8 Noyabr - Zəfər Günümüzdür
Məmmədzadə İlhamə Aydsn qızı
Bakı şəhəri, K.Səfərəliyeva adına Uşaq Musiqi Məktəbinin xor müəllimi
Azərbaycan xalqının yenilməzliyinin, məğrurluğunun dünyaya təqdimatı sayılan tarixi Zəfərimizin dörd ili tamam olur. Dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin “Bu Zəfər bizimlə əbədi yaşayacaq” çağırışı Qələbəmizə gedən yolun və bundan sonrakı mərhələnin ümumiləşdirilmiş ifadəsidir. Böyük səylərin, qətiyyətin nəticəsi olan uğurlarımız hər zaman keçilən yola nəzər salmağı bir zərurət kimi qarşıya qoyur. Hesabat xarakteri daşıyan bayramlarımızda, tarixi günlərdə Azərbaycanın sadalamaqla bitməyən uğurlarından bəhs etdikcə qürurlanır, hər günün tariximizə bir uğur səhifəsi kimi yazıldığının şahidinə çevrilirik. Bu gün Azərbaycanın bayramları sırasında Zəfər və Dövlət Suverenliyi Günü də var. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun qəhrəmanlığı, şücaəti nəticəsində tarixi Zəfərə imza atdıq, suverenliyimizi tam bərpa etdik. Təqvimimizdə bu bayram və Zəfər günləri ilə yanaşı, kədərli 27 Sentyabr - Anım Günü də var. Dövlətimizin başçısı İlham Əliyevin Sərəncamı ilə Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq 44 günlük İkinci Qarabağ müharibəsinin başlandığı 27 Sentyabr tarixi Anım Günü, Qələbəmizin əbədiləşdirilməsi məqsədilə Qarabağın tacı Şuşanın işğaldan azad edildiyi tarix - 8 Noyabr Zəfər Günü kimi təsis edildi. Bu tarix, eyni zamanda, Şuşa Şəhəri Günüdür. Prezident İlham Əliyevin işğaldan azad edilmiş ərazilərimiz üzrə şəhər günlərinin təsis edilməsi haqqında Sərəncamı tariximizin Zəfər səhifələrini vərəqləmək və gələcək nəsillərə çatdırmaq üçün hər birimizə çağırışdır.
Artıq 4 ildir ki, ərazilərimiz işğaldan azad edilib. 2020-ci ildə Vətən müharibəsində qazandığımız tarixi zəfərimizdən keçən 4 il ərzində Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının işğaldan azad edilmiş ərazilərində misli görünməmiş layihələrin icrası davam etdirilir.
Regionların inkişafı Qarabağın işğaldan azad edilməsi ilə yeni mərhələyə qədəm qoyub. Azərbaycan dövlətinin qarşısında Qarabağın aran və dağlıq hissəsi də daxil olmaqla, Şərqi Zəngəzur iqtisadi zonasının dirçəldilməsi kimi mühüm vəzifə dayanır. Bu müddət ərzində işğaldan azad edilən Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən sosial-iqtisadi layihələrgetdikcə daha çox öz bəhrəsini verir.
Qarabağ və Şərqi Zəngəzurun bərpasını daha tez başa çatdırmaq, insanların yurd həsrətinə tamamilə son qoymaq üçün işlər həm sürətli, həm də çox keyfiyyətli şəkildə davam etdirilir. Azad olunmuş ərazilərdə "ağıllı kənd"lər, "ağıllı şəhər"lər salınır, ən yüksək inkişaf etmiş texnologiyalar tətbiq edilir, müasir infrastruktur qurulur. Bu məqsədlə, Azərbaycanın dövlət büdcəsindən ayrılan vəsaitin həcmi də hər il artırılır. Azad olunmuş ərazilərdə mədəni, tarixi irsimizin qorunmasına da xüsusi diqqət yetirilir, tarixi abidələr bərpa edilir. Belə ki, ermənilər tərəfindən dağıdılmış yeddi məscid yenidən qurulub, səkkiz məscidin inşası davam edir. Hazırda Zəfər və İşğal muzeyləri, Zəfər parkları salınır. Ağdamın Cümə, Qiyaslı və Şuşanın Yuxarı və Aşağı Gövhər Ağa, Saatlı məscidləri, "Qarabağ" hoteli, Bülbülün ev-muzeyi və büstü, Molla Pənah Vaqifin məqbərəsi bərpa olunub. Dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin və Bülbülün ev-muzeyləri açılıb, heykəlləri qoyulub. Şuşada "Xarıbülbül" hoteli istifadəyə verilib, yeni hotel və muzey mərkəzi tikilib. Davamlı olaraq digər şəhər və kəndlərdə də dini tikililərin bərpası aparılır.
Əsas hədəflərdən biri azad edilmiş ərazilərdə bərpa-quruculuq işlərinin həyata keçirilməsi, soydaşlarımızın doğma yurd-yuvalarına qayıdışıdır. Son dörd il bu istiqamətdə qürurverici addımlarla tariximizə yazıldı. Hazırda Füzuli, Laçın, Şuşa, Xocalı, Cəbrayıl şəhərləri, Ağalı, Talış, Sus və Zabux kəndləri sakinlərinə qovuşub. Azərbaycanın hərbi-siyasi Qələbəsinin, Ermənistanın kapitulyasiyasının təsdiqi olan 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatın imzalanmasından 6 gün sonra noyabrın 16-da Müzəffər Ali Baş Komandan İlham Əliyevin Füzuli və Cəbrayıl rayonlarına, o cümlədən Füzuli və Cəbrayıl şəhərlərinə səfəri ilə başlayan bərpa-quruculuq işlərinin miqyası bu gün olduqca genişdir. Azad edilmiş ərazilərimiz müasir tələblər səviyyəsində yenidən qurulur, mərhələ-mərhələ sakinlərinə qovuşurlar. Böyük Qayıdış strategiyası yeni infrastrukturun yaradılması ilə yanaşı, işğaldan azad olunmuş əraziləri ümumilikdə regionun yeni inkişaf modelinə çevirməkdən ibarətdir. Qarabağ və Şərqi Zəngəzur cənnət məkana çevrilir. Bu günümüzün reallıqları Heydər Əliyev siyasətinin təntənəsidir. 1993-cü ildən başlanan inkişafın və quruculuq işlərinin məntiqi nəticəsi 8 Noyabr - Zəfər Günümüzdür. Dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qeyd etdiyi kimi, Şuşanın azad olunması, Ermənistanın kapitulyasiyası və ondan sonrakı tarix artıq göz qabağındadır. Əgər 2020-ci ilin noyabrından 2023-cü ilin sentyabrına qədər bütün addımları və uğurları təhlil etsək görərik ki, hər bir addım əvvəlki addımın məntiqi davamı idi və hər bir addımın son məqsədi 20 Sentyabr - Dövlət Suverenliyi Günü idi.
07.11.2024
[email protected]