İnsanlara nur bəxş edən böyük oftalmoloq alim...

Abdullayeva Lalə Yunis qızı
Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi
E.Qaranzadə adına 270 nömrəli tam orta məktəbin
kimya-biologiya fənn müəllimi


Ulu Öndər Heydər Əliyev Zərifə xanım Əliyeva haqqında: “Zərifə xanım çox böyük alim olub. Mən hələ onunla həyat quranda o, artıq elm yolunda idi, elmlə məşğul idi. Onun elmi fəaliyyəti məlumdur. O, çox istedadlı, çox xeyirxah, çox sadə insan idi. Mən bu barədə çox danışa bilərəm, ailəmin yaşaması, bu günlərə çatması, övladlarımın tərbiyəsi üçün və həyatımda onun əvəzsiz rolu üçün mən bu gün Zərifə xanımın məzarı qarşısında baş əyirəm. Mənim övladlarım da bu əhvalı-ruhiyyədədirlər. Onlar bu əhvalı-ruhiyyə ilə tərbiyələniblər, formalaşıblar. Ona görə də bu gün bizim üçün müqəddəs gündür”.
Azərbaycan Milli Elmlər Akademiyasının akademiki Zərifə xanım Əliyevanın özünəməxsus nümunəvi yolu vardı. Onun zəngin və çoxşaxəli həyat yoluna nəzər saldıqda bu həyat yolunda bitib-tükənməyən arzulara doğru yol açan ömrün gözəlliyi diqqətdən yayınmır: ana ömrü, tədqiqatçı ömrü, həkim ömrü, alim ömrü və ömürlərə sığmayan bənzərsiz şəxsiyyət ömrü. Bu keyfiyyətlər və dəyərlər məhz şəxsiyyət olaraq ziyalının ömrünə işıq saçmışdır. Zərifə xanım incə, zərif duyğuların vəhdətində Azərbaycan xanımına məxsus olan çalarları və zəkası ilə qaranlıq dünyalara şəfa verdi. Duyğulu, düşüncəli, fərqli bir dünyası ilə əməli fəaliyyəti cəmləşdirib həyat fəlsəfəsinin silinməyən izlərini özü də hiss etmədən gərgin axtarışları, zəhməti, elmi biliyi ilə bu aləmə həkk etdi.
Zərifə xanım öz dövrünün novator alimi olub, həm peşəkar, həm də elmi fəaliyyətlə məşğul idi. Oftalmologiyanın elə bir sahəsi yoxdur ki, Zərifə xanımın tədqiqatları olmasın. O, tapdanmış yollarla getməyi xoşlamırdı, çalışdığı sahədə yeni cığırlar açırdı. Azərbaycanda gözü zədələyən və ağır nəticəyə, hətta tam korluğa səbəb olan traxoma infeksion xəstəliyinin geniş yayıldığı zamanda, ona qarşı təsirli müalicə üsulları yox idi. Belə bir dövrdə Zərifə xanım traxoma xəstəliyinə qarşı aparılan müalicəvi və profilaktik tədbirlərin təşkilində və keçirilməsində fəal iştirak edir, konkret müalicə təcrübəsindən başqa, Azərbaycanda traxoma xəstəliyinin daha geniş yayıldığı rayonlara gedir, həkim-oftalmoloqlara məruzələr oxuyur, əhali arasında çoxlu söhbətlər aparırdı. Azərbaycanda traxomanın kökünün kəsilməsini qarşısına məqsəd qoyan Zərifə xanım bu problemin nə qədər çətin və mürəkkəb olduğunu çox yaxşı bilirdi. Lakin işin çətinliyinə və məsuliyyətinə baxmayaraq, o, tezliklə böyük uğurlar əldə edir. Zərifə Əliyeva bu istiqamətdə çox sayda tədqiqatlar apardı və 1960-cı ildə “Traxomanın digər terapiya üsulları ilə birlikdə sintomisinlə müalicəsi” mövzusunda namizədlik dissertasiyanı müdafiə etdi. Apardığı tədqiqatlar da bu dissertasiyanın əsasını təşkil edirdi. Traxoma xəstəliyinin müayinəsi və müalicəsi işləri ilə yanaşı, Zərifə xanım oftalmologiya elminin bir sıra aktual məsələlərinə də böyük əhəmiyyət verirdi.
Zərifə Əliyeva 1968-ci ildən başlayaraq məqsədyönlü şəkildə görmə orqanının patologiyası ilə məşğul olmağa başlayır. Eyni zamanda, bir sıra məsələlərə, o cümlədən, yod-sənaye müəssisələrində, neft-kimya sənayesində çalışan şəxslərin görmə orqanlarına təsir edən amillərə əsas diqqət yetirirdi. Zərifə xanım bu problem üzərində iş apararkən, çox vaxt, bilavasitə sənaye müəssisələrində olaraq, zərərli peşə sahələrində çalışan şəxsləri oftalmoloji müayinədən keçirirdi. Genişmiqyaslı klinik və təcrübi tədqiqatlar nəticəsində alim zəhərli maddələrin görmə orqanına təsirinin əsas qanunauyğunluğunu aşkara çıxara bilir.
Şərur rayonunun Şahtaxtı kəndində dünyaya göz açmış Zərifə Əliyeva çox zəngin və mənalı ömür yolu keçib. O, görkəmli ictimai və dövlət xadimi, xalqımızın böyük oğlu Əziz Əliyevin ailəsində dünyaya göz açmışdı. Atasının ömür yolu onun üçün əsl həyat məktəbi olub. Zərifə xanım Əliyeva müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, bütün mənalı ömrünü Vətəninin və xalqının tərəqqisinə həsr etmiş dahi şəxsiyyət, ümummilli lider Heydər Əliyevin vəfalı ömür-gün yoldaşı, sədaqətli dostu və etibarlı silahdaşı olub. Vaxtilə Əziz Əliyevin ailəsində görüb-götürdükləri yaxşı bir təcrübə kimi ölkənin birinci şəxsinin xanımı olduğu zamanlarda köməyinə çatıb. O, Ulu Öndərə mənəvi dayaq, arxa olub. Akademik Zərifə Əliyevanın alim kimi qazandığı böyük uğurlar Azərbaycan tibb elminin tarixində ayrıca bir mərhələ təşkil edir. Zərifə xanım Əliyeva Azərbaycan Dövlət Tibb Universitetini bitirəndən sonra Moskva Həkimləri Təkmilləşdirmə İnstitutunda təhsil alıb. O, 1949-cu ildə Azərbaycan Elmi-Tədqiqat Həkimləri Təkmilləşdirmə İnstitutunda elmi işçi kimi əmək fəaliyyətinə başlayıb və bütün ömrünü oftalmologiyaya həsr edib. 1983-cü ildə Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü seçilib. Bir çox ölkələrdən oftalmoloqların Bakıda Zərifə xanımın təşkil etdiyi beynəlxalq səviyyəli seminarlarda iştirak etmələri ölkəmizin əsas oftalmologiya mərkəzlərindən birinə çevrildiyini sübut edirdi. Akademik Zərifə Əliyevanın yazdığı kitablar, elmi əsərlər, göz xəstəliklərinin müalicəsində xüsusi yer tutur və o, bu istiqamətdə qiymətli əsərlərin müəllifidirBütün həyatı boyu ona pənah gətirənlərin gözlərinə şəfa verən Zərifə Əliyevanın alim kimi xidmətlərində bir məqam diqqəti xüsusilə cəlb edir. O, malyariya və traxomaya qarşı fədakarlıqla mübarizə aparan atası Əziz Əliyevin yolunu uğurla davam etdirib, oftalmologiya elminə çox böyük töhfələr verib. Zərifə Əliyeva gözün zədələnməsinin öyrənilməsi və profilaktikası sahəsindəki bir sıra orijinal kəşflərinə görə SSRİ Tibb Elmləri Akademiyasının akademik M.Averbax adına mükafatına layiq görülüb. O, keçmiş SSRİ-də bu mükafatı alan ilk qadın alim idi.Zərifə xanımın fəxri adları, elmi titulları, mükafatları olduqca çoxdur. Bu adların hər biri qürur, iftixar mənbəyidir. Amma bu adlar sırasında ən şərəflisi Ana adıdır. Zərifə xanım ümummilli lider Heydər Əliyevin siyasi xəttinin layiqli davamçısı Prezident İlham Əliyevin anasıdır.Bu gün ölkəmiz Prezident İlham Əliyevin liderliyində bütün sahələrdə uğurlara nail olub, dünya birliyində öz layiqli yerini tutub. Həmçinin Birinci vitse-prezident Mehriban xanım Əliyeva Heydər Əliyev Fondu vasitəsilə həyata keçirilən layihələrlə ölkəmizin inkişafına öz misilsiz töhfəsini verir, Zərifə xanımın açdığı yolda ölkəmizdə qadın hərəkatına liderlik edir, tarixi xidmətləri ilə dövlətimizin güclənməsi yolunda yorulmaz fəaliyyət göstərir.
Zərifə xanım Azərbaycan xalqına məxsus, milli-mənəvi, əxlaqı dəyərləri özündə cəmləşdirmiş bir ana idi. İşinin çox olmasına baxmayaraq, onun gözəl övladlar yetişdirməsi və ictimai fəaliyyəti bu gün də örnək olacaq bir fəaliyyətdir. Və təbii ki, müasir Azərbaycanın qurucu lideri, millətimizin qəhrəmanlıq, qalibiyyət tarixini özünə qaytarmaqla tarix yazan dövlət xadimi, Prezident İlham Əliyevin şəxsiyyət kimi formalaşmasında Zərifə Xanım Əliyevanın müstəsna rolunu qeyd etməmək olmaz. O, əməli işin xoş təəsüratları ilə hamının qəlbində daim yaşayır və yaşayacaqdır.

18.04.2025


[email protected]