"...Çünki sən də, dünyada yerin də yeganə və bənzərsizdir!"
Nuriyeva Aysel Vasif qızı
Mətbuat işçisi, "SÜLHÜN MEMARI: İLHAM ƏLİYEV" media
mükafatı laureatı
"Həyatda hər kəsin yerini və taleyini tarix müəyyən edir. Odur ki, nə böyük, nə kiçik rollar olmur. Öz həyat kitabını yazmağa ancaq sənin şəxsi, dərk edilmiş məsuliyyətin imkan verir. Bu kitabda hər bir kəs özünü şəxsi həyatının və dünyanın qurub-yaradıcısı, yaxud dağıdıcısı kimi təcəssüm etdirir. Kimsənsə, elə də olmalısan, bax, budur bizim həyatımız. Ona görə də özgələrin rollarını və obrazlarını gərək öz üzərinə götürməyəsən. Çünki sən də, dünyada yerin də yeganə və bənzərsizdir!".
Bu dəyərli sözlərin müəllifi Mehriban Əliyeva bu gün öz obrazını yaradır, həyat kitabını yazır. Bu isə şəxsi həyatının və dünyanın qurub-yaradıcısı kimi özünü təcəssüm etdirən Mehriban xanımın dünyadakı yerini yeganə və bənzərsiz edir... Bütün bu uğurların arxasında isə həyatsevərlik, vətənpərvərlik, yaxşı əməllər və bir də böyük zəhmət dayanır. Bir amil də var: Tale ulduzu. Mehriban xanım tale ulduzunun işığında hər zaman parlayan simadır.
Adətən insan ömrünün müəyyən məqamlarında istər-istəməz geriyə boylanır, arxada qoyub gəldiklərini, olub-keçənləri saf-çürük edir.
Uşaqkən tanınmaq hər kəsə nəsib olmur. "Danışan məktub" qısametrajlı filmində rol alanda Mehriban xanım 10-11 yaşlarında idi. Mərhəmətli, mehriban, qayğıkeş bir qız cocuğunun xarakteri Mehribanın xarakteri ilə o qədər eynilik təşkil edirdi ki... Film ekranlarda nümayiş etdirildikdən sonra həyatda balaca Mehribanı yaxından tanıyanlar təəccüblərini gizlədə bilməmişdilər. O filmdə Mehriban xarakter baxımından sanki özünü oynayırdı. Bu balaca qızcığaz sonralar da heç dəyişmədi...
Mehriban Əliyeva 1982-ci ildə Bakı şəhəri 23 nömrəli orta məktəbi qızıl medalla bitirərək N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olmuş, 1988-ci ildə İ.M.Seçenov adına Moskva Dövlət Tibb İnstitutunu fərqlənmə diplomu ilə bitirmiş, 1990-1995-ci illərdə Moskvada akademik Krasnovun rəhbərliyi altında Göz Xəstəlikləri Elmi-Tədqiqat İnstitutunda işləmişdir. O, 2005-ci ildə "Eftanaziya və təbabətdə humanizm problemi" mövzusunda dissertasiya müdafiə edərək fəlsəfə elmləri namizədi, alimlik dərəcəsi almışdır.
Seçimini özü etsə də, həyatda yerini tarix müəyyənləşdirmiş, alın, tale yazısı isə yol-yoldaşı olmuşdu. İxtisasca həkim olan Mehriban xanım 1983-cü ildə İlham Əliyevlə ailə həyatı quranda fəaliyyət istiqamətinin dəyişəcəyinə əmin idi, bəlkə də. Çünki ulu öndər Heydər Əliyev kimi böyük şəxsiyyətin gəlini olması, xalqımız üçün gərəkli işlər görən Əliyevlərin zəhmət üzərində qurulmuş ailə ənənələri onu daha aktiv işlə məşğul olmağa sövq edirdi. Aktiv ictimai fəaliyyətə isə 1995-ci ildə hazırda rəhbərlik etdiyi Azərbaycan Mədəniyyət Fondunu yaratmaqla başladı, Mehriban xanım. 1996-cı ildə Azərbaycan mədəniyyətinin geniş təbliğ olunması məqsədilə üç dildə (Azərbaycan, ingilis və rus) çap olunan "Azərbaycan - İrs" jurnalını təsis etdi. Müsahibələrinin birində Mehriban Əliyeva Azərbaycan Mədəniyyət Fondunun və "Azərbaycan - İrs" jurnalının yaradılmasının səbəblərindən danışarkən demişdi: "Azərbaycan Mədəniyyətinin Dostları Fondunu yaradarkən onun məqsədi Azərbaycan mədəniyyətini təbliğ etmək, tanıtdırmaq idi. "İrs" jurnalını da mən elə onda təsis etdim. Jurnal, əslində Fondun fəaliyyətini işıqlandırmaqla məşğul olurdu və müəyyən bir mövzuya həsr edilən hər bir nömrə həm populyar, həm də tədqiqat materialı idi. İftixarla deyə bilərəm ki, Azərbaycan mədəniyyəti barədə bizdən əvvəl hələ heç kim belə şirin yazmayıbdır. Məsələn, miniatürdən və ya memarlıq abidələrindən yazmağı qarşımıza məqsəd qoyduqda, əməkdaşlığa, əslində həm akademiya alimlərini, həm jurnalistləri, həm də sənətşünasları cəlb etmişdik. Fond da, jurnal da kifayət qədər mürəkkəb vəzifələri yerinə yetirməli idi. O illər müstəqil Azərbaycanın təşəkkül illəri idi. Siyasi, iqtisadi dəyişikliklərlə yanaşı, köhnə ideologiyadan xilasolma prosesi də gedir, stereotiplər dağıdılırdı. Kifayət qədər təlatümlü həmin dövrdə mədəni irsimiz yenidən fikir süzgəcindən keçirilir, əzəli milli ənənələrə və köklərə qayıdılırdı".
Beləcə, ictimai işlərə fəal şəkildə qoşulan Mehriban xanım 1995-ci ildən başlayaraq uzun-uzadı bir yol keçdi, bir çox ilklərə imza atdı, ölkəmizdə, onun hüdudlarından kənarda tanındı, sevildi. İctimai fəaliyyətdən dövlət məmuru statusunadək yüksəldi. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti oldu. Bu illərin arxasında isə gərgin əmək və zəhmət dururdu.
Birinci xanım missiyasının çətinliyi barədə ABŞ-ın keçmiş prezidenti Ronald Reyqanın həyat yoldaşı, zamanının tanınmış aktrisası Nensi Reyqan illər sonra öz xatirələrində yazırdı: "1981-ci ilin yanvarında Vaşinqtona köçəndə, həqiqətən, elə düşünürdüm ki, ölkənin birinci xanımı olmağın bütün tələb və çətinliklərini yaxşı başa düşürəm... Amma elə ilk anlardan başa düşdüm ki, heç nə, heç bir həyat təcrübəsi adamı ölkənin birinci xanımı olmağa hazırlamaq iqtidarında deyil!..".
Əgər bu, birinci xanım missiyasının həyata keçirilməsi sahəsində zəngin ənənələrin formalaşdığı, normaların mövcud olduğu bir ölkənin birinci xanım statusunun çətinliyi barədə etiraf kimi qəbul edilərsə, bu sahədə təcrübəsi olmayan, əksinə, Şərq ənənələri ilə zəngin olan Azərbaycanda birinci xanım ictimai vəzifəsi ilə bağlı ənənələri formalaşdırmağın nə qədər çətin olduğunu təsəvvür etmək mümkündür.
Bu məsələyə Azərbaycanın birinci xanımı, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın öz yanaşması var. O, müsahibələrinin birində demişdir: "Bu məsələdə hər bir ölkənin tarixi və mədəni xüsusiyyətləri rol oynayır. Elə cəmiyyətlər var ki, ənənəvi olaraq orada dövlət başçısının xanımı ictimai həyatda mühüm rol oynayır. Elə cəmiyyətlər də var ki, orada əksinə, ənənəyə görə belə hallar qəbul edilməmişdir və bu cəmiyyətlərdə birinci xanımlar fəal ictimai həyatda bir növ "kadr arxasında" qalırlar.
Mənim fikrimcə, bu məsələ hər bir halda subyektiv şəkildə həll edilir. O, ölkənin liderinin xanımının öz seçiminin nəticəsidir... Dövlət başçısının xanımı kimi mənim üçün həmişə ən vacib o olmuşdur ki, mən öz ölkəm üçün nə edə bilərəm...".
Mehriban xanım Əliyevanın Heydər Əliyev Fondunun prezidenti kimi fəaliyyəti isə ölçüyəgəlməzdir. Ümummilli lider Heydər Əliyevin zəngin irsinin öyrənilməsi, gənclərin milli dövlətçilik ideyaları ilə tərbiyə edilməsi, qloballaşmada milli-mənəvi dəyərlərin qorunub saxlanılması kimi mühüm məsələlərin həllini qarşısına məqsəd qoyan Fond, eyni zamanda elm, təhsil, mədəniyyət, səhiyyə, idman və ekologiya sahələrində də maraqlı layihələr həyata keçirir. Fondun məqsədyönlü fəaliyyəti nəticəsində bu qurum həm Azərbaycanda, həm də ondan kənarda da nüfuz qazanıb. Mehriban xanım Fondun fəaliyyətini bu cür xarakterizə edir: "Rəhbərlik etdiyim Heydər Əliyev Fondu artıq 13 ildir ki, öz fəaliyyətini humanizm prinsipləri əsasında qurub. Biz bu illər ərzində bir çox irimiqyaslı layihələr icra etmişik. Biz Azərbaycanın ictimai və siyasi həyatında fəal iştirak edirik. Biz infrastruktur layihələri icra edirik. Eyni zamanda biz 13 il ərzində ayrı-ayrı insanların problemlərinə heç zaman biganə qalmamışıq. İnsanlarla ünsiyyətdə olmaq, onları dinləmək və eşitmək, köməyə ehtiyacı olana kömək etmək, mənəvi dəstək vermək Heydər Əliyev Fondunun hər bir əməkdaşının birbaşa vəzifəsidir... Gündəlik fəaliyyətimizdə insansevərlik, mərhəmət, qarşılıqlı hörmət, mehribançılıq unudulmamalıdır. Əksinə, məhz bu mənəvi dəyərləri uca tutaraq ən yüksək qələbələr əldə etmək, ən böyük zirvələrə qalxmaq olar".
Heydər Əliyev Fondunun köməyilə tikilən məktəblər, uşaq bağçaları, mədəniyyət ocaqları, Azərbaycan mədəniyyətinin təbliği və milli irsimizin qorunması istiqamətində görülən möhtəşəm işlər, dünya mədəniyyətinə verdiyi töhfələr onu təkcə ictimai-siyasi xadim kimi yox, həm də görkəmli mədəniyyət hamisi kimi gözlərimizdə ucaldır. Mədəniyyətimizin köklərini minilliklərə bağlayan Mehriban xanım unudulmaqda, itib-batmaqda olan mədəniyyət incilərimizə həyat bəxş etdi, onları dünya arenasına çıxardı. O, bütün bunları sevərək, Azərbaycanı, onun gələcəyini düşünərək edir.
Hərdən düşünürsən, xoş bir təbəssüm, xoş bir söz olmasaydı, həyatımız necə də solğun, mənasız olardı. Dünyamıza günəş kimi doğan bu təbəssümlərdən aldığımız enerjidir bizi yaşadan. Bəlkə də bunun çox zaman heç fərqinə də varmırıq. Ancaq fiziki qüsurlu insanlarla, xüsusən də uşaqlarla tanışlıq bunun məhz belə olduğuna əminliyi bir daha artırır. Onların dünyasına düşəndə məhz bu "günəş təbəssümü"n sirrini də kəşf etmiş olursan. Daun sindromlu, serebral iflic və daha neçə-neçə çətin sağalan, yaxud da əlacı olmayan xəstəliklərdən əziyyət çəkən uşaqlarla hər bir görüş ürəyi həlim Mehriban xanıma da eyni hissləri yaşadır. Bəzən bizim zəif, əlacsız bildiyimiz o uşaqların bacarıqlarını görəndə uşaq kimi sevinir. Uşaq reabilitasiya, sağlamlıq mərkəzlərində müxtəlif xəstəliklərdən əziyyət çəkən uşaqların əl işlərinə heyrətini gizlədə bilməyən Mehriban xanım onların daxilində bizim bilmədiyimiz qədər dərin bir özünəinamın olduğuna əmin olur və bu, ona rahatlıq gətirir, üzündə təbəssüm yaradır, xoş kəlmələr, xoş sözlər dilə gəlir. Və onlar üçün həyat sanki yenidən başlayır. Ən başlıcası isə onlarla "sevgi dilində" danışır, çünki Mehriban xanımın qənaətincə, "xüsusi qayğıya ehtiyacı olan" yox, bu "xüsusi" insanların istedad və bacarıqlarına, habelə köməyinə, gülüşünə, ümumiyyətlə, varlıqlarına ehtiyacımız var.
Mehriban xanımın fəaliyyəti hər zaman yüksək dəyərləndirilib. Belə ki, 2014-cü ilin may ayında Azərbaycanın ictimai, sosial və mədəni həyatında fəal iştirakına, cəmiyyətin dinamik inkişafına verdiyi mühüm töhfələrə, Azərbaycan mədəniyyətinin dünyada təbliği sahəsində əvəzsiz xidmətlərinə, həmçinin ümumdünya mədəni irsinin qorunub saxlanılması işinə hərtərəfli dəstəyinə, sosial ədalət və humanizm prinsiplərinə sadiqliyinə görə "The Business Year" jurnalı tərəfindən "İlin Birinci xanımı" mükafatını alıb. 2015-ci ildə Azərbaycan Respublikasında mədəniyyətin, təhsilin, səhiyyənin və idmanın inkişafındakı səmərəli fəaliyyətinə, Azərbaycan xalqının mədəni irsinin beynəlxalq miqyasda geniş təbliğinə və Birinci Avropa Oyunlarının təşkilində böyük xidmətlərinə görə "Heydər Əliyev" ordeni, 2018-ci ildə İtaliyanın "Xidmətlərinə görə" Böyük Xaç Kavaleri ordeni, 2019-cu ildə isə Rusiya Federasiyasının "Dostluq ordeni" ilə mükafatlandırılıb. Ən böyük mükafat isə xalqın ona olan sevgisidir. Prezident İlham Əliyevin dediyi kimi: "Mehriban Əliyeva çox peşəkar, bilikli, təcrübəli, prinsipial bir insandır, eyni zamanda çox xeyirxah bir insandır və təsadüfi deyil ki, Azərbaycan xalqı ona çox böyük rəğbətlə, sevgi ilə yanaşır".
Bütün bunlarla yanaşı, Mehriban xanım qayğıkeş həyat yoldaşı, ana, sevimli nənədir. Ailə dəyərlərinə böyük hörmətlə yanaşan Mehriban xanım deyir: "Ailə mühitini müəyyənləşdirən amillər çoxdur, amma, yəqin ki, başlıcası bir ümumi dalğaya köklənən fikir və dəyərlərin birliyidir. Bir-birinə son dərəcə diqqətli münasibət çox vacibdir... Hər bir qadın üçün onun ailəsi, onun uşaqları həyatının ən vacib, ən mühüm hissəsidir. Mən özüm üç uşaq anası olaraq analıq missiyasını həyatımın ən vacib missiyası kimi dəyərləndirirəm... Mənim üçün çox vacibdir ki, həyat yoldaşım olduqca dalğın və gərgin iş günündən sonra evə gəlir və burada onu anlayır və dəstəkləyirlər, onu qiymətləndirir və sevirlər".
Maraqlı, dəyərli bir ömrün bəzi səhifələrini çevirdik, qəhrəmanımızın uğurlarına sevindik. Ancaq hələ hər şey qarşıdadır. Hələ çox işlər görəcək, çox ilklərə imza atacaq Mehriban xanım.
20.08.2025
[email protected]