Dövlət başçısı çoxdan gözlənilən sərəncamı imzaladı; Prezidenti İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirildi və Mehriban Əliyeva rəsmən iqtidar komandasının ikinci şəxsi oldu; "Mən bu vəzifəyə təyin olunmaqla öhdəmə düşən məsuliyyətin ciddiliyini tam şəkildə dərk edirəm”, deyən 1-ci vitse-prezident hansı səlahiyyətlərə malik olacaq?
Fevralın 21-də prezident İlham Əliyev Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı, YAP sədrinin müavini, ölkənin birinci xanımı Mehriban Əliyevanın 1-ci vitse-prezidenti təyin edilməsi barədə sərəncam imzalayıb.
Elə həmin gün prezident İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilib. AZƏRTAC xəbər verib ki, iclasda prezident İ.Əliyev M.Əliyevanı təqdim edib. Dövlət başçısı iclasda deyib ki, M.Əliyeva uzun illərdir ki, ölkənin ictimai-siyasi həyatında, mədəni həyatımızda mühüm və fəal rol oynayır: "Mehriban Əliyeva Yeni Azərbaycan Partiyasının sədr müavinidir. Yeni Azərbaycan Partiyası ölkəmizin aparıcı siyasi qüvvəsidir, Cənubi Qafqazın ən böyük partiyasıdır. Mehriban Əliyeva 2005-ci ildən bəri Mili Məclisin deputatıdır. Deputat kimi çox böyük işlər görüb. Təmsil etdiyi dairənin sosial-ictimai problemlərinin həllində böyük addımlar atıb, seçiciləri ilə daim təmasdadır. Deputat kimi əsas fəaliyyəti seçicilərin problemlərinin həlli ilə bağlıdır. Fəaliyyəti nəticəsində müxtəlif ölkələrdə qazandığımız dostların sayı artıb. Mehriban Əliyeva 2004-cü ildən indiyə kimi Heydər Əliyev Fondunun prezidentidir. Fond onun rəhbərliyi altında nəinki Azərbaycanın, eləcə də regionun ən böyük ictimai təşkilatına çevrilib. Çoxşaxəli fəaliyyəti Azərbaycan xalqı tərəfindən yüksək qiymətləndirilib. Fondun təşəbbüsü ilə bir sıra önəmli layihələrə imza atılıb. Mehriban Əliyevanın beynəlxalq aləmdə çox böyük nüfuzu var. UNESCO və İSESCO-nun xoşməramlı səfiridir. İkinci elə bir şəxsiyyət yoxdur ki, iki belə mötəbər təşkilatın üzvü olsun”. Prezident deyib ki, M.Əliyeva çox peşəkar, bilikli, təcrübəli, prinsipial və xeyirxah bir insandır: "Təsadüfi deyil ki, Azərbaycan xalqı ona böyük rəğbət və sevgi ilə yanaşır. Bu gün Mehriban xanımın həyatında yeni dövr başlayır”.
M.Əliyeva göstərilən etimada görə minnətdarlıq edib: "Mən bu vəzifəyə təyin olunmaqla öhdəmə düşən məsuliyyətin ciddiliyini tam şəkildə dərk edirəm və inanıram ki, sizin və bütün mənə inanan insanların etimadını doğrultmağı bacaracağam”.
Qeyd edək ki, 26 sentyabr 2016-cı ildə keçirilən referendumda konstitusiyaya edilən əlavə və dəyişikliklərə əsasən, Azərbaycanın birinci vitse-prezidenti və vitse-prezidentləri Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilirlər.
Azərbaycan Respublikasının vitse-prezidenti vəzifəsinə seçkilərdə iştirak etmək hüququna malik olan, ali təhsilli, başqa dövlətlər qarşısında öhdəliyi olmayan Azərbaycan Respublikası vətəndaşı təyin edilir. Birinci vitse-prezident və onun ailəsi dövlət hesabına təmin edilir. Birinci vitse-prezidentin və onun ailəsinin təhlükəsizliyini xüsusi mühafizə xidmətləri təmin edir. Azərbaycan Respublikasının Prezidenti vaxtından əvvəl vəzifədən getdikdə 60 gün müddətində növbədənkənar prezidenti seçkiləri keçirilir və bu halda yeni prezident seçilənədək Azərbaycan Respublikasının Prezidenti səlahiyyətlərini birinci vitse-prezident icra edir. Bu müddət ərzində Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini icra edən birinci vitse-prezident istefa verdikdə, səhhətinə görə öz səlahiyyətlərini icra etmək qabiliyyətini tamamilə itirdikdə Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi ardıcıllıqla Azərbaycan Respublikasının vitse-prezidenti birinci vitse-prezident statusu almış olur və Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini icra edir. Səlahiyyət müddəti ərzində Azərbaycan Respublikasının vitse-prezidentinin şəxsiyyəti toxunulmazdır. Azərbaycan Respublikasının vitse-prezidenti cinayət başında yaxalanma hallarından başqa tutula, cinayət məsuliyyətinə cəlb edilə, onun barəsində məhkəmə qaydasında inzibati tənbeh tədbirləri tətbiq edilə, axtarışa məruz qala və şəxsi müayinə edilə bilməz. Azərbaycan Respublikasının vitse-prezidentinin toxunulmazlığına yalnız Azərbaycan Respublikası Baş prokurorunun təqdimatına əsasən, Azərbaycan Respublikasının Prezidenti tərəfindən xitam verilə bilər.
M.Əliyevanın təyinatına reaksiyalara gəlincə, siyasi ekspertlər bildirir ki, belə bir təyinatın olacağı gözlənilən idi. Məsələn, siyasi ekspert Elxan Şahinoğlu bildirdi ki, Mehriban Əliyeva Heydər Əliyev Fonduna rəhbərlik etdiyi müddətdə dövlət işində xeyli təcrübə qazanıb. Mehriban Əliyeva ölkə daxilindəki proseslərin bilavasitə iştirakçısıdır: "Doğrudur, Mehriban Əliyeva bu günə qədər daha çox humanitar sahədəki fəaliyyətinə görə məşhurdur, bu sıraya insanların səhiyyə problemlərinin həllini, mədəniyyət və idman tədbirlərinin keçirilməsi, əfv fərmanlarının verilməsi və digər məsələlər aiddir. İndi isə Mehriban Əliyevanın fəaliyyət arenası genişlənəcək.
Mehriban Əliyevanın birinci vitse-prezident təyinatında iki əsas səbəb mühüm rol oynaya bilər.
Birinci səbəb odur ki, Mehriban Əliyevanın birinci vitse-prezidentliyi hakimiyyət içindəki bütün fiqurlar tərəfindən müsbət qarşılanacaq. Bu təyinat İlham Əliyev-Mehriban Əliyeva tandeminin rəsmiləşdirilməsi kimi qəbul olunacaq.
İkinci səbəb isə odur ki, böyük ehtimalla dövlət başçısı artıq indidən gələcək varisi haqqında düşünür. Məsələ burasındadır ki, Mehriban Əliyeva hakimiyyət içində bəlkə də yeganə şəxsdir ki, varis planına uyğun gəlir. Prezident İlham Əliyevin Mehriban Əliyevanı birinci vitse-prezident təyin etməsi böyük ehtimalla gələcək prezidentin kimliyini də müəyyənləşdirdi.
Mehriban Əliyeva ictimaiyyət arasında populyardır. Ancaq bundan sonra birinci vitse-prezident müxtəlif istiqamətlərdən tənqidlərə də hazır olmalıdır və həmin tənqidlərə əsaslandırılmış cavablar vermək məcburiyyətindədir. Digər mühüm məsələ prezidentin birinci-vitse prezidentə hansı səlahiyyətləri etibar edəcəyidir".
Ekspertin fikrincə, bunlardan biri səhiyyə sahəsindəki islahatların sürətləndirilməsi ola bilər: "Azərbaycan vətəndaşlarının ən çox əziyyət çəkdiyi və şikayətləndiyi sahələrdən biridir səhiyyə. Mehriban Əliyeva həm bu sahədə korrupsiyanın ortadan qaldırılmasına, həm xidmətin keyfiyyətinin artırılmasına, həm də yaxın müddətdə bütün vətəndaşların icbari tibbi sığortasına nail olmalıdır. Dövlət başçısı başqa sahələrdə islahatların sürətləndirilməsini də birinci-vitse-prezidentə həvalə edə bilər. Mehriban Əliyevanın beynəlxalq aləmlə əməkdaşlıqda da lazımi təcrübəsi var. Onu dünyada prezidentdən az tanımırlar. Heydər Əliyev Fondunun rəhbəri kimi Mehriban Əliyevanın bir sıra xarici ölkələrdə həyata keçirdiyi humanitar aksiyalar, zəlzələdən əziyyət çəkən Pakistanda məktəblərin tikintisi və həmin məktəblərin texniki avadanlıqla təchizi, Fransa və Vatikanda muzeylərin təmiri və s. addımları onu beynəlxalq arenada tanıtdırıb. Ona görə də birinci vitse-prezident olaraq Mehriban Əliyevanın dünya liderləri ilə təmas qurması, ikitərəfli əməkdaşlığın genişləndirilməsi barədə müzakirələr aparması ona çətin olmayacaq”.
Prezident Administrasiyası rəhbərinin müavini, Beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov isə özünün facebook səhifəsində yazıb ki, ötən il keçirilən referendumun nəticələrinə görə təsis edilən birinci vitse-prezident vəzifəsində, heç şübhəsiz, hamı Mehriban Əliyevanı görürdü: "Əminəm ki, Mehriban xanım bu şərəfli və məsuliyyətli vəzifədə yeni-yeni uğurlara və nailiyyətlərə imza atacaq”.
Deputat Cavid Qurbanov isə gününsesi.info-ya deyib ki, Mehriban xanımın birinci vitse-prezident təyin olunması sosial sifariş olduğundan gözlənilən idi: "Azərbaycan prezidenti öz qərarlarında və seçimlərində hər zaman dövlətin, millətin gələcəyini, çıxarlarını düşünür. Bu baxımdan, Mehriban xanım Əliyevanın bu posta təyinatından məmnunam. Ölkə rəhbərinin bu təyinatı həm də sadə insanların ürəyincə oldu. Mehriban xanım sadə insanların ümid yeri olub. Mən deyərdim ki, o, əksər vaxtlar Nazirlər Kabinetinin işini üzərinə götürüb. Bəzən hansısa probleminə görə aidiyyəti qurumlar qapısında qalan insan köməkliyi ondan görüb. O, birinci vitse-prezident kimi görəcəyi işləri indiyədək də görürdü. Sadəcə, onun bu statusunu cənab prezident rəsmiləşdirdi”.
C.Qurbanovun sözlərinə görə, Mehriban Əliyevanın fəaliyyəti təkcə ölkə hüdudları ilə məhdudlaşmayıb: "O, Azərbaycanın, Qarabağın həqiqətlərini dünya çapına çıxardı. Mədəniyyətimizin, musiqimizin təbliği ilə Azərbaycanı dünyada tanıtdı. Məhz Heydər Əliyev Fondunun fəaliyyəti nəticəsində dünyada ”Xocalıya ədalət" anlayışı formalaşdı".
C.Qurbanov M.Əliyevanın qanunverici orqandakı fəaliyyətinin də cəlbedici olduğunu deyib: "Onun təşəbbüsü ilə Azərbaycanda bir neçə dəfə amnistiya aktı həyata keçirilib. On minlərlə insan həbsxanadan ailəsinə qovuşub. Azərbaycanın qanunvericilik bazasının formalaşmasında özünün töhfəsini verib. Bu baxımdan, hesab edirəm ki, bu təyinat milli və dövlətçilik maraqlarımız baxımından mühüm əhəmiyyət kəsb edir. Biz yaxın zamanlarda bunun ölkə həyatında müsbət nəticəsini də görəcəyik”.
Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov isə modern.az deyib ki, Mehriban xanım uzun müddətdir Azərbaycanın maraqlarını dünyanın bir çox ölkələrində təmsil edib, həm də Milli Məclisin deputatı kimi, UNESCO-nun səfiri kimi bunun şahidi olmuşuq: "O cümlədən mötəbər tədbirlərdə yaranan komitələrin rəhbəri olub. Azərbaycan mədəniyyətinin tanınmasında, Azərbaycan xalqının maraqlarının müdafiə olunmasında xüsusi xidmətlər göstərib, Ermənistanın Azərbaycana qarşı təcavüzü ilə bağlı bütün dünya ölkələrində maraqlarımızı təmsil edib. Mehriban xanımın birinci vitse-prezident təyin olunması çox yerində və zəruri olan bir addımdır".
Deputat Vahid Əhmədov da sərəncamı yüksək qiymətləndirib. O qeyd etdi ki, Mehriban xanım Əliyeva istər Azərbaycan ictimai-siyasi həyatında, istərsə də xaricdə kifayət qədər tanınmış bir siyasətçidir, kifayət qədər təcrübəli şəxsdir. Azərbaycanın daxili və xarici siyasətini dünyada tanıtdıran, təbliğ edən millət vəkilidir: "Onun birinci vitse-prezident təyin olunması Azərbaycanın ictimai-siyasi həyatında da çox önəmli bir hadisədir. Hesab edirəm ki, Azərbaycanın dövlət başçısına həm yaxından kömək edəcək, həm də Azərbaycanın daxili və xarici siyasətinin inkişaf etdirilməsində yardımçı olacaq. Bundan sonra Azərbaycanda, ümumiyyətlə, vitse-prezident institutunun təyin edilməsi davam etdiriləcək və digər vitse-prezidentlər də təyin olunacaq. Və bu institut Azərbaycanda yeni bir sistemin, idarəetmə strukturunun bərpasını nəzərdən keçirir”.
Deputat Zahid Oruc isə bildirdi ki, Mehriban Əliyeva ötən illər ərzində çox uğurla Azərbaycanın xüsusilə mədəni, humanitar, sosial sferada beynəlxalq miqyasda ölkəmizin maraqlarını uğurla təmsil edib. Ona görə də bu təyinat sanki həmin missiyanı rəsmiləşdirmək mənasında oldu: "Bu təyinat cəmiyyətdə yüksək qəbul olunacaq. Bəzən mediada birinci vitse-prezidentliyinə adları keçən müxtəlif şəxslərin sırasında Mehriban xanım Əliyeva ən layiqlilərdən birincisi idi. Məsələnin ikinci önəmli tərəfi bundan ibarətdir ki, şübhəsiz eyni zamanda böyük ictimai gözləntilər var. Əslində Mehriban xanımın təyinatı cəmiyyətin o gözləntilərinə də uyğundur ki, biz islahatların sürətləndirilməsini dövlət orqanları sisteminin çevikliyinin daha da təminatını reallaşmış görəcəyik. Üçüncüsü, bir xanımın mühüm bir vəzifəyə təyin olunması Azərbaycan qadınına inamı daha da artırmış olacaq və qadınların idarəçiliyin bütün həlqələrində təmsilçiliyini artıracaq. Bütün mənalarda təyinatı uğurlu hadisə kimi qiymətləndirməliyik”.
Parlamentdəki müxalif partiyalardan olan BQP-nin sədri, deputat Fazil Mustafa isə bildirib ki, 1-ci vitse-prezident postu təsis olunandan sonra ictimai rəydə düşüncə o idi ki, bu posta ən layiqli namizəd Mehriban xanım Əliyevadır. Bu da gerçəkləşdi: "Fikirləşirəm ki, siyasi cəhətdən də doğru addımdır. Mehriban xanım həm beynəlxalq arenada, həm da daxili siyasətdə kifayət qədər nüfuzlu və önəmli işlər görüb. Bu təyinat keçiriləcək islahatları daha da sürətləndirəcək”
Ənənəvi müxalifət düşərgəsindən isə ölkənin birinci xanımının ölkənin rəsmi ikinci şəxsi təyin edilməsinə fərqli münasibət sərgilənib. Bir sıra müxalifət partiyalarının liderləri təyinatı mənfi qarşılayıblar.