Maydanın 3 ili: Ukrayna inqilabdan nə qazandı, nə itirdi...

Elxan Şahinoğlu: "Ukraynada islahatlar ləng gedir, yeni iş yerləri açılmır, ən əsası da Krım və Donbasın bir hissəsi Rusiyanın nəzarəti altındadır”


Ukraynada ikinci maydan hadisələrindən 3 il keçdi. 2014-cü il fevralın 22-də gecə saatlarında Kiyevin mərkəzi meydanında toplanan insanlar hökumət binasına daxil olaraq rəsmən Yanukoviç hökumətinə son qoyulduğunu bəyan etdi. Bununla da Ukraynada ikinci inqilab və ya "Avromaydan” başa çatdı. Amma hər şey bundan sonra başlayacaqdı, Rusiya ilə əlaqələrin qırılmasının cəzası olaraq Donetsk və Luqansk rayonlarında başlayan separatizm tezliklə müharibəyə, separatizm bölgəsinin yaranmasına və Krım vilayətinin Rusiyanın nəzarətinə keçməsinə səbəb olacaqdı.


Hər şey ondan başladı ki, 2013-cü noyabrın 21-də Ukraynanın baş naziri Nikolay Azarov televiziyadan elan etdi ki, Avropa İttifaqının Vilnüsdə keçiriləcək sammitində Ukrayna heç bir sənədə imza atmayacaq. Aydın oldu ki, Yanukoviç AB ilə yaxın tərəfdaşlığa getməyəcək. Bu açıqlamadan qısa müddət sonra Ukraynada əvvəl sosial şəbəkələrdə etirazlar, ardınca isə aksiyalar başladı. 
Noyabrın 30-da xüsusi təyinatlı "Berkut” birləşmələri Maydanda toplaşan insanlara hücum edərək etirazçılara güc tətbiq edərək çadırları dağıtdı. Yanvarın 22-də Kiyevin Qruşevski küçəsində "Berkut”la aksiyaçılar arasında baş verən ikinci toqquşmada 3 nəfərin ölməsi gərginliyi daha da artırdı. Ən ciddi toqquşmalar isə 2014-cü il fevralın 18-də başladı. Üç gün davam edən toqquşmalar zamanı 75 nəfər həlak oldu. Artıq proseslər geridönməz xarakter aldı və 21 fevralda maydan liderləri ilə prezident Yanukoviç arasında anlaşma əldə edildikdən bir sutka sonra Maydan fəalları hökumət binasını ələ keçirdi, Yanukoviç isə Rusiyaya qaçmalı oldu. Amma bu son deyildi. Qarşıda Krımın Rusiya tərəfindən ilhaqı, Donetsk və Luqanskda separatizm fəaliyyətləri vardı.

Maydan olaylarını canlı şəkildə müşahidə etmiş, Ukraynanın separatçı bölgələrini gəzmiş və daha sonra bu hadisələrlə bağlı kitab yazan siyasi şərhçi Elxan Şahinoğlu Maydan xatirələrini bizimlə bölüşdü. Elxan bəy Ukrayna olaylarını 80-ci illərin sonu, 90-cı illərdə Azərbaycanda baş verənlərlə paralellik gördüyünü deyir: "Kiyevdə Maydan hadisələrini yerində izləyən birisi kimi görürdüm ki, ukraynalılar meydana həvəslə gəlir və ciddi dəyişikliklərə ümid edirlər. Ancaq mən onlar qədər optimist deyildim. Çünki köhnənin ortadan qaldırılması hələ yeninin mükəmməl olduğu anlamına gəlmirdi. Kiyevdə meydanı dolduran insanları gördükdə Bakıda Azadlıq meydanındakı möhtəşəm mitinqlər yadıma düşürdü. Ukraynada nə ordu var idi, nə də kəşfiyyat xidməti. Çünki Rusiya məxfi orqanları Ukraynadakı güc strukturlarında öz adamlarını yerləşdirmişdi və prezident Viktor Yanukoviç hakimiyyətinin çökməsi ilə həmin şəxslər həm özləri qaçdılar, həm də başçılıq etdikləri nazirlikləri dağıtdılar. Üstəgəl, Rusiya qoşunları Krımda yerləşmiş və Donbasda separatizm baş qaldırmışdı".

Siyasi şərhçi deyir ki, Ukraynada müxalifət qələbə qazansa da, onları gözləyən vəziyyətə hazır deyildi. Bu səbəbdən də tezliklə ölkədə separatizm baş qaldırdı və bir neçə vilayət itirildi, qanlı müharibə başladı: "Kiyevdə ukraynalı siyasətçi və ekspertlərlə görüşdükdə, onlardan bu ağır vəziyyətdən necə çıxacaqlarını soruşurdum. Onlar nə edəcəklərini hələ bilmirdilər, Maydanın eyforiyasından ayılmamışdılar. Yaxşı yadımdadır, ukraynalı millətçi deputatla görüşdə eyni sualı ona da verdim. O da cibindən tapançanı çıxararaq mənə ”bax, lazım olsa ətrafımda dostlarımı yığıb Donbasa gedəcəm". Onunla ayrılıb şəhərin mərkəzinə tərəf gedirdim ki, güclü səs-küy eşitdim. Sən demə, həmin gün Kiyev "Dinamo”su ilə "Şaxtyor” futbol komandaları arasında çempionluq uğrunda matç var imiş, gənclər ora tələsirmiş. Bu gördüyümlə deputatın sözləri arasında təzad var idi. Mən anlayırdım ki, Ukrayna gecikir, separatizmə və Rusiyanın müdaxiləsinə son qoymaq üçün nəsə etmək lazımdır. Ancaq yeni qüvvələri də qınamaq olmazdı, yeni hökumət formalaşmayıb, kimin hansı struktura rəhbər təyin olunacağı bilinmirdi. Üstəgəl də müvəqqəti hökumət təcili olaraq dağılan ordunu və güc strukturlarını formalaşdırmalıydı. Buna isə vaxt lazım idi. Kreml isə bu boşluqdan istifadə edərək öncə Krımı işğal etdi".

Krımın Rusiya tərəfindən işğalının inqilabdan sonra Ukraynaya ilk ağır zərbə olduğunu deyən ekspertə görə, həmin vaxt atılan addımlar yanlış olub. Belə ki, Ukrayna hökumətinin də istəyi ilə Krım tatarları separatizmə müqavimət göstərməyib və nəticədə yarımada Rusiyaya ilhaq olunub: "Üstündən 3 il keçdikdən sonra özümə sual verirəm: əgər tatarlar dağılışmasaydı, Rusiya işğalına müqavimət göstərsəydilər, hadisələr necə inkişaf edərdi? Bu mövzu ətrafında Kiyevdə Krım tatarlarının lideri Mustafa Cəmiloğlu ilə geniş diskussiyam olub. Mustafa bəy qan töküləcəyini bildirdi, yeni Kiyev hakimiyyəti isə bunu istəmirdi. Ona görə də tatarların liderlərinə deyiblər ki, silahlanmasınlar və toqquşmaya rəvac verməsinlər, çünki Kremlə bundan öz məqsədləri üçün istifadə edə bilər. Fikrimcə, o zaman Kiyev yanlış qərar verib. Bu fikrimi ukraynalı siyasətçilərə və ekspertlərə də bildirmişəm. Krımda güclü müqavimət olsaydı, Rusiya prezidenti Vladimir Putin bir qədər ehtiyatlı qərarlar verərdi. O görəndə ki, Krımı asanlıqla ələ keçirir və müqavimət yoxdur, istədiyi hədəfə asanlıqla çatdı”.

E.Şahinoğlu deyir ki, analoji vəziyyət Donbas və Donetskdə də olub: "Putin Ukraynanı iki hissəyə bölmək istəyirdi, hətta belə bir deyim də fikirləşmişdilər: ”Novorossiya". Bunun açması belədir ki, "Kiyevdən qərbə qədər sizin, şərq isə tamamən Rusiyanın”. Başqa sözlə, Putinin planına görə, Krım, Luqansk və Donetsklə yanaşı, Xarkov, Nikolayev, Dnepr, Odessa, Mariupol da separatçıların nəzarətinə keçməli idi. Bir ara, hadisələr məhz bu istiqamətdə inkişaf edirdi, adları çəkilən şəhərlərdə rus separatçıları xalqı küçələrə səsləyirdilər, Kiyev bir az da geciksəydi, Ukrayna bu bölgələri də itirəcəkdi. Ancaq təcili silahlanan ukraynalı millətçi qruplar buna imkan vermədilər və bu şəhərlərdə nəzarət bərpa olundu".

Maydandan 3 il keçdikdən sonra Ukraynada vəziyyətin nisbətən stabilləşdiyini deyən E.Şahinoğluna görə, bir sıra addımlar atılsa da, Ukrayna hakimiyyəti konseptual problemləri hələ həll etməyib, iqtisadiyyat və sosial islahatlar ləng gedir, yeni iş yerləri açılmır, zavod və fabriklər tam gücü ilə işləmir, ən əsası da Krım və Donbasın bir hissəsi hələ də Rusiyanın nəzarəti altındadır ki, bu torpaqların sonrakı taleyi hələ də müəmmalıdır: "Ukraynanın sabit və inkişaf edən dövlətə çevrilməsi üçün birincisi, korrupsiyanın miqyası azalmalıdır, çünki yağlı müəssisələr və əsas banklar yenə də oliqarxların əlindədir, iqtisadi islahatları sürətləndirmək lazımdır. Bunlar olmasa Ukraynanın indiki prezidenti Pyotr Poroşenkonun ikinci dəfə prezident seçilməsi çətindir. Ukraynalılar hər hansı siyasətçiyə çox etibar edib onu hakimiyyətin ən yüksək zirvəsinə qaldırıb, ancaq az sonra onu kürsüdən asanlıqla çölə də ata bilən millətdir. Təsadüfi deyil ki, Poroşenkonun reytinqi getdikcə azalır, onun əsas rəqibi Yuliya Timoşenkonun reytinqi isə artır. Rusiyaya da elə Ukraynada Timoşenko kimi populist lider lazımdır”.




[email protected]