqdan başlayıb yüksək iqtisadi göstəricilərin əldə olunmasınadək iqtisadi inkişafa təkan verən ən səmərəli və sadə iqtisadi fəaliyyət forması kiçik və orta biznesdir. Bir neçə fakta diqqət yetirək: ABŞ-da 7 mln. kiçik və orta müəssisə, 13 mln. fərdi qeyri-kənd təsərrüfatı müəssisəsi (toplum 20 mln.) fəaliyyət göstərir. ABŞ-da bu müəssisələrdə işçilərin 2/3 hissəsi cəmlənmişdir. Almaniyada 3,5 mln., İspaniyada 3,4 mln., Fransada 3 mln., Polşada 3,8 mln. kiçik və orta müəssisə var. Bu ölkələrin hər birində bütün işçilərin 65-70%-i həmin müəssisələrdə çalışır.

Əhalisi Azərbaycanla müqayisə oluna bilən Çexiyada 1 mln., İsraildə 450 min belə müəssisə mövcuddur. Bu ölkələrdə də işləyənlərin təxminən 2/3-si iqtisadiyyatın bu sektorunun payına düşür.
Ümumiyyətlə, iqtisadçıların hesablamalarına görə, inkişaf etmiş ölkələrdə əhalinin hər 1000 nəfərinə 40-72 kiçik və orta müəssisə düşür. Kiçik və orta müəssisələr milli gəlirlərin formalaşmasında aparıcı rol oynayır. Məsələn, Almaniya ÜDM-nin 46,7%, Çinin 55%, İspaniyanın 72%, Polşanın 48%-i (bəzi hesablamalara görə 70%) kiçik və orta müəssisələrdə istehsal olunur.

Azərbaycanda kiçik və orta sahibkarlıq iqtisadiyyatda daha sürətlə inkişaf etdirilməyə ehtiyac duyan ən güclü amildir və ya ehtiyatdır desək, yəqin ki, səhv olmaz. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2016-cı ildə ölkədə 83017 kiçik və orta müəssisə qeydə alınmışdır. Əhalinin hər 1000 nəfərinə 40-72 kiçik və orta müəssisə hesabı ilə ölçsək, Azərbaycanda bu göstərici xeyli azdır. Bu müəssisələr ölkə ÜDM-nin formalaşmasında cəmi 4%-lik, məşğulluğun təmin edilməsində isə 6,3%-lik xüsusi çəkiyə malikdir. Deyə bilərik ki, statistika Azərbaycanda yeni imkanlar axtarışının istiqamətini çox düzgün və aydın göstərir. Ölkə iqtisadiyyatını inkişaf etdirməyin, ÜDM-i tezliklə və ciddi şəkildə artırmağın və məşğulluq səviyyəsini yüksəltməyin ən etibarlı yolu kiçik və orta sahibkarlığa geniş meydan verməkdir. Bunu eyni zamanda düzgün seçilmiş hədəfə çatmağın ən asan yolu adlandıra bilərik. İqtisadiyyatın bu sahəsinə aydın strategiya əsasında siyasi, maliyyə, texniki və s. dəstək verməklə ən az xərclə və mümkün olan ən az vaxtla ölkədə iqtisadi fəallığı əhəmiyyətli dərəcədə artırmaq mümkündür. Bütün bürokratik əngəlləri aradan qaldırmaq, qeydiyyat və fəaliyyət üçün texniki normativ sənədləşməni ciddi şəkildə sadələşdirmək və yüngülləşdirmək, etibarlı dövlət dəstəyi təmin etməklə 2-3 il ərzində 10 minlərlə kiçik və orta müəssisənin yaradılması gerçəkləşdirilə bilər. Çoxlarına ifrat optimist proqnoz kimi görünəcək bu hədəfin mümkünlüyünü aşağıdakı amillərlə əsaslandırmaq istərdim:

* kifayət qədər gənc və sərbəst işçi qüvvəsinin mövcudluğu;
* əhalinin təhsil səviyyəsinin yüksəkliyi;
* sahibkarlığa meylin nisbətən yüksək olması;
* Azərbaycandan kənarda fəaliyyət göstərib biznes təcrübəsi və sərbəst kapital toplayan çoxsaylı vətəndaşların öz vətənində biznes qurmaq marağının güclü olması.

Azərbaycanda kiçik və orta sahibkarlığın inkişaf perspektivlərini göstərən qeyd olunan dörd amilin sonuncusunun üzərində ayrıca dayanmağa dəyər. Həm göstərilən kateqoriyaya aid insanların, həm də Azərbaycanda bir sıra səbəblə əlaqədar olaraq biznes fəaliyyəti göstərmək istəyən əcnəbi vətəndaşların iqtisadiyyatı inkişaf etdirmək məqsədilə yeni imkanlar axtarışı baxımından cəlbedici və ümidverici olduğunu düşünmək üçün ciddi əsaslar mövcuddur. "Açıq qapı" siyasəti ölkə iqtisadiyyatının inkişafına ciddi təkan verə bilər. Bunun üçün o qədər də böyük riskləri olmayan bir sıra qərarların qəbul edilməsi, üstəgəl yenilənmiş infrastruktur, yəqin ki, kifayət edər. Bu gün iqtisadiyyatın ehtiyac hiss etdiyi maliyyə problemi, sərmayə yatırımı ehtiyacları özünün həllini "açıq qapı" siyasəti sayəsində tapmaq imkanı qazanardı.

İdarəetmədə optimallaşma: xərclərin azaldılması, faydalılıq əmsalının artırılması

Prezident İlham Əliyevin dərin islahatlar konsepsiyasının əhatə dairəsi kifayət qədər genişdir və bu dairədə idarəetmə sisteminin təkmilləşdirilməsi haqlı olaraq əsas yerlərdən birini tutur. İqtisadiyyatın getdikcə daha artıq dərəcədə liberallaşması, bazar iqtisadiyyatı münasibətlərinin və təfəkkürünün möhkəmləndirilməsi insanların fəaliyyətinin stimullaşdırılması ilə bağlı şərtlər sistemini əhəmiyyətli dərəcədə dəyişdirir. İnsan fəaliyyətinin motivasiya əsaslarına yeni baxışın formalaşması aydın şəkildə müşahidə olunmaqdadır. Bu mənzərə bütün fəaliyyət sahələrində, o cümlədən dövlət idarəçiliyinə aid olan fəaliyyət sahələrində özünü büruzə verir. Xüsusilə də yüksək təhsilli gənclər arasında vəzifə perspektivləri və inkişafı daha çox sağlam praqmatik yanaşmalara istinad edir. Vaxtilə yaxşı universitet təhsilli gənc üçün dövlət idarəçiliyi sistemində işləmək təklifi ən uğurlu başlanğıc hesab olunurdusa, indi belə təklif onun əmək fəaliyyəti prioritetləri sırasında heç də həmişə ilk sıralarda dayanmır. Prioritetlərin dəyişməsi əsasən maddi təminat mülahizələri ilə izah oluna bilər. Hesab edirik ki, idarəetmə sahəsində islahatlar bu reallığı nəzərə almaqla həyata keçirilərsə, o, fəaliyyət növü kimi cazibədarlığını qoruyub saxlaya bilər.

İdarəetmə sahəsində islahatların qaçılmaz, eyni zamanda həssas cəhəti optimallaşma ilə əlaqədardır. Beynəlxalq praktikada bu sahədə nümunə sayıla biləcək konkret yanaşma mövcud deyil. Ölkələrin siyasi sistemləri, tarixi ənənələri, ərazi və əhali parametrləri və s. amillər çoxsaylı milli idarəetmə formalarının yaranmasına səbəb olmuşdur. Bununla yanaşı, dövlət idarəçiliyi sahəsində ağlabatan optimal yanaşmanın aktuallığı, demək olar ki, əksər ölkələr tərəfindən qiymətləndirilir.
Bürokratik aparatın əsassız olaraq şişməsi dövlətlərin əksəriyyətində müşahidə olunan hadisə sayıla bilər. Bu isə, öz növbəsində, büdcə xərclərinin artması ilə yanaşı, idarəçiliyin keyfiyyət parametrlərinin azalması ilə müşahidə olunur. Statistik məlumatlar Azərbaycanda bu sahədə ciddi tədbirlərin görülməsinə ehtiyac olduğunu göstərir.

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2015-ci ildə dövlət idarəetməsi, müdafiə və sosial təminat sahəsində 287,3 min nəfər çalışmışdır. Eyni zamanda, bu sahədə çalışanların sayında artım hiss olunmaqdadır. 2010-cu ildə dövlət idarəçiliyində çalışanların sayı 279 min nəfər olmuşdur.
Ayrı-ayrı ölkələrdə dövlət idarəçiliyində çalışan işçilərin müqayisəsi onların əhalinin hər 10 min nəfərinə düşən sayı əsasında həyata keçirilir. Dövlət Statistika Komitəsinin məlumatından aydın olur ki, Azərbaycanda əhalinin hər 10 min nəfərinə 287 nəfər dövlət idarəçiliyi sahəsində çalışan işçi düşür (ordu və təhlükəsizlik xidmətlərində çalışanlar da buraya daxildir). Həmin göstərici ABŞ, Almaniya, Yaponiya və Rusiya Federasiyasında 100-110 nəfər arasındadır. Fərqin təxminən 2,5 dəfə olduğu bu müqayisənin ortaya çıxardığı ən diqqətçəkən məqamdır.

Təhlilin ortaya qoyduğu digər reallıq idarəetmə sahəsində optimallaşma addımlarının atılmasının qaçılmaz olması ilə əlaqədardır. Söhbət həm şaquli, həm də üfüqi idarəetmə istiqamətlərində əhəmiyyətli dəyişikliklərin həyata keçirilməsindən gedir. Zəruri, optimal həddə ixtisarların aparılması ilə yanaşı yeni idarəetmə, o cümlədən inzibati-ərazi idarəetmə formalarının tətbiq edilməsi günün aktual probleminə çevrilmişdir.

İdarəçilik metodlarının təkmilləşdirilməsi, daha müasir formaların sınaqdan keçirilməsi bu sahədə arzuolunan islahatların digər istiqamətini təşkil edir. Dövlət idarəçiliyi aparatı nəinki sayca optimal olmalı, habelə çevikliyi, qərarların qəbulu müddətinin minimuma endirilməsi kimi keyfiyyətləri ilə seçilməlidir. İnkişafın və dəyişikliklərin yüksək dinamikasının müşahidə olunduğu indiki dövrdə qərarların qəbulunun gecikməsi və ya lazımi idarəçilik çevikliyinin olmaması idarəetmə sisteminin fəaliyyətinin faydalılıq əmsalını ciddi şəkildə aşağı salır.

Nəhayət, aşkarlığın, şəffaflığın təmin edilməsi, idarəetmə sisteminin bütün pillələrinin müxtəlif növdən olan neqativlərdən təmizlənməsi dövlət idarəçiliyi sahəsində islahatların ən vacib sahəsi kimi qeyd edilməlidir. Neqativlərə qarşı mübarizə bütün dövrlərdə və ölkələrdə dövlət idarəçiliyi sahəsində, müəyyən mənada, ənənəvi hal almış fəaliyyət növünə çevrilib. Müasir idarəetmənın bu mübarizəni daha da gücləndirməyə həm ehtiyacı artıb, həm də imkanları. Qanun və qaydaların təkmilləşməsindən başlayaraq ən müasir texnologiyalardan istifadə etmək əsasında fəaliyyət göstərən "Elektron hökumət" ideyasının reallaşmasınadək çox geniş imkanlar dəsti mövcuddur ki, dövlət idarəçiliyi sahəsində zəruri şəffaflığı təmin etməklə neqativlərə qarşı mübarizənin səmərəsini qat-qat artıra bilər.

Azərbaycan yeni idarəetmə məfkurəsinə və metodlarına keçid mərhələsini yaşamaqdadır. 2016-cı ilin sentyabr ayında Azərbaycan Respublikasının Konstitusiyasına bəzi dəyişikliklərlə əlaqədar keçirilən referendumun nəticələri bu sahədə əlavə hüquqi imkanlar yaratmışdır. Çox qısa vaxtda idarəetmədə ən əhəmiyyətli və faydalı islahatların uğurla həyata keçirilməsi üçün bütün əsaslar mövcuddur və ölkə iqtisadiyyatı tezliklə onların müsbət təsirini hiss edə biləcəkdir. Cəmiyyətimiz, həmişə olduğu kimi, yenə də Heydər Əliyev ideyalarından faydalanaraq onun həmişəyaşar ruhundan daim ilham alacaqdır.




[email protected]