Zərif olduğu qədər qətiyyətli və əzmkar Mehriban xanım

Əliyeva Təranə Talıb qızı
Lənkəran şəhər 9 saylı Körpələr evi-uşaq bagçasında musiqi rəhbəri


Min illər boyu qadınlar zərif olduqları qədər də qətiyyətli və əzmkar olublar. Azərbaycan xalqının da belə səciyyələndirilən xanımları tarix boyu həmişə olub. Həmin estafeti bu gün Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva çox böyük ləyaqətlə irəli aparır. Bu gün Azərbaycan qadının gözəlliyini, nəcibliyini, mübarizliyini və dünya görüşünü Azərbaycanın birinici xanımı Mehriban Əliyeva özündə təcəssüm etdirir.
Birinci xanımın istər mədəniyyət, istərsə də elm və təhsil sahələrinə ayırdığı diqqət və qayğısı Azərbaycan qadınının daxili dünyasının zənginliyi, elmi təfəkkürünün aliliyi və mərdliyindən xəbər verir. Praqmatiklik və siyasi çeviklik, qarşıya qoyulan məqsədlərin həyata keçirilmə və nəzərə alınma zərurətini diplomatik etiketlər çərçivəsində diqtə etmək məharəti, üstəlik də protokol qaydalarında bərabərhüquqlu tərəfdaş qismində etiraf etdirilmə səriştəsi Mehriban xanım Əliyevanın siyasi dünyagörüşünün diapazonunu ehtiva etməklə bərabər, həm də onun kübarlıq ranqında özünütəsdiqi oldu.
Bu gün müasir Azərbaycanda ictimai həyatın xüsusi bir sektoru olan xeyriyyəçilik institutu müasir dövrün reallıqları və tələblərinə uyğun olaraq inkişaf etdirilir. Tarixi ənənələrimizi dirçəldən və inkişaf etdirən, sosial-mənəvi tərəqqi üçün səmərəli vasitə yaradan xeyriyyəçilik institutunun rəhbəri isə Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevadır.
Qeyd edək ki, Heydər Əliyev Fondu nəcib, xeyirxah və humanist dəyərlərə söykənərək Ümummilli liderin zəngin dövlətçilik irsinin bütün dünyada tanıdılması istiqamətində ardıcıl fəaliyyət sərgiləyir. Mehriban xanım Əliyeva çoxşaxəli fəaliyyətində ulu öndərin zəngin dövlətçilik və idarəçilik fəlsəfəsinə əsaslanaraq milli-mənəvi və intellektual yüksəlişə xidmət edən ideyaların cəmiyyətdə daha da möhkəmlənməsinə çalışır.
Mehriban Əliyevanın fəaliyyətinin əsas istiqamətlərindən birini uşaq problemləri təşkil edir. Onun bu sahədəki xeyriyyəçilik işlərinə Azərbaycanın müxtəlif bölgələrində yeni məktəblərin, xəstəxanaların, klinikaların, musiqi məktəblərinin tikintisi daxildir.
2007-ci ildə paytaxt Bakıda pulsuz müalicə mərkəzi olan Talassemiya Mərkəzi tikilib. Fond tərəfindən eyni zamanda insulinlə təchiz və qanvermə üzrə layihələr də həyata keçirilib.
Mehriban Əliyeva mütəmadi olaraq qocalar evlərinə maddi və mənəvi yardımlar göstərir, onları dünya tibb elminin ən son nailiyyətləri olan zəruri tibbi avadanlıqlarla təchiz edir. Fondun təşəbbüsü ilə ana südü ilə qidalanma üzrə milli kampaniya həyata keçirilib, əlil uşaqların cəmiyyətə inteqrasiyası üçün yay düşərgəsi yaradılıb.
Fondun fəaliyyətində prioritet istiqamətlərdən biri də mədəniyyətdir. Mehriban Əliyevanın təşəbbüsü ilə Niaqarada Azərbaycan Muğamı Günləri keçirilib. Tədbir Şimali Amerikanın mədəniyyət həyatında mühüm hadisəyə çevrilib.
Fond Antonio Vivaldi, Corc Gerşvin konsertlərinə dəstək verib, Bakıda Muğam Mərkəzinin yaradılmasına təşəbbüs göstərib. Mehriban xanım Əliyeva dünyanın hər yerindən tanınmış musiqiçilərin iştirak etdiyi ənənəvi Qəbələ Musiqi Festivalını təşkil edir.
Mehriban Əliyeva Azərbaycan mədəniyyəti, musiqisi və tarixinə həsr edilmiş bir sıra kitabların nəşrinə də maliyyə dəstəyi göstərib.
Azərbaycanın birinci xanımı anlaşma və sülh uğrunda mübarizə aparan müxtəlif dinlər arasında dialoqa həsr olunmuş bir çox beynəlxalq konfransların təşəbbüskarı və təşkilatçısıdır.
Bütün dinlərə mənsub insanların mehriban şəraitdə yaşadıqları Azərbaycan müxtəlif dinlərin nümayəndələri arasında tolerant münasibətin parlaq nümunəsidir. Fondun "Azərbaycan - Tolerantlığın Ünvanı” layihəsi çərçivəsində qədim Buzovna Məscidi, Müqəddəs Məryəm Katolik Kilsəsi, pravoslav kilsəsi də daxil olmaqla bir neçə məscid və kilsə bərpa edilib.
Mehriban Əliyeva bəşəri irsin mühafizəsində də çox fəal iştirak edir. Onun dəstəyi ilə 14-cü əsrə aid Strasburq Kilsəsində 5 vitraj pəncərənin təmiri, Luvr Muzeyində və Versal Sarayında yenidənqurma işləri bu fəaliyyətin parlaq nümunəsidir.



[email protected]