Zəfərimiz, qürurumuz, mənəviyyatımız
Mənsimova Aytac Asif qızı
ADPU-nun Müasir Azərbaycan dili kafedrasının müəllimi
Ümummilli Lider Heydər Əliyevin şah əsəri olan müasir müstəqil Azərbaycan son üç ildə tarixi Zəfəri, eyni zamanda, bu Qələbənin yaratdığı reallıqlarla dünyanın diqqətindədir. Prezident İlham Əliyevin Sərəncamı ilə 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi hər bir sahədə qazanılan uğurların fonunda tarixi Zəfərimizə gedən yolu təhlil etmək imkanı qazandırır. Çoxəsrlik tariximizə Zəfər Gününü yazan 8 noyabr 2020-ci il tarixinin Azərbaycanın bu günü və gələcəyi üçün yaratıdığı imkanlardan bəhs edərkən hər birimiz böyük qürur hissi keçiririk.
Azərbaycan bu şanlı Zəfəri ilə 30 ilə yaxın işğal altında qalan torpaqları azad edərək soydaşlarımızın torpaq həsrətinə son qoymaqla yanaşı, 28 il kağız üzərində saralan BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsini təkbaşına icra etdi. Azərbaycan qalibiyyəti ilə sübut etdi ki, ədalət və beynəlxalq hüquq deyilən məfhumlar var, sadəcə bu prinsiplər zamana və məkana görə tətbiq edilir. Yəni qətnamələrin icrası üçün vahid mexanizm yoxdur. İkili standartlara əsaslanan siyasətin hökm sürdüyü dünyada hüquq problem yaşanır. BMT Təhlükəsizlik Şurasının Qarabağla bağlı qəbul etdiyi 4 qətnamənin hazırlanmasında və qəbulunda iştirak edən dövlətlərin hazırda tarixin arxivinə atılmış ATƏT-in Minsk qrupunun həmsədrləri olaraq bu sənədlərin icrasına dırnaqarası baxması, Ermənistana dəstək məqsədilə işğalçının adının çəkilməsinin münaqişənin həllinə mane olmasını söyləməklə seyrçi mövqedə dayanmaları, məsuliyyəti tərəflərin özünün üzərinə qoyaraq bununla da missiyyalarını bitmiş hesab etmələri sonda 44 günlük İkinci Qarabağ müüharibəsinin yaşanmasına gətirib çıxardı.
Azərbaycan 30 ilə yaxın dövrdə dünyadan ədalət gözlədi. Kiçik dövlətlərə beynəlxalq hüquq dərsi keçən bəzi dünya gücləri özlərinə və havadarlıq etdikləri Ermənistana gəldikdə sanki bu prinsiplərin mövcud olmadığını düşünür, diqqəti yayındırmaq üçün əsassız fikirlər səsləndirdilər. 30 ilə yaxın işğal dövrünün reallıqları dünyada etimad mühitinin mövcudluğundan danışmağın mümkünsüzlüyünü təsdiq edir. Tarixi Zəfərimiz Azərbaycan dövlətinin qətiyyətinin, böyük səylərinin, ədalətə və beynəlxalq hüquqa söykənən təbliğatının nəticəsidir. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 2021-ci ildə Şuşada Vaqif Poeziya Günlərinin açılışı mərasimində söylədiyi bu fikirlər Azərbaycanın dünyaya ədalətin və beynəlxalq hüququn mövcud olduğunu necə sübut etdiyini açıqlayır: “İşğal dövründə bir çoxlarımız - həm keçmiş məcburi köçkünlər, həm bütün Azərbaycan xalqı, o cümlədən də mən dəfələrlə fikirləşirdik ki, dünyada ədalət yoxdur. Çünki ədalət olsaydı, biz bu vəziyyətə düşməzdik. Mən də o cümlədən belə fikirdə idim. Ancaq həyat göstərdi ki, ədalət var, sadəcə, dözümlü olmaq lazımdır, səbirli olmaq lazımdır, ədalətə inanmaq lazımdır və ədalətə nail olmaq üçün çalışmaq lazımdır, hədəfə doğru getmək lazımdır. Ədaləti bərpa etmək üçün fədakarlıq göstərmək lazımdır. Bu gün biz hamımız ürəyimizdə deyirik və açıq deyirik ki, bəli, ədalət var, ədalət bərpa edildi, biz bu gün Şuşadayıq və bundan sonra Şuşada əbədi yaşayacağıq.”
Dünyada baş verən müharibələrin təcrübəsi göstərir ki, qüdrətli ordunun mövcudluğu, xalqla birliyi, dövlətin siyasi, iqtisadi qüdrəti, insanların həmrəyliyi və mübarizlik əhval-ruhiyyəsi istənilən qələbənin qazanılması üçün baslıca şərtdir. Bu sınanmış hikməti hakimiyyətə gəldiyi ilk gündən siyasətinin əsas istiqamətləri kimi həyata keçirən Prezident İlham Əliyev dünyanı idarə edən dövlət başçıları arasında liderlik mövqeyini möhkəmləndirdi. Daim irəliyə baxdı. Ulu Öndər Heydər Əliyevin ordu quruculuğu istiqamətində apardığı siyasəti, islahatları müasir dövrün tələblərinə uyğun davam etdirən Prezident İlham Əliyev Ali Baş Komandan kimi ölkənin müdafiə qüdrətinin möhkəmləndirilməsinə, Silahlı Qüvvələrimizin ən müasir silah-sursatla, hərbi avadanlıqlarla təmin olunmasına xüsusi diqqət yetirməklə qələbə əzmində olan ordu formalaşdırdı. “Ordu quruculuğu mənim fəaliyyətimdə həmişə birinci yerdədir. Hərbiçilər də, Azərbaycan xalqı da bunu bilir. Həmişə demişəm ki, ordumuz üçün nə lazımdırsa, biz onu edəcəyik. Biz güclü, qüdrətli ordu yaratmışıq. Bizim bütün silahlı birləşmələrimiz müasir standartlara cavab verir və döyüş tapşırığını şərəflə, vicdanla, cəsarətlə yerinə yetirir” söyləyən Prezident İlham Əliyevin sözlərini rəşadətli Milli Ordumuz döyüş meydanında hərbi üstünlüyü ilə təsdiqlədi. Ali Baş Komandanımızın rəhbərliyi ilə 44 gün davam edən müharibədə göstərdiyi döyüş taktikası ilə hamını təəccübləndirdi. Müasir dünya döyüş taktikasının modelinə malik olduğunu ortaya qoydu. Xalqımızın ordumuza inam və etibarı özünü doğrultdu. Haqqın və ədalətin bərpa edilməsi naminə başlanan müharibə xalq-iqtidar-ordu üçlüyünün qarşısıalınmaz yenilməz güc olduğunu bütün dünyaya bəyan etdi. Bütün dünya ictimaiyyəti müharibə dövründə xalqın gücünün hərb və müdafiə işinə səfərbər edilməsini gördü. 30 il işğal altında qalan Füzulini, Cəbrayılı, Zəngilanı, Ağdamı, Qubadlını, Kəlbəcəri, Laçını, Şuşanı, Hadrutu… düşməndən xilas edən Azərbaycan Ordusunun hər bir zabiti, əsgəri xalqımızın iftixar, qürur mənbəyinə çevrildi. Noyabrın 8-də Şuşanın, 9-da 70-dən artıq kəndin, 1 qəsəbənin, 8 strateji yüksəkliyin alınması, noyabrın10-da Ermənistanın ağ bayraq qaldıraraq kapitulyasiyaya imza atması tariximizə Zəfər həftəsi kimi yazıldı. Prezident İlham Əliyevin “Şuşanın işğaldan azad edilməsi bizim gücümüzü göstərdi, ordumuzun peşəkarlığını, hərbçilərimizin cəsarətini, qəhrəmanlığını göstərdi. Şuşanın götürülməsi çox böyük peşəkarlıq, cəsarət tələb edən əməliyyat idi. Əminəm ki, bu əməliyyat dünya hərb tarixində xüsusi yer tutacaqdır. Çünki bu əməliyyatı yalnız yüngül silahlarla silahlanmış bizim qəhrəman hərbçilərimiz dağlardan, meşələrdən, cığırlardan keçərək icra ediblər. Şuşanın işğaldan azad edilməsi bizim şanlı qələbəmizdir” sözləri Cıdır düzündə sərxoş halda yallı gedən Paşinyana, onu dəstəkləyən Fransaya, digər havadarlarına zərbə, tarixi dərs oldu.
Hər bir dövlətin, millətin varlığını təsdiqləyən, əsrdən əsrə, nəsildən nəslə ərmağan olan, varlığını bildirən bayraqlar ululardan miras qalan müqəddəs əmanət, varlıq simvoludur. Tarixdə adını yaşadan sərkərdələrin düşmən üzərində qələbəsinin zəfər müjdəçisi adlandırılan bayrağımız alınmaz qala kimi toxunulmaz sayılmış, ucadan uca hesab edilmişdir. Elə buna görə də daim başımızın üstündə saxladığımız bayrağımız sevincimizin ilk şahidi, qələbə müjdəçisi sayılır. Üçrəngli bayrağımız müstəqilliyimizin rəmzi kimi BMT- nin, Avropa Şurasının, üzvü olduğumuz digər beynəlxalq təşkilatların, ölkəmizi başqa respublikalarda təmsil edən səfirliklərimizin qarşısında əzəməti ilə Azərbaycanı təmsil edir, göz oxşayır. Şərəfimiz, müstəqilliyimizin əbədi qarantı olan bayrağımızın dalğalanması də əsrlər boyu xalqımızın azadlığının, müstəqil siyasətimizin, süverenliyimizin, bütün xalqlarla bərabər yaşamaq hüququmuzun ifadəsi, arzuların reallaşması oldu.
Son 4 ildə digər bayramlarımız kimi, 9 noyabr Bayraq Gününü də Zəfər ruhunda qeyd edirik. 44 günlük İkinci Qarabağ müharibəsinin hər gününü tariximizə Zəfər səhifəsi kimi yazan rəşadətli Azərbaycan Ordusu bu torpaqlara üçrənğli bayrağımızı sancmaqla işğalçı Ermənistana və ona havadarlıq edən dövlətlərə mesajlarını çatdırdı. Bu gün Azərbaycan bayrağı bütün işğaldan azad edilmiş torpaqlarımızda qürurla dalğanır. Bundan xoşbəxt nə ola bilər ki? Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev hər bir çıxışında, müsahibələrində bu çağırışı edir ki, hazırda dirçələn Qarabağ, Şərqi Zəngəzur Azərbaycanının gücünü göstərir. Biz istədiyimizə hər zaman nail oluruq.
08.11.2024
[email protected]