İlham Əliyevin qurduğu yeni Laçın
Tağıyeva Şəhla Nurəddin qızı
Z.T.Yusifov adına 194 nömrəli tam orta məktəbin
ibtidai sinif müəllimi, "Zəfər" media mükafatı laureatı
Laçın şəhərində həyat artıq öz axarına düşüb. Azərbaycan dövlətinin gücünün, Prezident İlham Əliyevin qətiyyətinin nəticəsi olaraq qısa zamanda yenidən qurulan Laçın indi nəinki Qarabağ və Şərqi Zəngəzurun, bütövlükdə Cənubi Qafqaz regionunun ən gözəl şəhərlərindən birinə çevrilir, şöhrətini və ənənələrini özünə qaytarır.
Bu günlərdə Laçına səfər edərək şəhərin yeni növraqı ilə elə yerindəcə tanış olduq. Öncə onu qeyd edək ki, Şuşadan Laçına doğru irəlilədikcə bütün yolboyu Qarabağın və Şərqi Zəngəzurun füsunkar təbiəti, gözoxşayan dağları, yaşıl meşələri insanı nə qədər məftun edirsə, Laçın şəhəri də öz ecazkarlığı ilə insanı bir o qədər ovsunlayır. Şəhərə çatanda birdən-birə sanki sehrli aləmə düşürsən. Və o anda həm də düşmənin vaxtilə xaraba qoyduğu Laçını ən qısa müddətdə yenidən quran, onu gözəl şəhərə çevirən dövlətimizin gücünə və qüdrətinə heyran olursan.
Laçın rayonu Vətən müharibəsindən sonra imzalanan üçtərəfli Bəyanata əsasən, 2020-ci ildə işğaldan azad edilən sonuncu rayon oldu. Vətən müharibəsindən sonra Qarabağda qalmış ermənilər Ermənistana Laçın yolu vasitəsilə gedib-gəldikləri üçün Laçın şəhəri, Zabux və Sus kəndləri 2022-ci il avqustun 26-da tam şəkildə Azərbaycanın nəzarətinə keçdi. Həmin gün Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev rəsmi "X" (tviter) səhifəsində bununla bağlı paylaşımında yazmışdı: "Bu gün, avqustun 26-da biz - azərbaycanlılar Laçın şəhərinə qayıtmışıq. Azərbaycan Ordusu Laçın şəhərinə yerləşdi. Zabux və Sus kəndləri nəzarətə götürüldü. Bütün laçınlıları və Azərbaycan xalqını bu münasibətlə təbrik edirəm. Yaşasın Laçın! Yaşasın Azərbaycan!"
Həmin il sentyabrın 21-də isə Müzəffər Ali Baş Komandan Laçın şəhərində Azərbaycan bayrağını ucaltdı.
Laçın rayonu ilə bağlı diqqəti çəkən əsas məqam odur ki, həm rayonun özü, həm Laçın şəhəri, eləcə də Zabux və Sus kəndləri işğaldan nisbətən gec azad edilsələr də, artıq bu yerlərin sakinləri öz evlərinə geri qayıdıblar. Və hazırda Laçın 3 yaşayış məntəqəsinə sakinlərinin qayıdışı olduğu rayondur.
İşğal dövründə ermənilər tərəfindən Laçın şəhərinin böyük hissəsi tamamilə viran qoyulmuş, dağıdılmış, bəzi yerlərdə isə qanunsuz məskunlaşma aparılmışdı. İşğaldan azad edildikdən sonra şəhərdə dərhal bərpa və yenidənqurma işlərinə başlanıldı. Prezident İlham Əliyev 2022-ci il sentyabrın 21-də Laçından bəyan etmişdi ki, şəhərin bərpası ilə bağlı hazırlıq işləri görülür: "Mən avqustun 26-dan dərhal sonra buraya bir neçə qrup göndərmişəm, bütün yaşayış fondunun təhlili, uçotu aparılacaqdır, dəymiş ziyan hesablanacaqdır. Eyni zamanda təxirəsalınmaz işlərin görülməsi üçün təkliflər hazırlanacaqdır. Laçın şəhəri, Zabux kəndi, Sus kəndi, ilk növbədə, yenidən qurulacaq. Əminəm ki, biz buna tez bir zamanda nail olacağıq".
Həmin vaxtdan sonra Laçın şəhərinin bərpasına başlanılıb, qısa müddətdə genişmiqyaslı quruculuq layihələri həyata keçirilib. Belə ki, cəmi 7-8 ay ərzində şəhərin böyük hissəsi tamamilə yenidən qurulub, 764 ailənin yaşaya bilməsi təmin olunub. Laçın şəhərinə ilk köç isə bir il əvvələ - 2023-cü ilin may ayına təsadüf edib. Ötən il mayın 28-də Prezident İlham Əliyev Laçın şəhərinə ilk qayıdan sakinlərlə görüşüb, evlərin açarlarını onlara təqdim edib. Bundan sonra laçınlılar mərhələli şəkildə doğma yurda geri dönüblər. İndiyədək Laçın şəhərində 493 ailənin, yəni 1838 nəfərin, Zabux kəndində 217 ailə olmaqla 823 nəfərin daimi məskunlaşması təmin edilib. May ayının 10-da isə Sus kəndinə 20 ailə (75 nəfər) qayıdıb.
Laçın şəhərini gəzərkən diqqətimizi çəkən yalnız abadlıq və ətrafdakı çoxsaylı gözəlliklər olmadı. Diqqətimizi cəlb edən həm də öz doğma yurdlarına qayıdan laçınlıların çöhrəsindəki qürur və sevincdir. Bəli, onlar üçün doğma və əzəli yurdda həyat yenidən başlayıb. Laçın şəhərində sakinlərin rahatlığı və asudə vaxtları mənalı keçirmələri təmin olunub. Şəhərdə yerləşən "İslimi" Xalçaçılıq Mərkəzində artıq xalçalar toxunur. "Kapital Bank"ın Laçın filialı, həmçinin kitabxana rayon sakinlərinin xidmətindədir. Şəhərdə atelye də fəaliyyət göstərir. Bütün bunlarla yanaşı, Laçında yeniyetmə və gənclərin asudə vaxtlarının səmərəli təşkili, idman sahəsinə marağı və istedadı olanların aşkar edilməsi məqsədilə futbol klubu da yaradılıb. "Mərkiz" adlı klubun hədəfi Laçını futbol üzrə birinci liqada təmsil etməkdir. Öyrənirik ki, rayonda Laçın şəhəri-Zabux kəndi və Laçın şəhəri-Qarıkaha kəndi-"Zerti" Aqro-Sənaye Parkı müntəzəm marşrut xətləri də sakinlərin istifadəsinə verilib.
Şərqi Zəngəzurun bu dilbər ünvanı artıq mühüm, o cümlədən beynəlxalq tədbirlərə evsahibliyi edir. Aprelin 24-də "COP29 və Azərbaycan üçün Yaşıl Baxış" beynəlxalq forumu çərçivəsində Laçında 30 ölkədən 64 nüfuzlu ekspertin iştirakı ilə konfrans keçirilib. Mayın 11-də Şuşada başlayan "Xarıbülbül" VII Beynəlxalq Musiqi Festivalı isə mayın 13-də Laçında başa çatıb.
Şəhərdə əhalinin istirahətinin səmərəli təşkili istiqamətində də tədbirlər həyata keçirilir. Həkəri çayının sahilində yaradılan bulvar Laçın sakinlərinin və bura gələn qonaqların sevimli istirahət məkanlarındandır. Burada çay üzərində körpü inşa edilib, ətrafında yaşıllıqlar salınıb. Onu da qeyd edək ki, artıq vətəndaşlar fərdi minik avtomobilləri ilə Laçın şəhərinə səfər edə bilirlər. Laçın aeroportu istifadəyə verildikdən sonra buraya turist axınının çox olacağı gözlənilir.
Laçında əhalinin dayanıqlı məskunlaşmasında ən prioritet məsələlərdən biri məşğulluğun təmin edilməsidir. Sakinlər yeni yaradılan müəssisələrdə, o cümlədən Aqro-Sənaye Parkında işlə təmin edilirlər.
Bu gün Laçın rayonu özünün yeni dövrünə qədəm qoyub. İşğaldan azad olunmuş ərazilərimizin yenidən qurulmasını, bərpasını xüsusi diqqətdə saxlayan Prezident İlham Əliyev indiyədək Laçına bir neçə dəfə səfər edib. Prezidentin hər səfəri rayonun həyatında əlamətdar hadisəyə çevrilib. Düşmənin Laçına vurduğu yaralar aradan qaldırılır, rayon öz doğma sakinləri ilə yenidən dirçəlir.
Vətən müharibəsinə qədər mayın 18-ni Laçının işğalı günü kimi qarşılayırdıq. Artıq bu gün, necə deyərlər, tarixə qovuşub. Həm də indi Laçının yeni əlamətdar günü var: Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli "Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günlərinin təsis edilməsi haqqında" sərəncamına əsasən, avqustun 26-sı ölkəmizdə Laçın şəhəri günü kimi qeyd olunur.
Ecazkarlığı, gözəlliyi ilə hər kəsi məftun edən Laçından yüksək və xoş təəssüratlarla ayrıldıq. Bu şəhərdə gördüklərimizə görə həm qürurlandıq, həm də dövlətimizlə fəxr etdik. Laçının timsalında həm də bir daha əmin olduq ki, Prezident İlham Əliyevin müdrik rəhbərliyi ilə bütün Qarabağ və Şərqi Zəngəzura qayıdış tez bir zamanda tam təmin ediləcək.
[email protected]