Mərhəmət və gözəllik simvolu
Abdullayeva Lalə Yunis qızı
Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi
E.Qaranzadə adına 270 nömrəli tam orta məktəbin
kimya-biologiya fənn müəllimi
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın böyük ictimai məzmun daşıyan çoxşaxəli fəaliyyəti cəmiyyət həyatının bir çox istiqamətlərini əhatə edir, ən ali ideallara söykənir
“İşimizlə, ümidlə, inamla, nəzakətlə və sevgi ilə biz bütün problemləri həll edə və daha parlaq gələcək qura bilərik”. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevaya məxsus olan bu fikirlər həm də onun fəaliyyətinin məğzini, həyat kredosunu dəqiqliklə ifadə edir. Ümumiyyətlə, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın böyük ictimai məzmun daşıyan fəaliyyətinin miqyası, əhatə dairəsi kifayət qədər genişdir. Azərbaycan cəmiyyətinin istəyi və Leyla Əliyevanın çoxşaxəli fəaliyyəti sanki bir uyğunluq, harmoniya təşkil edir. Leyla Əliyevanın gördüyü işlər, reallaşdırdığı layihələr cəmiyyətin sosial sifarişini ifadə edir və buna görə də bizim hamımıza ruhən çox yaxındır. Hər kəs Leyla Əliyevanın timsalında onun sözünü deyən, onun müxtəlif məsələlərlə bağlı narahatlığını ifadə edən, daima daxili yanğı ilə, milli təəssübkeşliklə, tükənməz enerji və sevgi ilə bütün problemlərin həllinə can atan xeyirxah bir insanı görür.
Leyla Əliyevanın çoxşaxəli fəaliyyətindən bəhs edərkən IDEA (Ətraf mühitin mühafizəsi naminə beynəlxaq dialoq) İctimai Birliyinin fəaliyyətinə də ayrıca nəzər yetirmək lazımdır. IDEA Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 12 iyul 2011-ci ildə fəaliyyətə başlayıb. Təşkilatın əsas məqsədi ətraf mühit məsələləri və fəaliyyətlər barədə ictimai maarifləndirmə, gənclərlə əməkdaşlıq, ətraf mühit problemləri sahəsində təhsil və onlar üçün düzgün həllər tapmaqdır. IDEA ekoloji maariflənmə işini ailə, cəmiyyət və milli həyatın ən mühüm hissəsinə çevirmək üçün bütün fəaliyyətini gənclər üzərində qurub. Təşkilatın missiyası gənclərin regional və beynəlxalq səviyyədə real və virtual cəmiyyətlərinin yaradılması, ətraf mühitin qorunması ilə bağlı məlumatlar verən və praktik çağırışlar edən açıq dialoqlar vasitəsilə həmin cəmiyyətin inkişaf etdirilməsi, yerlərdə ekoloji maarifləndirmə işlərini həyata keçirmək üçün bu cəmiyyətin hər bir üzvünün lider kimi yetişməsini təmin etməkdir. Onu da qeyd edək ki, IDEA gənc nəsli müsbət və davamlı ekoloji dəyişiklik yaratmağa hazırlamaq naminə dialoq, fəaliyyət, liderlik və təhsil kimi başlıca prinsiplərə əsaslanır.
Ətraf mühitin mühafizəsi istiqamətində ali missiyalı fəaliyyətə malik olan IDEA-nın fəaliyyət dairəsi olduqca genişdir. Qeyd edək ki, ötən il Leyla Əliyevanın rəhbərlik etdiyi IDEA-nın Heyvanlara Qayğı Mərkəzinin açılışı olub. Əsası 2014-cü ildə qoyulmuş Mərkəz Bakı və ətraf ərazilərdə heyvanların müayinəsi və müalicəsi, eləcə də onların müvəqqəti saxlanması üçün nəzərdə tutulub. Bundan başqa, kompleks ərazisində pişik və itlər üçün yemlərin istehsalı üzrə fabrik tikilib.
IDEA ölkəmizin yaşıllaşdırılması üzrə də olduqca fəal təşəbbüslərlə çıxış edir. Təşkilatın təşəbbüsü və dəstəyi ilə indiyə qədər ölkəmizdə 15 milyondan çox ağac əkilib. Leyla Əliyevanın təşəbbüskarı olduğu “Məktəb bağları” layihəsi sosial və ekoloji layihələri özündə birləşdirir. Layihənin birinci aksiyası zamanı Bakı məktəblərindən birinin həyətində Leyla Əliyevanın iştirakı ilə 100 ədəd badam, gavalı və nar ağacı əkilib. IDEA İctimai Birliyi, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) və Təhsil Nazirliyinin birgə həyata keçirdiyi layihə çərçivəsində Göyçay, Şəmkir, Hacıqabul, Quba, Masallı, Oğuz və Zaqatala rayonlarında, eləcə də Bakının Xəzər rayonunda orta məktəblərin həyətlərində meyvə ağaclarının salınması nəzərdə tutulur. Leyla Əliyeva isə IDEA-nın fəaliyyətini xarakterizə edərkən xüsusi olaraq vurğulayıb ki, IDEA müasir dövrün çağırışlarına cavab təşəbbüsüdür: “İndi ekologiya və ətraf mühitin qorunması barədə hamı danışır. Bizim təşəbbüs isə dəb xatirinə deyildir, bu, nə isə real və hissolunan işlər görmək istəyidir. Mənim fikrimcə, bugünkü gəncləri bir məsələ narahat etməlidir: Sabah biz necə dünyada yaşayacağıq?! Bizi nələr gözləyir, ekoloji problemlərin nə kimi nəticələri ola bilər?! Biz planetimizə görə məsuliyyət hiss etməli və bioloji müxtəlifliyin, həyatımızı nəinki sağlam, həm də maraqlı və rəngarəng edən nə varsa hamısının qorunub saxlanmasına birgə töhfə verməliyik”.
Leyla Əliyevanın iştirakı ilə aprelin 13-də Bakı şəhərinin Nərimanov rayonunda yerləşən yeni açılan parkda layihə üzrə ağacların qeydiyyatı aparılıb, üzərinə nömrəli etiketlər vurulub. Eyni zamanda parkın ərazisində 50 ədəd zeytun ağacı əkilib.
IDEA İctimai Birliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, eləcə də yerli icra hakimiyyəti orqanları və bələdiyyələrin birgə əməkdaşlığı ilə həyata keçirilən layihənin əsas məqsədi yaşıllıqların mühafizəsinin dayanıqlığını təmin etmək, müdaxilə hallarının aradan qaldrılmasına, dəqiqləşdirilmiş inventarizasiya və reyestr platformasının formalaşdırılmasına, ictimai nəzarətin gücləndirilməsinə nail olmaqdır.
Qeyd edək ki, layihə çərçivəsində artıq “Şəhər yaşıllıqlarının reyestri” informasiya sistemi yaradılıb və Bakı şəhərinin Səbail rayonu ərazisində 25 minə yaxın ağac uçota alınıb, yaxın aylarda üzərlərinə nömrə lövhələri vurulmaqla inventarlaşma prosesinin tamamlanması nəzərdə tutulub.
Eyni zamanda, layihənin pilot mərhələdə icrası zamanı Nərimanov rayonu ərazisində yerləşən Atatürk parkı və abad həyət komplekslərində 2352 ağac uçota alınaraq inventarlaşdırılıb. İnventarlaşdırılmış ağacların üzərində hər bir ağacı identikləşdirən inventar lövhələri vurulub.
Ağaclar barədə məlumatların ictimaiyyətə açıq formada təqdim edilməsi məqsədilə www.agac.az portalı sınaq rejimində istifadəyə verilib. Təqdim olunan portal, Azərbaycan Respublikasının Prezidentinin 10 yanvar 2025-ci il tarixli, 282 nömrəli Fərmanı ilə Əsasnaməsi təsdiq edilmiş “Rəqəmsal ekologiya” informasiya sisteminin tərkib hissəsi olaraq yaradılmışdır.
Qeydiyyat işləri şəhərin inzibati ərazisində, o cümlədən park, yol kənarı və həyətyanı məhəllələrdə yerləşən bütün yaşıllıqlara şamil edilir. Proses əvvəlcədən təşkil edilmiş qruplar tərəfindən, hər bir ağacın üzərində xüsusi hazırlanmış nömrə etiketləri vurmaqla və həmin ağac barədə dürüst məlumatların elektron bazada yığılması ilə həyata keçirilir. Nömrələnmə ağaclara tam zərərsiz olan üsul ilə aparılır. Ağacın gövdəsinə vurulan etiketlər davamlı materialdan hazırlanır və üzərində ağacın nömrəsi və ağacın fərdi profilinə keçid üçün QR-kod əks olunur.
Bakıda ağacların qeydiyyatı və nömrələnməsi üzrə layihənin tərəfdaşları hər kəsi yaşıllıqların mühafizəsi və artırılmasına dəstək olmağa, təbiətimizin yaşıl gələcəyi naminə birləşməyə çağırır.
10.04.2025
[email protected]